"Azərbaycan" jurnalının baş redaktor müavini, tanınmış tənqidçi Əsəd Cahangir son günlər "Azərbaycan" jurnalı haqqında müxtəlif saytlarda yazılanlarla bağlı məqalə hazırlayıb. AYB.az həmin məqaləni təqdim edir.



Son bir ayda “Azərbaycan” jurnalı haqqında saytlarda ardıcıl yazılar dərc olundu və hətta rəy sorğusu da keçirildi.  Və ədəbi mövqe, yaş, sosial mənsubiyyət baxımından fərqlənən bu adamların baxışları bəzi istisnanları çıxmaqla əsasən eynidir - jurnal zəif dərc olunur, yeniləşmə olmalıdır, istər kadrlar, istərsə də  məzmun baxımından, heç olmasa dizayn cəhətdən. Əlbəttə, həmişə olduğu kimi bu məsələdə də əks fikirdə olanlar da var– jurnalda vəziyyət nəinki düşünüldüyü qədər  acıancaqlı deyil,  hətta hər şey tamamilə normaldır və sair və ilaxir...

 Və təbiidir ki, bütün bu tənqidlərin (və eləcə də təriflərin) hədəfi kimi ilk növbədə jurnalın baş redaktoru İntiqam Qasımzadə göz önünə alınır. Sağ olsunlar, məni də unutmayanlar var:

Düzü, Əsəd Cahangir baş redaktorun müavini təyin edildikdən sonra düşünürdüm ki, burada irəliləyişlər olacaq. Ancaq görünən odur ki, hələki xüsusi bir dəyişiklik yoxdur”.- Rövşən Danyeri. Azvison.az saytı.

Və jurnal ətrafındakı müzakirələrə qoşulmağımın bir  səbəbi  də bilavasitə özümlə bağlı bu iradlardır.



Amma məsələ bundadır ki, istər əksər tənqidçi, istərsə də tərifçilər məsələyə birtərəfli baxırlar. Aleksandr Matrosovluq eləmək fikrim yoxdur, “Azərbaycan”ın ədəbi prosesə daha ciddi nüfuz etməsinə, canlı ədəbi həyatla daha dərindən nəfəs almasına, doğrudan da, ehtiyac var. Və odur ki, Elçin Mirzəbəyli jurnalın “əhatə dairəsinin kiçilməsindən”, onun “AYB-nin mətbəxindən kənara çıxa bilməməsindən” danışanda, məncə, müəyyən qədər haqlıdır. (Azvision. Az saytı).

Jurnal ətrafında gedən müzakirələrdə etiraz doğuran başqa şeydir. Ordan başlayım ki, kiçik istisnaları çıxmaqla bizdə normal polemika vərdişləri formalaşmayıb; ya birmənalı dost tərifi var, ya da düşməncəsinə tənqid; obyektiv təhlil yox dərəcəsindədir. Məsələn, Səxavət Sahil “Azərbaycan jurnalındakı “biabıçılıq”dan dolayı utanc hissi keçirməsindən yazanda mənim yadıma bir atalar məsəli düşür – babam mənə kor deyib, hər gələni vur deyib. Səxavət antik yunan mifləri ilə “Azərbaycan” jurnalı arasında çox səxavətlə anologiyalar aparıb, - “Ədəbi dərgilərin Zevsi sayılan “Azərbaycan” jurnalı potensial baxımdan hamısını kölgədə qoyur. Amma və lakin.. Gərək jurnalı qədim yunanların müqəddəs Leto çayının sularında yuyasan ki, yaddaşını unutsun. Biz də ədəbi “sırınma”lardan şəfəq ilahəsi Eosun yoluna çıxaq. İntiqam müəllim mənim nəzərimdə Persofonanı - “Azərbaycan” jurnalını qaçırıb yeraltı səltənətə aparan Aidə bənzəyir”,   deyəndə  isə buna savad nümayişindən başqa bir ad vermək olmur. Şəxsən, mənim üçün maraqlıdır - Səxavət niyə görəsən, antik bərbərliyi məhz “Azərbaycan”ın başında öyrənmək qərarına gəlib?  Qəzetlər padşahı Rzanın (“Məşədi İbad”) diliylə desək, başqa bir yerdə əda etməyə  qabil deyildimi? 

