Ötən il dekabr ayından fəaliyyətə başlayan AYB.az saytı Mətbuat Şurasının bu gün keçirilən iclasında quruma üzv qəbul edilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov AYB.az saytının operativliyindən, həyata keçirdiyi müsabiqələrdən, ədəbiyyatdakı önəmindən söz açıb. "Mən özüm də bu saytı müntəzəm olaraq izləyirəm. Hələ bir dəfə təşkil etdikləri Bir Bənd Şeir müsabiqəsinə şeirimi də göndərmişdim. Niyəsə qəbul etməmişdilər. Amma bilirəm ki, çox ədalətli saytdır. İstəyərəm ki, bununla bağlı münasibət bildirilsin. Gələcəkdə Mətbuat Şurasının bu saytla birgə layihələr həyata keçirməyinin də tərəfdarıyam." - deyə sədr bildirib. Daha sonra səs verməyə qoyularaq AYB.az saytı Mətbuat Şurasna üzv qəbul edilib. AYB.az saytının baş redaktoru Xəyal Rza Əflatun Amaşovun şeir müsabiqəsinə müraciət etməsindən xəbərsiz olduğunu bildirib: "Görünür siz şeiri göndərəndə hansısa texniki problem baxımından bizə çatmayıb. Müsabiqəyə qatılmaq istəyən hər kəsin şeirinə imkan yaratmışıq. Ancaq sizdən bizə elektiron məktub gəlməyib. İndi Ən Yaxşı Şeir müsabiqəsini keçiririk. Xahiş edirəm, yenidən şeirinizi göndərəsiniz. Mətbuat Şurasına üzv qəbul edilməyimiz münasibətilə hər kəsə minnətdarlığımı bildirirəm."
Xatırladaq ki, AYB.az saytı Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytıdır.
Qeyd edək ki, iclasda Azərbaycan Yazıçılar Birliyinin daha bir orqanı - "Azərbaycan" jurnalı da Mətbuat Şurasına üzv qəbul edilib.
AYB.az