Azərbaycan Yazıçılar Biriliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza Gəncə şəhərinə səfər ediblər.
Şəhərin girişində qarşılanan qonaqlar öncə dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, məzarına gül dəstələri qoyublar. “Odlar Yurdu” Gəncər İctimai Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyilə Xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayevlə Gəncə şəhərində oxucuların görüşü keçirilib. Yeni Azərbaycan Partiyasında təşkil olunmuş görüşdə beş yüz nəfərə yaxın oxucu iştirak edib. Tədbiri giriş sözü ilə açan “Odlar Yurdu” İctimai Birliyin sədri Nigar Ələsgərova qonaqları salamladıqdan sonra Çingiz Abdullayevi Gəncə şəhərində görməkdən böyük məmnunluq hissi keçirdiklərini bildirib. Çıxışında görüşün təşkilindəki dəstək üçün Yazıçılar Birliyinin Mətbuat Xidmətinə minnətdarlığını bildirən Nigar xanım sonra sözü Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərova verib. M.Cəfərov çıxışında gəncəlilərin bu görüşü çoxdan gözlədiyini bildirib. Daha sonra söz Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rzaya verilib. Gəncəliləri salamlayan, Xalq yazıçısına göstərilən diqqət üçün minnətdarlığını bildirən Xəyal Rza Çingiz Abdullayevin yaradıçılığılı haqqında söz açıb və çıxışı zamanı Gəncə İcra Hakimiyyətinə, eyni zamanda “Odlar Yudu” GİB-nə təşəkkürünü bildirib. Sonra söz Xalq yazıçısı Çingiz Abdullayevə verilib. Ç.Abdullayev dünya ədəbiyyatından, Azərbaycan ədəbiyyatından, kitabın önəmindən, kitab oxumağın vacibliyindən danışıb. Kitab dükanlarının az olmasının ciddi problem olduğunu vurğulayan Xalq yazıçısı bölgələrdə bu məsələyə önəm verilməli olduğunu qeyd edib. Tədbirin sonunda Çingiz Abdullayev oxucuları maraqlandıran bütün suallara cavab verib, onların gətirdikləri kitabları imzalayıb və xatirə şəkilləri çəkdirib.
AYB Mətbuat Xidməti