Bakı, 9 aprel (AzərTAc). Aprelin 9-da M.S.Ordubadinin ev-muzeyində görkəmli yazıçı-dramaturq, teatr, kino xadimi, tərcüməçi və rejissor Cəfər Cabbarlının 115 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə muzeyin foyesindəki C.Cabbarlı guşəsinə baxmışlar.
Muzeyin direktoru Lalə Abaszadə və muzeyin bələdçisi İradə Vəliyeva C.Cabbarlının görkəmli yazıçı-dramaturq, teatr və kino xadimi, tərcüməçi, şair, jurnalist kimi xidmətlərindən danışmışdır.
Filologiya üzrə elmlər doktorları - C.Cabbarlı irsinin tədqiqatçısı Asif Rüstəmli, professor Himalay Qasımov və başqaları XX əsr Azərbaycan dramaturgiyasında, teatrında, kinosunda ilklərə imza qoyan qüdrətli sənətkarın həm də jurnalistlik və tərcüməçilik fəaliyyətindən söhbət açmışlar.
Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə bildirmişdir ki, erməni-müsəlman qırğınını, neft və milyonlar şəhəri olan Bakının kəşməkəşli həyatını əsərlərində böyük ustalıqla əks etdirmiş C.Cabbarlı ilk dəfə olaraq azərbaycanlı qızı İzzət Orucovanı kino ekranına və teatr səhnəsinə gətirməyə nail olmuşdur.
Xlaq artistləri-uzun illər C. Cabbarlının əsərlərinə səhnə təcəssümü verən, rejissor Ağakişi Rəhimov və Cabbarlının əsərlərində yaddaqalan obrazlar yaratmış Zərnigar Atakişiyeva ədibin parlaq ədəbi qəhrəmanlarından, hələ uzun illər bu əvəzsiz incilərin sənəmizə bəzək olacağından danışmışlar.
Bildirilmişdir ki, ədib tərcüməçi kimi də eyni fədakarlıqla Azərbaycan səhnəsində Şekspirin “Otello”sunu, Şillerin “Qaçaqlar”ını və digər xarici ölkələrin yazıçılarının əsərlərini azərbaycanlı teatrsevərlərə tanıtmışdır.
Tədbirdə böyük ədibin poeziyasından nümunələr və şeirlərinə yazılmış mahnılar səsləndirilmişdir.
Sonda dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı babasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirmişdir.
Zərəngiz Mansurova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə