Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi müvafiq dövlət strukturları ilə birgə əhatəli tədbirlər planı hazırlayıb. AYB.az mct.gov.az saytına istinadən xəbər verir ki, tədbirlər planına əsasən 24 sentyabr 2014-cü il, saat 19.00- da Beynəlxalq Muğam Mərkəzində görkəmli maarifçi-şair Mirzə Şəfi Vazehin 220 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Şairin şeirləri səslənəcək, maraqlı səhnəciklər göstəriləcək, Azərbaycanın Xalq Artisti Mənsum İbrahimovun ifası eşidiləcək.
Mirzə Şəfi Vazeh təqribən 1792-ci ildə Gəncədə doğulub. Atası Kərbəlayı Sadıq kiçik oğlu Şəfini ruhani etmək məqsədi ilə mədrəsəyə qoyur. Qısa müddət ərzində sərbəst oxuyub yazmağa başlayan zehinli Şəfi burada ərəb və fars dillərini öyrənir, bu dillərdə yaranmış böyük ədəbiyyatın klassik nümayəndələrinin yaradıcılığı ilə tanış olur.
Tiflisdə qəza məktəbində müəllim kimi fəaliyyətə başlayan Mirzə Şəfi Vazeh burada dövrünün qabaqcıl adamları ilə daha yaxından tanış olmaq imkanı əldə edir. Mirzə Şəfinin alman səyyahı, rus və şərq poeziyasının tərcüməçisi Fridrix Bodenştedtlə tanışlığının təməli də burada qoyulur. Mirzə Şəfi 1844-cü ildə "Divani-Hikmət" adlı ədəbi məclis yaradır. Bu məclisdə azərbaycanlı şair və yazıçılarla bərabər başqa millətlərdən olan şairlər, yazıçılar, alimlər, səyyahlar də iştirak edirdilər. "Divani-hikmət" ədəbi məclisinin üzvlərindən biri də alman şairi Fridrix Bodenştedt idi. Bodenşdet Vazehin yaradıcılığı ilə yaxından maraqlanmağa başlayır və ondan Azərbaycan və fars dillərini öyrənir. Şərqə səyahətini başa vurub Almaniyaya qayıtdığı vaxt səyahətnaməsində Vazehin çap oluna biləcək kifayət sayda əsərinin olduğunu görür.Və Mirzə Şəfinin şerləri 1851-ci ildə özündən də xəbərsiz Avropada "Mirzə Şəfinin nəğmələri" adı altında alman dilində çap olunur. Kitabın ilk çapı böyük müvəffəqiyyətlə qarşılanır. İndiyədək həmin kitab 300 dəfədən artıq nəşr edilmişdir. Şairimizin nəğmələri Avropada geniş əks-səda doğuraraq digər dillərə - fransız, ingilis, italyan, holland, ispan, çex, macar, yəhudi və sair, tərcümə olunaraq çap olunub və geniş yayılıb.
Mirzə Şəfi Vazehin bədii irsinin çox az hissəsi bu günədək hifz edilib. Lakin böyük Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin əldə olunan qəzəl, rübai və müxəmməsləri onun nə qədər zəngin yaradıcılığa və yüksək istedada malik olduğunu sübut edir.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə