AYB.az xəbər veririr ki, sentyabr ayının 28-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Cənubi Qafqazda kitab premyerası – alman yazıçısı Rüdiger Safranskinin dahi alman şairi, dramaturqu, mütəfəkkiri İ.V. Götenin həyat və yaradıcılığına  həsr etdiyi “Göte – həyatın incəsənət əsəri” kitabının təqdimatı keçirilib.

    Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra XIX əsr Azərbaycan şairəsi Natəvan haqqında məlumat verib: “Azərbaycan tarixində Qarabağ xanlığı olub. Natəvan axırıncı Qarabağ xanının qızıdır. O, vaxtilə “Məclisi-üns” adlı ədəbi məclis yaradıb ki, o bizim bugünki Yazıçılar Birliyi kimi olub. Alman alimi Dits “Kitabı-Dədə Qorqud” dastanını ilk dəfə dünyaya tanıdıb”. Sonra xalq yazıçısı Anar qonaqları Tahir Salahovun təsvir etdiyi Dədə Qorqud və xalq qəhrəmanı Koroğlunun portretləri ilə tanış edib.

    Tədbirdə Almaniyanın Azərbaycandakı fövqəladə səfiri Haydrun Tempelin və başqa önəmli qonaqlar iştirak ediblər. Daha sonra Göte İnstitunun direktoru, doktor Ştefan Vakvits çıxışı zamanı Safranskinin yaradıcılığı haqqında iştirakçılara məlumat verib: “Yazıçı, filosof Rüdiger Safranski 1945-ci ildə anadan olub, 60-cı illərdə Berlində təhsil alıb. O, 20-dən çox tərcümə edilmiş və çoxsaylı mükafatlarla təltif olunmuş əsər müəllifidir. Güdiger Safranski Şiller, E.T.A.Hoffmann, Şopenhauer, Nitsşe və Haydegger haqqında böyük bioqrafik əsərlərin, həmçinin “Romantika”(2007), “Göte və Şillerin dostluq münasibətləri” (2009) əsərlərinin müəllifidir.

    Rüdiger Safranski “Göte – həyatın incəsənət əsəri” kitabında Götenin özünü Göteyə çevirməsinin necə baş verdiyini təsvir edir və ilkin qaynaqlardan, əsərlərindən, məktublarından, gündəliklərindən, apardığı söhbətlərdən və müasirlərinin qeydlərindən qidalanaraq sonda universal dahinin şəxsiyyətinə yaxınlaşır”.

    Rüdiger Safranski öz çıxışında dəvət üçün xalq yazıçısı Anara, iştirakçılara təşəkkür edərək İ.V.Göte haqqında danışıb: “ İ.V. Göte alman ədəbiyyatının, mədəniyyətinin təməl qoyanlarından biridir. Onun həyat tərzi məni çox təəccübləndirirdi. O, həyatı sevirdi, yazıçı, şair, rəssam, hətta nazir kimi də – bütün işləri yüksək səviyyədə yerinə yetirirdi. Göte yeniliyə meylli insan idi.

   “Göte – həyatın incəsənət əsəri”  kitabı nəşr olunan kimi Avropada uğur qazandı, bir çox Avropa dillərinə, o cümlədən rus dilinə tərcümə olundu. Əsərin Azərbaycan dilinə də tərcüməsi planlaşdırılır”.  

    Güdiger Safranski Götenin “Qərb-Şərq divanı” haqqında məlumat verib və “Göte – həyatın incəsənət əsəri”ndən bir parçanı alman dilində oxuyub.

    Sonda yazıçı tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə