AYB.az saytının verdiyi məlumata görə noyabrın 7-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli ədəbiyyatşünas-alim Arif Əmrahoğlunun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rəşad Məcid Arif Əmrahoğlunun həyat və yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: “Arif müəllim yaddaşlarda nikbin obrazda qalacaq. Onun xatirəsi, bizim yaddaşımızda qoyduğu izlər həmişə yaşayacaq. O, ədəbiyyata bağlı, gənclərə xüsusi qayğıyla yanaşan bir ziyalı idi”.
Filologiya elmləri doktoru Muxtar Kazımlı tədbirin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür edib, Arif Əmrahoğlu ilə bağlı gənclik xatirələrindən danışıb: “Arif Əmrahoğlu çox mütaliəli insan idi. O, ədəbiyyatı çox gözəl bilirdi, heç vaxt gəldi-gedər əsər haqqında söz deməyib, ədəbiyyatla məzələnən insanlara güzəştə getməyib. Təhkiyə problemlərinə Arif müəllimdən sonra heç kim müdaxilə edə bilməyib. O, bədii ədəbiyyatı milli düşüncə, davranış mədəniyyəti ilə yazıb. Arif müəllim ailəsinə, balalarına xəcalət verməyəcək təmiz bir ad qoyub getdi”.
“Arif Əmrahoğlu nə yazdısa, ədəbiyyat üçün yaratdı, ziyalılıqdan, mədəniyyətdən, mənəviyyatdan yazdı. Nə yazdısa, gözəl yazdı. Onun xatirəsi bizim üçün həmişə əziz olaraq qalacaq. O, böyük məhəbbətə, ləyaqətə layiq idi” – Bu fikirləri tədbirdə xalq şairi Zəlimxan Yaqub səsləndirib.
Tədbirdə şıxış edən filologiya elmləri doktoru Şirindil Alışanlı 1982-ci ildə Arif Əmrahoğlu ilə birgə televiziyada veriliş aparmalarını yada salıb, qələminə, şəxsiyyətinə, hissiyyatına hörmət etdiyi bir ziyalı, ədəbiyyatşünas-alim kimi Arif müəllimin yaradıcılığından danışıb.
Filologiya elmləri doktoru Kamran Əliyev yaxın dostu haqqında öz ürək sözlərini səsləndirib: “Arif Əmrahoğlu aydın şəxsiyyət, ürəyigeniş insan idi. O, heç vaxt heç nəyi təkrar etmək istəmirdi. Harada çalışsa ora yenilik gətirərdi. Sözə vurğun, mütaliəli ziyalı idi. O, özünün elmi səriştəsində həyatla bədii söz arasındakı təması hiss edə bilirdi. Onun tədqiqat əsərləri öyrənilməyə layiqdir. Arif müəllim kitabı dəyərləndirməyi bacarırdı. Mən öz tənqidçimi itirdiyim üçün təəssüflənirəm”.
Xalq yazıçısı Anar Arif Əmrahoğlu haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: “Kaş Arif sağ olaydı, onun haqqında deyilən sözləri eşidəydi. Adamı yolda tanıyarlar – deyiblər. Azərbaycanın elm, ədəbiyyat adamlarının Qayseriyə səfərlərinin birində yol yoldaşı olduq. Arifi son dərəcə qayğıkeş, yaşca özündən böyüklərə diqqətli, təvazökar və abırlı insan kimi tanıdım. Neçə il sonra yazıçılarımızın X qurultayı ərəfəsində birliyimizdə gənclərlə iş üzrə katib vəzifəsinin təsis olunması məsələsində Çingiz Abdullayev Arifin adını çəkdi. Prezident Aparatında işləməsinə baxmayaraq, bizim dəvətimizlə Yazıçılar Birliyinə işə gəlməyə razılıq verdi, qurultayda gənclərlə iş üzrə katib vəzifəsinə seçildi. O, təşkilatımıza yeni dövrün ab-havasını, müasir texniki vasitələri gətirdi. Arif çox savadlı idi. Onu çox erkən, həyatının, yaradıcılığının qaynar çağında itirdik. Təsəllimiz odur ki, o yaddaşlarda işıqlı insan kimi qalacaq”.
Yubiley mərasimində xalq şairi Fikrət Qoca, Nizami Tağısoy, Ramiz Əsgər çıxış edərək Arif Əmrahoğlu ilə bağlı xatirələrindən bəhs ediblər, onun yaradıcılığından, tərcüməçilik, pedaqoji fəaliyyətindən
söz açıblar.
Tədbirdə Arif Əmrahoğlunun “Yarımçıq ömrün yarpaqları” kitabı iştirakçılara təqdim olunub. “Elm və təhsil” nəşriyyatında çap olunan kitaba ön sözü İlqar Fəhmi yazıb. Kitabda Arif Əmrahoğlunun seçilmiş məqalələri və tərcümələrindən bəzi seçmələr toplanıb.
Sonda çıxış edən Günel Arifqızı atasının yubileyini keçirdiklərinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara ailəsi adından təşəkkür edib.
AYB.az
Məlahət Qənbərova