Fransız yazıçı Nobel aldı
Bu gün 2014-cü il Nobel Ədəbiyyat mükafatının sahibi açıqlanıb. AYB.az Kulis.aza istinadən xəbər verir ki, Nobel Ədəbiyyat Mükafatının sahibi fransız yazıçı Patrik Modianodur.
O, “Ən ağlasığmaz insan talelərini təsvir edən və işğal altındakı həyatı göstərən təxəyyül və ifadə sənətinə görə” Nobel mükafatına layiq görülüb.
Patrik Modiano 30 iyul 1945-ci ildə varlı ailədə anadan olub. Fransız yazıçı və ssenaristidir.
Atası Toskanada məskunlaşmış qədim yəhudi nəslindəndir. Anası isə flamand aktrisasıdır. 1942-ci ildə Parisin almanlar tərəfindən işğalı ərəfəsində tanış olmuş valideynləri 1944-cü ildə ailə həyatı qurublar.
Modiano əvvəlcə IV Henrix adına Paris liseyində sonra isə Ansi kollecində təhsil alıb.
Modianonun “Ulduz meydanı” adlanan ilk romanı 1968-ci ildə nəşr olunub və dərhal müəllifə məşhurluq gətirib.
Müəllifin bütün əsərləri demək olar ki, avtobioqrafikdir və İkinci Dünya Müharibəsi zamanı Fransanın işğalı ilə əlaqədardır.
Modianonun qəhrəmanları başlanğıcın, kökün, keçmişin axtarışı vasitəsilə özünüdərkə cəhd edirlər.
“Ulduz meydanı”, “Gecə gözətçisi”, “Ailə xronikası”, “Kədərli villa” və başqa əsərlərin müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb.
2000-ci Kann kino festivalının münsifi olub.
P. Modiano ailəlidir. 1970-ci ildə ailə həyatı qurub. İki qızı var.
AYB.az