AYB.az saytı xəbər verir ki, noyabr ayının 6-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi tərəfindən Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 2014-cü ilin yanvar ayında elan olunmuş müsabiqəyə təqdim edilmiş “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” adlı layihə çərçivəsində nəşr olunmuş Beynəlxalq Elmi Konfransın materiallarının təqdimat mərasimi keçirilib.
Layihənin əsas məqsədi müasir Azərbaycan və Türkiyə ədəbiyyatında yer alan “erməni məsələsi”ni geniş ədəbi mühitdə müzakirə obyektinə çevirərək bu mövzunu hər iki ölkə ictimaiyyətinin diqqətində saxlamaqdır. Digər bir məqsəd isə, iki qardaş ölkənin ədəbi mühitinin erməni məsələsinə baxışını, bu mövzuda yazılmış dəyərli əsərləri müəyyənləşdirmək, onları elmi təhlilə cəlb etmək və ölkə ictimaiyyətinə təqdim etməkdir.
Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı qeyd edib ki, cari ilin 24-25 aprel tarixlərində azərbaycanlı və türkiyəli alimlərin, yazıçıların, tənqidçilərin iştirakı ilə “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” adlı Beynəlxalq Elmi Konfrans keçirilib.
M.Babaşlı İctimai Birliyin fəaliyyəti, gördüyü işlər və layihənin mahiyyəti ilə bağlı geniş məlumat verərək layihənin əsas məqsədinin “Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsinin hər iki ölkənin ədəbi mühitində tutduğu yeri, ədəbiyyatda “erməni məsələsi”nə baxışı, bu mövzuda qələmə alınmış əsərləri müəyyənləşdirmək və uğurlu qələm məhsullarını ölkə ictimaiyyətinə təqdim etmək” olduğunu qeyd edib.
Çıxışının sonunda, M.Babaşlı ümummilli məsələyə həsr olunan bu layihənin reallaşmasında diqqət və qayğısını əsirgəməyən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinə xüsusi olaraq təşəkkür edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” layihəsinin çox əhəmiyyətli olduğunu və bu münasibətlə nəşr olunmuş Beynəlxalq Elmi konfrans materiallarının həm bizlər, həm də gələcək nəsillər üçün əvəzolunmaz bir mənbə olduğunu bildirib, toplunun rus, ingilis, fransız dillərində nəşrinin vacibliyini vurğulayıb. Həmçinin ədəbi ictimaiyyət üçün əhəmiyyətli olan “erməni məsələsi”nin beynəlxalq konfrans səviyyəsində elmi müzakirəyə çıxardığına görə GEAD İctimai Birliyinə təşəkkür edib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Türkiyə Cümhuriyyəti səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə İş üzrə katibi Rəşad Məcid, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “Strateji planlaşdırma və beynəlxalq əlaqələr” sektorunun müdiri Orxan Ərəbov, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Şəmil Sadiq, professor Təyyar Salamoğlu və başqaları çıxış edərək bu tədbirin ərsəyə gəlməsində zəhməti olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinə və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinə dərin təşəkkürlərini bildiriblər.
Sonda GEAD İctimai Birliyinin sədri dosent M.Babaşlı qonaqlara təşəkkürünü bildirərək, nəşr olunan “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” adlı Beynəlxalq Elmi konfransın materiallarını tədbir iştirakçılarına təqdim edib.
AYB.az
Məlahət Qənbərova