Yaxud Fazil Qəzənfəroğlu məsələni az qala kriminal müstəviyə keçirib deyəndə ki, “Azərbaycan” jurnalını çıxarmaqdan məqsəd dövlət büdcəsindən pul silməkdir, buna etiraz etməmək olmur. Çünki  dövlət əmlakını mənimsəmək artıq ədəbiyyat məsələsi yox, cinayət tərkibli ittihamdır, Fazil bəyin adi oxucu yox, Millət vəkili olması kimi ciddi məsələdir, sübut tələb edən işdir. Uzun illər professional siyasətlə məşğul olan bir  adam kimi Fazil bəy, təbiidir ki, bu məsələləri məndən (eləcə də hər hansı yazıçıdan) daha yaxşı bilir.

İkincisi isə, çoxlarından fərqli olaraq mən elə düşünmürəm ki, “Azərbaycan” jurnalındakı vəziyyət “biabırçılıq” sözünü işlətməyə imkan verəcək qədər acınacaqlıdır. Etiraf edim ki, keçən minillikdən (1999) bəri burda işləməyimə baxmayaraq, jurnalın indiki durumunda mənim də razılaşmadığım məqamlar var. Amma standart jurnal bir şeydir, biabırçılıq isə başqa şey. Belə tünd Rembrant boyalarına nə ehtiyac var ki? Məncə, nə varsa, onu demək və bu zaman adamın ən azı yaşına hörmət etmək lazımdır. İşçinin öz baş redaktoru barədə ictimai səviyyədə rəy deməsi qeyri-məqbul görünsə də, İntiqam müəllimin kifayət qədər təcrübəli, xüsusən də zövqlü bir naşir olduğunu inkar etmək yumşaq desək, ədalətsilik olardı. Odur ki, məsələnin bu tərəfini vurğulayan müzakirə iştirakçıları ilə razılaşmaq  lazımdır.

“İntiqam Qasımzadə mətni, sözü bilən adamdır. Hətta, ilk cümlədən bilir ki, kim nə yaza bilər...”. Oqtay Hacımusalı. Azvision.az saytı

Üçüncüsü, jurnalın necə çıxması nəticədir və bütün nəticələr səbəblərdən doğur. Gəlin, 1923-cü ildən nəşr olunan, uzun illər Azərbaycan mətbuatında ən nüfuzlu orqanlarından biri sayılan, bu gün də öz nüfuzunu müəyyən qədər qoruyub saxlayan, ən azı əksər romançıların dərc olunmaq istədiyi (bu yəqin ki, sadəcə qonorarla bağlı deyil!) “Azərbaycan” jurnalı haqda müəyyən mənfi rəylərin yaranmasının səbəblərini çözək.


Səbəblər sovet tarixşünaslarının diliylə desək,  iki cürdür – obyektiv və subyektiv. Obyektiv səbəblər özü də ədəbiyyatdankənar və ədəbiyyatdaxili olmaqla iki qismə bölünür.

