ŞİRMƏMMƏD NƏZƏRLİ KİMDİR ( Bu sualın cavabı yazının içində)
Bədiiyaradıcılıq səni nə dərəcədə məşğul edir?
Ş.Nəzərli: Bədii yaradıcılıq həyatımın bir parçasıdır. Gələcək əsərlər məni qarabaqara izləyir, rahatlıq vermir. Yaza bidiklərim əsərlərə isə minnətdaram ki, məni rahat buraxıblar.
Azərbaycan müstəqillik qazananda və başımızın üstündə üçrəngli bayraq dalğalananda bilirsiz bu azadlığı mən ilk dəfə harada və necə hiss elədim? Əvvəllər cənub zonasına gedəndə 2-3 yerdə hərbi postlarda gərək xüsusi buraxılış (arayış) təqdim edəydin. Bir sütül rus soldatı çiynidəki avtomatı oynada-oynada səndən soruşurdu ki, doğma torpaqlara adlamaq üçün icazən var, ya yox?… Sonralar bu yolu ilk dəfə soldatsız, postsuz görəndə, müstəqilliyin şirinliyini daddım –gözəlmiş! Yaranmış bu ab-hava yazmaq üçün əl-qolumu bir az da açdı.
-Yazıçılar Birliyinin üzvüsən, amma nədənsə yaradıcılığının tanınması qayğısına qalmırsan.
Ş.Nəzərli: Özünü tanıtdırmaq böyük bacarıq tələb edir, mən isə bu işdə çox aciz adamam. Bir işi başlamazdan gərək ürəyində niyyət ola, sonra planlarını dilə gətirəsən və axırda onun icrasına başlayasan. Axı, tanınmaqla bağlı niyyətim olmayıb, həmişə həya eləmişəm, çəkinmişəm.Nə isə, bizim tərbiyəmiz görünür başqa cürdür… Madam söz düşüb,deyilə biləcək bir-iki faktı aça bilərəm.
Hekayələrim var. Moskvada yaşayanda “Yusifin qəmi” kitabımı (tamaşa mətnini) rus və Azərbaycan dillərində çap etdirdim. Amma Azərbaycan teatrları bu əsəri hələ də “həzm edə” bilmirlər.Halbuki, Mədəniyyət və Turizm Nazirliyinin ötənilki pyes müsabiqəsində seçilib mükafatlandırılan iki əsərdən biri də “Yusifin qəmi” idi. Ondan əvvəl 6-7 kitabım çap olunub.Onların sırasında “Nur sırası” kitabı maraqlı bir nəsil haqqında yazılmış publisistik əsərdir. Kitabı işləmək üçün Moskva – Tehran-Qum-Masallı-Bakı-Moskva marşrutunu keçmişəm…Çünki kitab müctəhid Fazil Lənkərani, onun müctəhid atası və müctəhid oğlu barəsindədir. Material toplayan zaman qəribə faktlarla üzləşdim və onlardan biri də buydu ki, müctəhid nəslinin-lənkəranilərin Lənkəran şəhərilə heç bir əlaqəsi yoxmuş…
“Çəkilməyən film” romanına 1995-ci ildə başlamışam.İlk iki hissəsini elə həmin il, 3-cü hissəni isə bu ilin əvvəlində bitirmişəm. Əsər təxəyyül qəhrəmanı olan kinorejissor Həmid Səfalının həyatından bəhs edir. …Həmid kafedə bir neçə cavan oğlan arasında gedən söhbəti qeyri-iradi eşidir.Bir gözəl xanımla olan eşq macərasının bütün faktlara görə öz həyat yoldaşına aid olduğunu yəqin edən Həmid onu qətlə yetirməyə qərar verir. Rejissor bunun üçün çox məharətlə ssenari ,hazırlayır.Beləliklə,evləndikləri on ilə yaxın müddətdə uşağı olmayan xanımı onun iş yoldaşlarının gözü qarşısında həlak olur. Bu qətl heç kimdə şübhə oyatmır.Amma o, təsadüfən biləndə ki, xanımının heç bir günahı yoxmuş, kafedə eşitdikləri isə sadəcə bir fakt uyğunluğudur və ən dəhşətlisi – arvadı boylu imiş, Həmid möhkəm psixoloji sarsıntı yaşayır.Dərin sarsıntı onu ruhi xəstəxanaya gətirib çıxarır. Xəstəxana isə onun yaşayıb-yaratdığı dünyadan tamam fərqli bir aləm imiş…(Romanın bu yerini yazmaq üçün bir müddət ruhi xəstəxanada “həkim” işləməli oldum). Müəyyən dövrdən sonra kino rejissoru Həmid yenidən əvvəlki sağlam həyata qayıdır. ”Çəkilməyən film” romanının üçüncü hissəsində o, tamam yeni düşüncəli, fərqli mənəviyyat sahibi kimi oxuculara təqdim edilir. Bu hissə mətbuatda yaxın zamanda dərc olunacağından haqqında dnışmaq istəmirəm, rəy söyləməyi oxucuların öhdəsinə buraxıram.
