AYB.az saytı xəbər verir ki, oktyabr ayının 15-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, ədəbiyyatşünas, tərcüməçi, Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki Adil Cəmilin 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.

 

    Adil Cəmilin “Bahar” adlı ilk mətbu şeiri 1970-ci il martın 22-də “Mingəçevir işıqları” qəzetində dərc olunmuşdur. O vaxtdan ardıcıl olaraq respublika mətbuatında – qəzet, jurnal və almanaxlarda çıxış etməyə başlayıb. 1980-cı ildə “İşıqlar, pərvanələr” adlı ilk şeirlər kitabı nəşr olunub. Şeirləri Rusiya, Türkiyə, İran və Orta Asiyada dərc olunub, bəzilərinə isə mahnılar bəstələnib. Adil Cəmil bədii tərcümə ilə də müntəzəm məşğul olur. Rus, belorus, özbək, qırğız, Latın Amerikası poeziyasından etdiyi tərcümələr qəzet, jurnal və tərcümə toplularında dərc olunmuşdur. Həmçinin iyirmidən çox bədii filmi doğma dilimizə çevirmişdir. 

    Tədbiri giriş sözü ilə açan Rəşad Məcid qonaqları salamladıqdan sonra  yubilyarı ad günü, yeni kitablarının işıq üzü görməsi münasibətilə təbrik edib.

    Xalq yazıçısı Anar çıxışında Adil Cəmili çox istedadlı şair kimi dəyərləndirib: “Adil Cəmilin yaradıcılığında  doğma yurdun gözəllikləri, Vətənə, torpağa bağlılıq, Qarabağ, Vətən həsrəti çox geniş yer tutur. O, ümumtürk folklorunun möhtəşəm abidəsi, böyük qırğız eposu “Manas”ın həm tərcüməsi, həm də tədqiqi ilə məşğul olur”.

    Tədbirin aparıcısı Şirindil Alışanlı yubilyarın həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib: “Kəlbəcər ədəbi mühitinin yetirməsi Adil Cəmil ömrü boyu ədəbi prosesdə çalışıb. “Yazıçı” nəşriyyatında, “Ədəbiyyat qəzeti”ndə hər zaman poeziyanın, ədəbiyyatın, folklorun təbliği üçün çox işlər görüb. O, “Manas” eposunun Azərbaycanda yeğanə tərcüməçisi və tədqiqatçısıdır. “Manas eposu və türk dastançılıq ənənəsi” mövzusunda yazdığı dissertasiya  manasşünas alim kimi onun ədəbiyyatşünaslıq elminə əvəzsiz  tövhəsidir”.

    Tənqidçi Vaqif Yusifli çıxışında Adil Cəmilin poeziyasından, insani xüsusiyyətlərindən söz açıb: “ Adili təkcə şair kimi yox, bir ziyalı kimi də  sevmişəm. Onun poeziyası, yaradıcılığı ilə şəxsiyyəti arasında heç bir uçurum yoxdur. Adilin yaradıcılığında, poeziyasında onun mənsub olduğu Vətənin, xalqın tarixi əks olunur. Təbiət, ana məhəbbəti, sevgi onun şeirlərinin əsas qayəsini təşkil edir”.

    “Adil Cəmil  Azərbaycan-Qırğızıstan ədəbi-bədii əlaqələrinin təməlini qoyub” – bu fikrləri Qəzənfər Paşayev səsləndirib. O, həmçinin Adil Cəmilin jurnalistlik fəaliyyəti haqqında danışıb.

    Yubiley mərasimində  Adil Cəmilin yaradıcılığına həsr olunan ədəbiyyatşünas-alim Vaqif Yusiflinin “Adil Cəmilin sənət yolu”  (“Elm və təhsil” nəşriyyatı, redaktoru Şirindil Alışanlı) və Allahverdi Eminovun “Sözün Adil Cəmili” (“Elm və təhsil” nəşriyyatı, redaktoru Elşad Səfərli) kitabları da iştirakçılara təqdim olunub.

    Kitablarda müasir Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti, fərdi deyim tərzi ilə seçilən Adil Cəmilin həyat və sənət yolu işıqlandırılır. Müəlliflər Adil Cəmilin poeziya yollarında qazandığı uğurlardan, onun qırx illik yaradıcılığında diqqəti cəlb edən şair fərdiyyətindən söz açır, eyni zamanda publisistik və elmi fəaliyyətini də tədqiq edirlər.

     Sonda söz alan Adil Cəmil tədbirin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirdi. 

 

AYB.az       

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə