Bu gün ön cəbhədən gələn ağır xəbərlərlə açdıq səhərimizi. Azərbaycanın Silahlı Qüvvələrinin ön cəbhədə şəhid olmuş 8 əsgəri hər kəsi məyus etdi. Sonra göy gurultusu... yağan yağış... telekanallarda isə çal-çağır... AYB.az saytı Azərbaycan Yazıçılar Bİrliyinin birinci katibi, xalq şairi Fikrət Qocadan cəbhədən gələn üzücü xəbərlərlə bağlı münasibət öyrənib.
“Bu gün Azərbaycan dili günüdür… Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü… VƏTƏN təkcə torpaq deyil... DİL də vətən deməkdir. Bu dilin uğrunda min dəfələrlə ölmüşük. Müharibə bu gün də davam edir. Bu, atəşkəs deyil. Balalarımız şəhid olurlar... Torpağımız, dilimiz uğrunda. Döyüşürlər və şəhid olurlar. VƏTƏN şəhidsiz olmaz, neyləyəsən...
Belə atəşkəs olmur... Bu, müharibədir. Biz təkcə erməniylə vuruşmuruq. Müharibə gedir. Hamımız - qocası da, cavanı da hazır olmalıyıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır. Ölməyə yox, qələbə qazanmağa hazır olmalıyıq. Və qalib də gələcəyik. O şəhidlərin əsgər paltarı geyinmiş qardaşları onların qanını alacaq.
Yağış da şəhid üçündür... yay gününün ortasında birdən birə göy də kövrəlib. Ağı deyir. Deyir, VƏTƏN sağ olsun.
Torpaq da bizim tərəfimizdədir, göy də. Səma bizim torpağımızın üstündədir. Neyləyəsən ki, düşmən gəlib oturub içimizdə.
Televiziya kanllarımıza gəlincə... Görünür bunlar oynamağa başlayanda dayana bilmirlər. Baxmayaraq ki, 8 şəhid vermişik, bunu bilə-bilə çalıb oynayırlar. Mən başqa yerə yoza bilmirəm telekanalların bu hərəkətini.”
AYB.az saytı Fikrət Qocanın iki gün öncə yazdığı “Ramzan ayında düşündüklərim” adlı şerindən bir parçanı təqdim edir. Qeyd edək ki, şeirin tam versiyasını “Azərbaycan” jurnalının avqust buraxılışında oxuya biləcəksiniz.
...Keçən əsirdə
İki dünya müharibəsindən
keçdi zaman.
Atom bombasından,
Nüvə hədəsindən
Keçdi zaman.
Düşünürdüm insan
Ən ali məxluqdur yer üzündə
Güc tapacaq özündə.
Qəlbini şumlayacaq, düzləyəcək.
Ruhunu təmizləyəcək.
qayğısız qalmış saflığını,
canıyla, qanıyla
oxşayıb əzizləyəcək,
ürəyində, beynində
haqqa, saflığa yol açacaq.
Saflıqdan insan mələk olacaq.
Səyyarələr arasında uçacaq.
İnsanı uçmağa qoymayan
Öz qəzəbi, kinidi.
Nifrət, qəzəb, kin
İnsanın ayağına bağlanmış
ağır daşlar kimidi.
İnsanı qol-qanad açmağa qoymur.
Yerdən ayrılmağa, uçmağa qoymur.
ümüdimin önündə
bir şam yandırmışdım,
özüm özümü inandırmışdım.
Kim məcbur edə bilər insanı.
Sən boynundan bu ağır daşı as!
İnsan içindəki pislikləri
İkinci minilliyə daşımaz.
Amma daşıdıq, daşıdıq!
Ərəb baharı ilə başladıq.
Sonra rəngbərəng,
inqilablar yaşadıq.
Mələr qoyduq insan balasını,
Ağlatdıq insanın anasını.
insan qanı ilə yuduq
ikinci minilliyin astanasını.
Əlimizi yumamışıq hələ
Belə görürəm
üçüncü dünya müharibəsinə
gedirik mərhələ-mərhəllə.
hamı görməzliyə vurub.
hamı guya sülhün tərəfində durub.
hər kəsin də əlində qoltuğunda,
arxasında güvəndiyi silahı.
xəlvət cinayəti, gizli günahı.
Allahım sən yaddan çıxmısan
hərə bir peyğəmbərin adamıdı.
Biri Məhəmmədin, biri İsanın,
biri Musanın...
Səma İnsan evinin damıdı.
Bəs adamı yoxdu
İnsan oğlu İnsanın?!
Dininə, dilinə,
mənzilinə
mərmi yağır.
“La İlahə İlallah” səsinə
mərmi yağır.
Hələ dini dili məlum olmayan
insan körpəsinə mərmi yağır.
Ağrıdan hansı dildə bağırsan, bağır!
Ağrının dili birdi.
Allah səni eşidəcək duyacaq.
Qorxuram bir gün Allah da
bizdən cana doyacaq.
Bizdən bezəcək Allahlığı bir yana qoyacaq.
Yer üzünü yana-yana qoyacaq…
Allah şəhidlərimizə rəhmət eləsin!
AYB.az