Amma mən ixtisasca jurnalistəm. Jurnalistlik elə yazıcılıq deməkdir.Fərq, məncə, onun operativliyindədir.Bir hekayə, povest… ola biləcək hadisəni elə həmin gün mətbuat üçün xəbər kimi hazırlamağa jurnalistika deyilir (məncə).Azərbaycan Jurnalistlər Birliyində işləyəndə respublika komsomolunun mərkəzi komitəsi Əfqanıstanda həlak olmuş hərbçilərimizin xatirəsini əbədiləşdirmək məqsədilə kitab tərtibatı üçün rəsmi qərar qəbul etdi (1989-cu ildə) və həmin qərara görə xatirə kitabını mən tərtib etməli idim. Kitab üzərində 3 il işlədim. Haqlarında məlumat və ya heç fotoşəkli belə olmayan gənclərimiz haqqında faktlar, şəkillər toplayıb kitabı tərtib edərək çapa hazırladım (Əfqanıstanda döyüşmüş təkcə bir azərbaycanlı zabitin sağ olub-olmamasını aydınlaşdırmaqdan ötrü iki dəfə öz hesabıma Moskvaya getməli oldum ). Ayrı-ayrı rayonlarda yaşayan həmkarlarım da kitab üçün material toplamaqda mənə yaxından kömək etdilər.Sanballı bir kitab alındı.Di gəl…həmin kitabın çapı hələ də reallaşmayıb – nə əlaqədar təşkilatlar, nə komsomolun varisi olan qurumlar, nə də imkanlılar bu işi əhəmiyyətli hesab etdilər.Kitab qalır…
–Fotoşəkil dedin, yadıma düşdü ki, sən həm də foto ilə məşğul olursan.
Ş.Nəzərli:Bəli, foto işini çox sevirəm. Fotoqraflar Birliyinin üzvüyəm.Son iki ildə iki dəfə sərgi təşkil etmək də qismətim olub. Doğrusu, fotosərgimdə rəssam Toğrul Nərimanbəyovu, yazıçı Anarı və digər istedadları görəndə fərəhlənmişəm. Eyni zamanda çox təəssüflənirəm ki, ölkəmizdə fotoqrafı və Fotoqraflar Birliyini) hələ də bir yaradıcı ( subyekt ) kimi qəbul etməkdə problemlər yaşanır.
–Deməli, sən üç yaradıcılıq birliyinin- Jurnalistlər, Yazıçılar və Fotoqraflar Birliklərinin üzvüsən. Üç peşənin öhdəsindən necə gəlirsən? Və ya bu təşkilatların üzvü olmaq sənə nə verir?
Ş.Nəzərli: Birliklərə məni birdən-birə və ya eyni zamanda üzv götürməyiblər. Jurnalistlər birliyinə 1977-ci ildən üzv olmuşam. Bədii yaradıcılığım ciddiləşəndə AYB-yə üzv oldum-1999-cu ildə. Foto işlərim bəyəniləndə AFB məni öz sıralarına götürdü. Amma mən bu üç sahənin hərəsində varam və yaradıcılığıma davam edirəm.Jurnalistikada gündəlik sözümü deyə bilirəm.Deyə bilmədiklərim olanda fotoaparat köməyimə çatır.Bədii əsərlər də öz yerində.Qaldı bu təşkilatların mənə nəsə verməyi. Onlardan ummaq özünü zəlalətə salmaq kimi bir şeydi. Mən hər şeydən əvvəl bu təşkilatlarda necə təmsil olunduğum barədə düşünürəm. Bax, Jurnalistlər Birliyində işləyəndə Rusiya paytaxtında yaxşı əlaqələr yarada bilmişdim. Təşkilatımız üçün mütəmadi olaraq bu ünsiyyətdən istifadə edirdim. Qismət oldu, üç il əvvəl bütün dünyada baxıla biləcək bir telekanalın Moskvada rəsmi qeydiyyatına nail oldum. Bu işin çətinliyi sözlə izah olunası deyil. Məqsədim o idi ki, gözəl, eyni zamanda da problemlər sırınmış Azərbaycanımızı bütün dünyada tanıtdırmaq üçün bir beynəlxalq tribunamız olsun. Telekanalın nizamnaməsinə görə, burada rus, Azrbaycan və ingilis dillərində rəngarəng proqramların yayımına imkan yaranmışdı. Aydın məsələdir ki, mənim maddi vəsaitimlə bu kanalı işə salmaq mümkün deyil. İmkanım yalnız Moskvada rəsmi qurumlara telekanalın işi ilə bağlı (statistika, vergi, sosial sığorta və s.) hesabat təqdim edən mühasibimə maaş veməyə çatır. Amma hər ölkədə olduğu kimi, Rusiyada da yeni təsis edilmiş təşkilatların işədüşmə müddətinin də bir həddi, limiti var…Ölkəmizdə bu telakanalı işlədə biləcək insanlara müraciətim nəticəsiz qaldı. Bundan sonra mən faydalı təşəbbüsün dəyəri haqqında nə fikirləşməliyəm?
