Aprel ayının 24-25-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliyi və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi”” adlı Beynəlxalq konfrans keçirildi.
Layihənin əsas məqsədi müasir Azərbaycan və Türkiyə ədəbiyyatında yer alan erməni məsələsini geniş ədəbi mühitdə müzakirə obyektinə çevirərək bu məsələni hər iki ölkə ictimaiyyətinin diqqətində saxlamaqdır. Digər bir məqsəd isə hər iki ölkənin ədəbi mühitinin erməni məsələsinə baxışını, bu istiqamətdə hansı dəyərli əsərlərin olduğunu müəyyənləşdirmək və onları ölkə ictimaiyyətinə təqdim etməkdir.
Konfransda ölkəmizdən və Türkiyədən bir çox Universitet və araşdırma mərkəzlərindən çox saylı alim və tədqiqatçılar, o cümlədən ədəbiyyatda erməni məsələsilə bağlı tədqiqat aparan elm adamları, yazıçı, şair, publisist və jurnalistlər iştirak edirdilər.
Konfransı giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, tənqidçi-alim Arif Əmrahoğlu açdı: “Bu gün əlamətdar bir gündür. Biz bu gün yaddaşımızı, o yaddaşımızdakı ağrının səbəbini çözələyirik və aydınlıq gətiririk. Erməni ədəbiyyatından danışanda qeyd etmək istərdim ki, XIX əsrə qədər ermənilər əsərlərini türk, Azərbaycan dilində yazıblar. Sayat Nova və başqaları buna əyani misaldır. Tarix boyu ermənilər Vətən yaratmağa çalışıblar. Onlar həmişə tarix əsərləri yazıblar. Amma Azərbaycan, türk ədəbiyyatında tarix boyu erməni xalqı aşağılanan fakt tapmaq mümkün deyil. Dözümlülük türk, Azərbaycan ədəbiyyatının səciyyəvi cəhətlərindəndir. Bəzən o qədər ifrata varırıq ki, dözümlülüyümüz, yazdıqlarımız bizim ziyanımıza işləyir. Türkiyədə Ziya Göyalp onu mühakimə edən hakimə cavab verir ki, “ermənilər bizi qırdılar, biz də onlara cavab verdik”. Xaqanidən, Nizamidən tutmuş M.F. Axundzadəyə qədər bütün yazarların əsərlərində erməni obrazı var. C.Məmmədquluzadənin “Kamança” əsərində kamança çalan yox, kamançanın səsi ilə yetişən azərbaycanlı obrazı canlanır. Torpağının iyirmi faizi işğal olunan ölkədə müharibə əleyhinə təbliğat aparmaq olmaz.”
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca çıxışında
uydurma soyqırım məsələsindən, Xocalı, Quba qətliamlarından söz açdı, müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsindən bəhs edən əsərlərin yazılmasının vacibliyini vurğuladı.
Konfransın açılış hissəsində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Alper Coşkun, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəsi Səadəttin Topukçu, Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyinin sədri Məmmədəli Babaşlı,”Azərbaycan” Universitetinin rektoru Eldar Qəhrəmanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru Vilayət Əliyev, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Həvva Məmmədova, İstanbul Universitetinin professoru Ali Arslan çıxış edərək “erməni
məsələsi”nin Azərbaycan və Türkiyə ədəbiyyatında təşəkkül tarixi və təkamül mərhələlərinin səciyyəvi cəhətlərinə toxundular.
Çıxışçılar tərəfindən vurğulandı ki, cəmiyyəti narahat edən ciddi məsələlər, adətən, bədii fikrin də qayğısına çevrilir. Buna görədir ki, uzun illərdən bəri erməni millətçiləri tərəfindən körüklənən və böyük faciələrlə nəticələnən erməni-türk qarşıdurması həm Azərbaycan, həm də Türkiyə ədəbiyyatında öz əksini tapmışdır. Problemin tarixi, siyasi, sosial və etnik aspektləri hər iki ölkənin alimləri, mütəxəssisləri tərəfindən müəyyən dərəcədə birlikdə müzakirə olunsa da, bədii təcrübənin ortaq təhlilinə indiyə qədər diqqət yetirilməmişdir. Buna görə də ədəbi ictimaiyyətin iştirakı ilə bu əsərləri birlikdə müzakirə etməyə, bədii təcrübəni ümumiləşdirməyə, qiymətləndirməyə aşkar ehtiyac var.
Konfransda professor Akif Hüseynli “Torpağın həqiqəti və erməni xisləti”, f.e.d. Tehran Əlişanoğlu “Erməni obrazı Azərbaycan nəsrində”, prof.dr. Ali Arslan “Etkin devletlerin ermeni meselesindeki rolleri”, f.ü.f.d., dosent Əziz Ələkbərli ”Azərbaycan ədəbiyyatında erməni məsələsi. Tarixi həqiqətlər bədii həqiqətlərə niyə çevrilə bilmir?”, f.e.d. Elçin Mehrəliyev “Erməni məsələsinin Azərbaycan milli ədəbi məfkurəsinə təsiri: dünən və bu gün”, doç. dr. Yunus Ayata “Anılarda son erməni romanında erməni məsələsi və türk erməni ilişkiləri”, f.ü.f.d. Fazil Güney “Roman janrı ermənizmin iç üzünün açılmasında əlverişli vasitədir”, dosent Muharrem Kaplan “Elif Şafakın “Baba və Piç” romanında erməni məsələsi”, prof. Almaz Ülvi “Ulu türk yurdu Göyçə mahalında daşnakların əhaliyə təcavüzü və ədəbiyyat”, t.e.d., prof. Şahin Fazil “Qarabağ mövzulu şeirlərim, yaxud dörd şeirdən sətirlər”, prof.dr.Halil Bal “Birinci dünya savaşı dönəmində Doğu Anadoluda ermeni meselesi (1914-1918) ile ilgili bir roman: Barboros Baykaranın nefret körpüsü”, f.ü.f.d. Elnarə Akimova “Çağdaş Azərbaycan poeziyasında erməni məsələsi”, f.e.d. Təyyar Salamoğlu “Müasir Azərbaycan nəsrində erməni məsələsi tarixi və çağdaş zaman kontekstlərində”, t.e.d. prof. Qasım Hacıyev “Ermənilər tarix səhnəsində qalmaları üçün türklərə borcludurlar”, f.ü.f.d. Qurban Bayramov “Müasir Azərbaycan ədəbiyyatında erməni xislətinin ifşası”, doç. dr. Barış Özdal “Yusif Hikmet Bayurun əsərlərində ermeni sorunu”, Eyvaz Zeynalov “Eyvaz Zeynalovun hekayələrində Qarabağ mövzusu”, Seçil Özdemir “Ermeni komita ve propaqanda faaliyetlerinin hatıratlarda yeri”, yrd. doç.dr. Ömer Solak “II Tanzimat ve II Meşrutiyet romanlarında ermeniler: Hanenin dışına doğru”, f.ü.f.d. Məlahət Babayeva “Xocalı “Xəcalət”i”, f.ü.f.d., dosent Məhsəti İsmayıl “Şifahi ədəbi nümunələrdə erməni zülmünün inikası” mövzularda məruzə etmişlər.
Məlahət Qənbərova
AYB Mətbuat Xidməti