1.Müstəqillik dövründə təkcə ədəbi-bədii dərgilər deyil, ümumən ədəbiyyat sövetlər zamanındakı imicini itirib. İndi məzarının başında bütün Azərbaycanın ağladığı Səməd Vurğun hanı? Bəs, yeddidən yetmişə hamının əzbər bildiyi “Azərbaycan” şeiri haradadır? Oxucu son 25 ildə baş verən qlobal olayların təsiriylə ədəbiyytadan uzaqlaşıb və yalnız indi-indi kitaba qayıtmağa başalyır. Konkret jurnala gələndə, sovet “Azərbaycan”ından fərqli olaraq, müstəqil “Azərbaycan” ölkənin hətta ən ucqar kəndlərindəki evlərin qapılarını icbari abunə yoluyla bircə-bircə açmaq imkanına malik deyil. İndi yurnal 70 min yox, vur-tut 1000 tirajla (70 dəfə az!) nəşr olunur. Və təbii ki, bütün bunların günahı nə “Azərbaycan” jurnalı, nə onun baş redaktoru, nə əməkdaşlarındadır.

2. Son 25 ildə medianın sürətli inkişafı, çoxsaylı telekanalların açılması, xüsusən də, yüksək interaktivliyə malik internetin yaranması diqqəti təkcə “Azərbaycan” jurnalı yox, ayda bir dəfə çıxan hər hansı dərgidən istər-istəməz yayındırır. Biz kütləvi informasiya mənbələrinin ildırım sürətiylə artdığı zamanda yaşayırıq, qapalı sovet mədəniyyəti yox, açıq dünya sivilizasiyasının adamlarıyıq. Bunun suçunu hansısa konkret jurnalın üstünə yıxmaq absurd bir şey, filin yükünü qarşıqanın belinə vurmaq deyilmi?

Bunlar “Azərbaycan” jurnalının “zəif çıxmasının” ədəbiyyatdankənar obyektiv səbəbləridir. Amma problemin yuxarıda dediyimiz kimi, ədəbiyyatdaxili obyektiv səbəbləri də var:

1.Diqqətin aylıq jurnallardan yayınmasına ən ciddi tövhəni verən təxminən son on ildə fəaliyyətə başalayn, son bir neçə ildə sürətlə artmağa başlayan bir sıra ədəbiyyat və mədəniyyət portalları (“Kult.az”, “Kulis.az”, “1937.az” və s. və s.) oldu. Əgər oxucu hər hansı informasiyanı hər dəqiqə yenilənən saytdan ala bilirsə, yaxud bu sayt vasitəsilə hər hansı bədii mətnlə daha operativ tanış olmaq imkanına malikdirsə, onda nəinki aylıq, nəinki həftəlik, hətta gündəlik mətbuat orqanına ehtiyacın kəskin azalması məntiqi deyilmi? Yaxud müəllif öz yazısını klavişlərin taqqıltısı qulağından getməmiş hansısa saytda dərc etdirə bilirsə, nə üçün bir ay (ən azı bir ay!) oturub “Azərbaycan” jurnalında dərc olunmaq növbəsi gözləməlidir? Üstəlik də o, aylıq jurnalla müqayisədə saytdan qat-qat artıq qonorar alırsa. Beləliklə, istər çağdaş oxucu, istərsə də müəllifin ayıq jurnala marağının azalması, tamamilə təbiidir və hansısa konkret jurnalla bağlı deyil.

Yeri gəlmişkən, çoxsaylı müzakirə iştirakçıları arasında problemin bu qlobal kulturoloji jönlərini nəzərdən qaçırmayanlar da var:

Azərbaycan" dərgisi bütün dünyada gedən "ədəbi böhran"ın "qurban"larındandır. Qalın ədəbi dərgilər qonşu Rusiyada da 500-1000 tirajla çıxır və get-gedə də oxucularını itirirlər. Bir tərəfdən ədəbiyyata marağın itməsi, digər yandan da internetdəki kreativ resursların artması, elektron dərgilərin, e-kitabxanaların, yazıçı saytlarının, ədəbi portalların get-gedə həm keyfiyyət, həm də kəmiyyət baxımından durmadan nüfuz qazanması, üstəlik də sosial şəbəkələr, yazıçı bloqları, telesseriallar və TV-lər birbaşa olaraq qalın dərgilərdən "oxucu qopartmaları" ilə məşğuldurlar.” Aydın Xan. Azvision.az saytı.

Lakin jurnalın hazırkı durumunu şərtləndirən səbəblər içində onun bilavasitə özü ilə bağlı subyektiv amillər də var. Və bunlar artıq Aydın Xanın diliylə desək, müasir dünyada gedən hansısa “ədəbi böhran”dan doğmur, yəni aradan qaldırılması mümkün səbəblərdir: 

  1. Çoxsaylı rəylərdən də göründüyü kimi jurnalın dizaynı dəyişməli, o, oxucuya  daha müasir, daha cəlbedici formada təqdim olunmalıdır. Ən adi məntiq var - əvvəl göz görür, sonra könül sevir. Bunun üçün Rusiya jurnallarının təcrübəsindən istifadə etmək olar. Hələ üç ay öncə bu təkliflə jurnalın rəhbərliyinə müraciət etsəm də, müsbət cavab almadım. İntiqam müəllimin təbiidir ki, bu məsələdə öz mövqeyi var – o, jurnalın illərdən bəri dəyişməyən dizaynına “ənənələrə sadəqət və sabit, oturuşmuş imic məsələsi” kimi baxır. Məncə isə  jurnalı Füzulinin qəzəlləri ilə açmaqdansa, onun dizaynını dahi şairin bu kredosu üstündə qurmaq klassikaya  hörmətin daha ciddi nümunəsi olardı:

Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur,
Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.

Əgər son on ildə öz dizaynını sürətlə dəyişən ölkəmizi göz önünə gətirsək, demək mümkündür ki, “Azərbaycan” öz adaşına o qədər də bənzəmir. 

2.Jurnalın sadəcə eksteryeri yox, interyeri dəyişməlidir. Ən ciddi məsələlərdən biri istedadlı gənc romançıların jurnala cəlb olunmasıdır. “Azərbaycan”ın bu gün istər ədəbi portallar, istərsə də mətbu orqanlar arasında müstəsna yeri, yeganə özəllyi  budur ki, o, roman dərc edən yeganə ədəbi-bədii orqandır. Roman onun nüvəsi, onun simasını təyin edən başlıca amildir. Hər sayda maraq doğuran romanın dərci kifayətdir ki, oxucu iki manatına heyfslənmədən “Azərbaycan”ı alıb alıb oxusun və jurnal xilas olsun.

Bu günlərdə gənclərdən Vüsal Nurunun Azərbaycan nəsri üçün yeni roman tipi olan qotik-triller üslublu “Prezidentin qızı” romanını oxudum və onun kitab şəklində işıq üzü görməzdən öncə jurnalda dərc olunmamasına təəssüf etdim. Məncə, bundan həm Vüsal, həm də jurnal ancaq qazanardı. Elxan Qaraqanın indiyəcən dörd-beş romanı dərc olunub və bunların arasında ən azı “Evakuasiya”nın jurnalda dərci mümkün idi. Eləcə də digərləri... Düzdür, gənclərin özəl jurnalı var – “Ulduz”, amma onun həcmi roman çap etməyə imkan vermədiyindən, bu işi, məncə, “Azərbaycan” öz üzərinə götürməlidir.

3.Jurnalda, tutaq ki,  1948-ci ildə yazılan “1984” romanı (C.Oruell) yox, ən son dövr, uzaqbaşı bir neçə ildə yazılan əsərlərin bədii tərcümələri verilsə, daha məntiqi olar, bu, jurnalın çağdaş dünya ədəbi-bədii prosesi ilə ayaqlaşmasının göstəricisinə çevrilərdi. Bundan əlavə Przedentin fərmanı ilə dünya ədəbiyyatı nümunələri tərcümələrinin 150 cildlik nəşri klassikanın aylıq jurnalda dərci zərurətini aradan qaldırır.