–Şübhəsiz ki, həyatda zəhmətin həmişə zay olmayıb, sevindirici anlar da var yəqin?
Ş.Nəzərli:Şübhəsiz. Bakıda “Zaman” adında bir teatr var. Repertuarını yalnız din, əxlaq, mənəviyyat mövzusunda yazılmış əsərlər təşkil edir. O teatr ilk tamaşasını mənim əsərimlə başlayıb və sonra yenə yaradıcılığıma müraciət edib. Sevinc hissləri məni hələ də tərk etmir. Axı, səhnəmizin qapıları dini etiqadın üzünə bağlılığından keçən 70 illik fasilədən sonra ilk dəfə mənim birpərdəlik pyesimlə açıldı.
–Dost sarıdan necə, bəxtin gətirib?
Ş.Nəzərli: Bilirsən, Tofiq, indi bir çox şeylər əvvəlki məzmun və dəyərini ya itirib, ya da dəyişib. Mənim üçün dost həmişə o adam hesab olunub ki, sənin halını sən bu barədə danışmamış bilsin. Bu cür insanlar ötənlərdə az idi, indi heç soruşmuram da, var, ya yox. Təsəvvür elə ki, peşə fəaliyyətimlə bağlı olan (şəxsi işimlə yox ha !) qurumların rəhbərləri arasında keçmiş iş yoldaşarı, tanışlar, həmkarlar var. Ümumi işlə bağlı bir yaxşı təklif, təşəbbüs irəli sürməli oluram. Dərhal “oldu, baş üstə” eşidirsən. Sonrakı bir-iki xatırlama da beləcə havadan asılı qalır. Belə anlarda məyus olmuram, əksinə, düşünürəm Allaha şükür olsun ki, şəxsi işlərimə görə bu bürokratlara möhtac deyiləm.Deyilənlərə baxmayaraq dostsuz da deyiləm — bir-iki dostum var.
Sənin oğlunun xeyir işində, qismət oldu, iştirak elədim.Hətta toy haqqında “525-ci qəzet”də bir yazım da çıxdı. Paklığı, təmizliyi, lap deyərdim ruhaniliyi ilə fərqlənən bir toy idi. Yoxsa məni nə məcbur edirdi ki, götürüb toydan qəzetə yazım. Bu, toya görə əqidə nümayişiniz idi, yoxsa?..
Ş.Nəzərli: Xeyr, bu, toya görə əqidə nümayişi deyildi, əqidəmizin toyda görüntüsü idi. Bizim ailə dünyanın dünyəviliyini yox, əqidənin, imanın vacibliyini əsas tutur. Əxlaqımız İslam əxlaqıdır. İslamın bünövrəsi isə “oxu!” əmri olə qoyulub. Oxuyan öyrənər, elmli, bilikli olar. Bilik isə həm də mərifətdən, ədalətdən , sağlam həyat tərzindən ibarətdir.Təsadüfi deyil ki, İslamda deyilir: ”Hər açılan məktəb bir həbsxananın bağlanması deməkdir.” Ona görə də bu dünyaya “tranzit ölkə” kimi baxmağımızın yeri var. Yer planetində bir neçə dəfə sivilizasiya mövcud olub. Nə vaxtsa daha yenisi olacaq. Amma mən əminəm ki, o zaman maddiyyat olmayacaq. Yəni insanlar maddi sərvətlər naminə yox, mənəviyyat qazancı üçün yaşayacaqlar.(Bunu mən yox, ALİMLƏR deyir). Xoş həmin zaman əhlinin halına!
Tofiq ABDİN