AYB.az saytı xəbər verir ki, noyabr ayının 5-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gənc Ədiblər Məktəbi dinləyicilərinin yazıçı-publisist İradə Tuncayla görüşü keçirilib.
Yazıçı-publisist İradə Tuncay “Sarı odalar”, “Yol”, “Müşfiq insanlar ölkəsi...” kitablarının müəllifidir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi Rəşad Məcid İradə Tuncayı ad günü münasibətilə təbrik edib, Gənc Ədiblər Məktəbi üzvlərinin adından ona gül dəstəsi təqdim edib, yazarın yaradıcılıq yolundan bəhs edib, onu Azərbaycanın ən yaxşı, məlumatlı yazarı, publisisti kimi dəyərləndirib: “İradə Tuncayı çox uzun müddətdir tanıyıram. Çox gənc yaşlarından onun yaradıcılığı ilə tanışam. İradə Tuncayın hər hansı bir yazısını oxuyub başa düşmək bir ay çəkir, çünki onun kiçik bir yazısında çox dərin mənalar gizlənir. Onun yazıları öyrənmək üçün ən böyük məxəzdir. O, yazılarında kəskin fikirlər deyir”.
Görüşdə İradə Tuncay atası – Azərbaycanın görkəmli xalq şairi Məmməd Arazla bağlı xatirələrindən danışıb, keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açıb, televiziyada, mətbuatda çalışdığı illəri xatırlayıb. Televiziyada çalışdığı zamanı həyatının ən uğurlu dövrü adlandıran İradə Tuncay altı filmin ssenari müəllifi olduğunu söyləyib.
Tədbir iştirakçıları İradə Tuncaya yazarın həyat və yaradıcılığı haqqında suallar veriblər. Gənclərin suallarını cavablandıran yazıçı öz fikir və düşüncələrini gənclərlə bölüşüb, onlara bəzi məsləhətləri verib.
Sual verən gənc ədiblərin hamısı, həmçinin İradə Tuncay tədbirin son dərəcə səmimi ab-havada keçdiyini qeyd ediblər, görüşdən çox məmnun olduqlarını söyləyiblər. Sonda İradə Tuncay gənclərlə xatirə şəkli çəkdirib.
AYB.az
Məlahət Qənbərova