Tərcümə materialları tərcüməçilərin zövqü və istəyi yox, jurnalın özünün seçim və sifarişi əsasında müəyyənləşməlidir. Hər şeydən öncə orijinaldan edilən tərcümələrə önəm verilməlidir. Amma orijinaldan çevirmək adı altında zəif tərcümələrin (məsələn, Züskind, “Parfümer”) jurnalın səhifələrini zəbt etməsinə də imkan vermək ən optimal yol deyil.

4. İstənilən ədəbi-bədii dərginin oxucular  arasında geniş rezonans doğurmasını şərtləndirən amillər sırasında azad ruhlu, obyektiv tənqidi yazıların müstəsna rolu var. Söhbət qara piardan, söyüş, təhqirdən yox, etik əndazə həddini aşmayan, fakta söykənən azad tənqiddən gedir. Jurnalda isə ədəbiyyat tarixi ilə bağlı akademik üslublu yazılar, dissertasiya parçaları lazım olduğundan artıq dərc olunur, çağdaş ədəbi proseslə bağlı yazılara ehtiyac duyulur. Bəzən jurnal ən qabarıq ədəbi-bədi fakt və olaylara qarşı belə qəribə bir stoik mətanəti nümayiş etdirir.

5.  Müzakirələrdən də gördüyünüz kimi, poeziya məsələsi dizayn problemi ilə birlikdə jurnalın iki ən çox tənqid olunan tərəfindən biridir. Məncə, əyalət qafiyəpərdazlarına ayrılan yerdən kəsib, hər sayda ən azı bir gəncin modern ruh və üslublu şeirlərinə yer ayırmaq o qədər də çətin deyil. Bir neçə dəfə belə eləmişik və nəticə gözləniləndən də yaxşı olub. Məsələn, gənclərdən Emin Pirinin silsilə şeirlərinin dərci ədəbi camiə tərəfindən müsbət qarşılandı. Bu günlərdə “Və hamını unutmaq” şeirlər kitabı işıq üzü görən Pərviz Axundovun jurnalda dərc olunan şeirləri hətta televiziya işçilərinin diqqətini cəlb etdi və dəyərli Avdı Qoşqar gənc şair haqqında dövlət kanalında veriliş hazırladı. Növbəti sayda Aqşin Evrenin şeirləri dərc olunacaq və inanıram ki, onlar da eyni tərzdə qarşılanacaq.

6. Nəhayət, yaxın bir neçə ildə reallşacağına ümid etdiyim bir ideya irəli sürmək istəyirəm. Məncə, təkcə “Azərbaycan” jurnalı yox, ümumən Yazıçılar Birliyi orqanlarının sayt-portal versiyasına keçməsi məsələnin həllində ən optimal yoldur. Əlbəttə ki, AYB orqanlarının saytları var, amma bunlar mütəhərrik, dinamik, işlək deyil və bu, müasir sayt bolluğunda onları istər-istəməz autsayderlərə çevirir.

Elə güman eləməyin ki, bu yazıdakı mövqeyimi ədalət və həqiqətin son instansiyası sayıram. Bunları mənim subyektiv yanaşmam kimi dəyələndirənlər olsa, bunu tamamilə təbii qarşılayaram. Çünki hamı kimi mən də problemə öz münasibətimi ifadə edirəm. Ola bilsin ki, başqalarından bir az geniş danışdım. Çünki məsələ ilə bağlı fikirlərimi mümkün qədər hərtərəfli açılamaq istədim. Bu da təbiidir – həm Azərbaycanın tənqidçisi, həm də “Azərbaycan”ın əməkdaşıyam. Və hər iki mənada dartışılan problemin həllində özümü məsul şəxslərdən biri sayıram. Onu da güman eləmirəm ki, bir yazı ilə problem çözülür. Amma dünya ədəbiyyatında  ən optimist tragik sayılan Volterin “Kandid”inin son cümləsində deyildiyi kimi, istənilən halda biz bu bağı becərməliyik...      

Əsəd Cahangir
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə