AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, AYB Katibliyinin qərarı ilə bu vəzifəyə şairə Xəzangül Hüseynova təsdiq olunub.
Xəzangül Hüseynova bu gün Gəncə Dövlət Universitetində ədəbi ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, Gəncə bölməsinin sədri Məmməd Alim avqustun 29-da qəflətən dünyasını dəyişib. M.Alim 1989-cu ildən AYB-nin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı.
Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Borçalı qəzasının Qirixlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. 7 kitab müəllifidir. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. 2008-ci ildə Türkiyədə "Bitmeyen Hazan" (Ankara-2008 "Bengü" nəşriyyatı) adlı kitabı çap edilib. "Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncə C.Cabbarlı adına dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən Avrasiya Yazarlar Birliyinin üzvüdür.
AYB.az