AYB.az saytı xəbər verir ki, oktyabr ayının 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli ədəbiyyatşünas, tərcüməçi, türkoloq-alim Əkbər Babayevin anadan olmasının 90 illiyi münasibətilə yubiley mərasimi keçirilib.

 

Ömrünün son illərində Moskvanın müxtəlif nəşriyyatlarında Əkbər Babayevin səkkiz kitabı çap olunub. Bunların sırasında Nazim Hikmətin yaradıcılıq yolunu işıqlandıran sanballı monoqrafiya xüsusilə diqqətəlayiqdir. Həmin əsər Türkiyədə, Polşada, Rumıniyada, Yuqoslaviyada, İraqda da nəşr olunub və Nazim Hikmət haqqında ən dəyərli, etibarlı bir tədqiqat əsəri kimi yüksək qiymətləndirilir.

Əkbər Babayev Nazim Hikmətin 8 cildlik əsərləri külliyyatının Bolqarıstan nəşrinə bilavasitə rəhbərlik edib. Nazim Hikmətin, Əziz Nesinin və başqa türk yazıçılarının ən gözəl əsərlərini rus dilinə tərcümə edib. O, Azərbaycan ədəbiyyatı nümunələrinin rus dilinə tərcüməsi, Moskva nəşriyyatlarında çap edilib geniş yayılması sahəsində də xeyli əmək sərf edib. Əkbər Babayev “Azərbaycan poeziyası antologiyası” adlı kitabını Moskvada rus dilində xalq şairi Bəxtiyar Vahabzadə ilə birgə çap etdirib.

Yubiley mərasimini giriş sözü ilə açan xalq yazıçısı Anar Əkbər Babayevin həyat və yaradıcılığı barəsində iştirakçılara məlumat verdi: “Görkəmli alim, türkoloq Əkbər Babayev Moskvada yaşasa da, bütün qəlbi ilə Azərbaycana bağlı insan idi. O, türk ədəbiyyatının, Nazim Hikmət yaradıcılığının tədqiqatçısı idi. Nazim Hikmət Bakıya “oğlum” adlandırdığı Əkbər Babayevlə birgə gələrdi. Heç zaman Nazimi Əkbərsiz, Əkbəri Nazimsiz görmədik”.

Türkoloq-alim Tofiq Məlikli çıxışında Əkbər Babayevi müəllimi kimi xoş xatirələrlə xatırlayıb: “Əkbər Babayev cəmi 55 il ömür sürüb. 35 ildir ki, həyatda yoxdur. Amma, çox qəribədir ki, bu 35 ildə o unudulmayıb. Zaman göstərdi ki, bir dost, yoldaş, müəllim, ziyalı, geniş erudisiyaya malik bir insan kimi onun həyatı, fəaliyyəti bir nümunədir. O, heç zaman öz fikrini başqasına aşılamaq istəməzdi. Əkbər Babayev rus dilini ruslardan da gözəl duyan yazıçı idi”.

Əkbər Babayevin qardaşı qızı Günəş Babayeva əmisinin xatirəsini yad etdiklərinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib, əmisi haqqında xatirələrini dilə gətirib:” Əkbər Babyev bütün həyatı boyu Türkiyə-Azərbaycan dostluğunu arzulayan insan olub. O Türkiyəyə gedən hər kəsə:

“İstanbula mənim gözlərimlə baxın” söylərdi. Əkbər Babayevin adını daşıyan Gəncədə yaşadığı küçədəki evinin üstünə xatirə lövhəsi vurulub”.

Yubiley mərasimində çıxış edən filologiya elmləri doktoru Aqşin Babayev Əkbər Babayevin əsərlərinin Azərbaycan dilində çap olunmasının vacibliyini vurğulayıb, həmçinin yazıçı haqqında qələm yoldaşlarının xatirələrinin kitab şəklində çap olunmasını arzulayıb, Əkbər Babayevin görkəmli türk şairi Nazim Hikmətlə olan dostluq əlaqələrindən bəhs edib, yazıçı haqqında xatirələrini iştirakçıların diqqətinə çatdırıb.

“Əkbər Babayev Moskvada yaşayan Nazim Hikməti qəribçilikdən, tənhalıqdan xilas edən bir şəxsiyyətdir. Nazim Hikməti Əkbər Babayevlə bağlayan mənəvi qohumluq olub” – bu fikirləri tədbirdə şair Ramiz Rövşən səsləndirib.

 

AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə