May ayının 19-da XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, xalq şairi Rəsul Rzanın anadan olması münasibətilə şairin xatirəsini anma mərasimi keçirildi.
Mərasim iştirakçıları şairin Fəxri Xiyabandakı məzarını ziyarət edərək, üzərinə gül dəstəsi düzdülər.
Sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Azərbaycan İncəsənət Gimnaziyasında Beynəlxalq Rəsul Rza ədəbi mükafatlarının 2014-cü il üzrə qaliblərinə təqdimat mərasimi keçirildi.
Tədbirdə xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin həyat və yaradıcılığından bəhs edən slayd nümayiş etdirildi və Azərbaycan İncəsənət Gimnaziyasının tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya təqdim olundu. Fidan Qədimli və başqa tələbələr şairin poeziyasından nümunələr səsləndirdilər, şeirlərinə bəstələnmiş mahnıları ifa etdilər.
Tədbirdə çıxış edən f.e.d. Nizaməddin Şəmsizadə mütəfəkkir şair Rəsul Rza poeziyasının müasirliyindən, novatorluğundan söz açdı: “Rəsul Rza və Nigar Rəfibəyli mənim ən sevimli şairlərimdəndir. 60-cı illər poeziyasının əsasını qoyan Rəsul Rzadır. Onun poeziyası novator poeziyadır. O, fəlsəfi-intellektual şeirimizin banisidir. Rəsul Rza rənglərin poetik fəlsəfəsini qələmə alıb”.
Tədbirdə Elçin İsgəndərzadə çıxış edərək unudulmaz şair Rəsul Rzanın yaradıcılığından danışdı, şairin poeziyası haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdü, tərtib etdiyi “Rənglər. Beynəlxalıq Rəsul Rza mükafatı laureatlarının şeir antologiyası” kitabını iştirakçılara təqdim etdi.
“Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən nəşr olunan kitabın redaktoru Rəşad Məcid, ön sözün müəllifi xalq şairi Fikrət Qocadır.
Sonra Rəşad Məcid Beynəlxalq Rəsul Rza ədəbi mükafatlarının 2014 –cü il üzrə qaliblərinə diplomları təqdim etdi. Fərqanə Mehdiyeva, Südabə Sərvi, Dayandur Sevgin, Zakir Məmməd, Minaxanım Təkləli, Salatın Əhmədli, Çingiz Əsədullayev mükafata layiq görüldülər.
Tədbirin sonunda çıxış edən xalq yazıçısı Anar Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatlarını təbrik etdi, Azərbaycan İncəsənət Gimnaziyasının müəllim və tələbələrinə, iştirakçılara Rəsul Rzanı unutmadıqları üçün, yaradıcılığına hörmətlə yanaşdıqları üçün təşəkkür etdi.
Məlahət Qəmbərova
AYB Mətbuat Xidməti