AYB.az saytı xəbər verir ki, oktyabr ayının 16-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda böyük türk şairi Fazil Hüsnü Dağlarcanın 100 illik yubiley mərasimi keçirilib.

 

    Tədbiri giriş sözü ilə açan xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra Fazil Hüsnü Dağlarca ilə bağlı xatirələrindən, görüşlərindən söz açıb: “Dünyanın böyük şairlərindən biri, türk ədəbiyyatında çox böyük, önəmli yer tutan Fazil Hüsnü Dağlarca ilə tanışlığımdan qürur duyuram. Son dəfə şairi Türkiyədə Atatürk Mərkəzində 90 illik yubileyində gördüm. Bütün salon onun şeirlərini əzbər deyirdi. O, çox inadkar, həssas, incə qəlbli insan idi. Onun xatirəsi bizim üçün həmişə əzizdir”.

    Fazil Hüsnü Dağlarcanın həyat və yaradıcılığına həsr etdiyi “Fazil Hüsnü Dağlarca – Dahinin tənhalığı” kitabının müəllifi Tofiq Məlikli çıxışında şairin dil xadimi kimi ictimai fəaliyyətindən, müasir Türkiyənin ədəbi dilinin formalaşmasındakı rolundan danışıb: “Türk yazarı Camal Sürəyya onu “Təkbaşına məktəb” adlandırırdı. O, öz ədəbi yaradıcılığını heç bir mühitlə paylaşmaq istəmirdi. Onun əsərləri metafizik və fəlsəfi düşüncəyə söykənirdi, gözəl gördüyü həyatı bütün əsərlərinin leytmotivi seçirdi.

    F.H.Dağlarca şeir dünyasına damğasını vuran, dünya ədəbiyyatının ən gözəl şairlərindən biridir. Onun şeirləri sayəsində bir çox ölkələrdə türk dilinə maraq oyandı.Türkcəni səs bayrağı elan edən şair böyük şairdir”.

    Millət vəkili Qənirə Paşayeva çıxışında F.H.Dağlarcanın 100 illik yubileyinin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinə təşəkkür edib: “F.H.Dağlarca şair kimi böyüklüyü ilə bərabər, həm də böyük bir aydın, ziyalı, dünya poeziyasına xidmət etmiş bir şəxsiyyətdir. Əgər şair illər sonra xatırlanırsa, unudulmursa, o şairin böyüklüyüdür”.

    Türkiyənin Azərbaycandakı  Səfirliyinin ikinci kitibi Abdullah Tüylü çıxışına H.F.Dağlarcanın “Vətənə, dilə,  millətə sahib çıxmaq, bu dəyərlə irəli getmək” şüarı ilə başlayıb: “F.H.Dağlarca həyatı, yaradıcılığı boyu türklərin gedəcəyi düzgün yolu onlara göstərib. “Türklər irəliyə şərəflə getmək istəyirsə, dilllərinə sahib çıxmalıdırlar . Dilini itirən, özünü də itirər”.

    Yubileydə çıxış edən Aqşın Babayev F.H.Dağlarcanın yaradıcılığından, şəxsiyyətindən, fəlsəfi dünyagörüşündən söz açıb.

    Türkiyənin Azərbaycandakı Səfirliyinin Kültür və Tanıtım müşaviri Seyid Əhməd Arslan şairin Türkiyə üçün gördiyi işlərdən bəhs edib: “Mədəniyyəti bu gündən sabaha daşıyan dildir. O bunun fərqində idi. F.H.Dağlarca Türkiyənin sağlam inkişafına hər zaman, bütün yaradıcılığında diqqət verirdi. F.H.Dağlarca təkcə Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qiymətli bir yazardır”.

    F.H.Dağlarcanın yaradıcılığının  hər zaman Azərbaycan alimlərinin tədqiqat obyekti olacağı fikrini  səsləndirən Səlim Babullaoğlu şairin “Sonsuz Mustafa Kamal” şeirini oxuyub.

    Abbas Abdulla çıxışında F.H.Dağlarcanı türk dünyasında nümunə ola biləcək  vətənpərvər şeirlər müəllifi kimi xatırlayıb.

    Bəsti Əlibəyli F.H.Dağlarcanın Türkiyə türkcəsindən tərcümə etdiyi şeirlərlə iştirakçıları tanış edib.   

 

AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə