Dünən Qırğızıstanın Azərbaycan Respubliksındakı Səfirliyində dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun azərbaycan dilində işıq üzü görmüş “Hekayələr” kitabının təqdimat mərasimi keçirildi. Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Qırğızıstan Respublikası XİN-in Avropa və Amerika ölkələri departamentinin  başçısı Kanat Tursunkulov, Qırğızıstan Respublikasının  Azərbaycandakı  Fövqəladə və səlahiyyətli səfiri  Aydjiqit  Buranov, TÜRKPA baş katibinin müavini Altınbek  Mamayusupov, səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Yusif Təhməzov və dəvətli oaraq AYB sədri, xalq yazıçısı Anar, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millıət vəkili Nizami Cəfərov, millət vəkili Çingiz Qənizadə, “Altun Kitab” nəşriyyatının direktoru, f.f.d Rafiq İsmayılov, BSU-nun professoru Rüstəm Kamal, “Aydın Yol” qəzetinin baş redaktor müavini Qurban Yaquboğlu və kitabı tərcümə edənlər – şair-tərcüməçi İbrahim İlyaslı, SDU-nun müəllimi Təranə Quliyeva iştirak etdilər.

 

Tədbiri giriş sözü ilə açan  cənab Kanat Tursunkulov qonaqları salamladı və Çingiz Aytmatov yaradıcılığına Azərbaycanda olan sevgidən məmnunluğunu bildirdi. O, xalq yazıçısı Anarı Çingiz Aytmatov mükafatına layiq görülməsi münasibətilə təbrik etdi və ona xatirə hədiyyəsi təqdim etdi. Xalq yazıçısı Anar Kanat bəyə təşəkkürünü bildirdi və təqdimatı keçirilən kitabdan və Çingiz Aytmatov yaradıcılığından söz açdı, kitabın uğurlu bir tərcümə nümunəsi olduğunu qeyd etdi.

Qırğızıstan Respublikasının  Azərbaycandakı  Fövqəladə və səlahiyyətli səfiri Aydjiqit  Buranov “Altun Kitab” nəşriyyatının “Hekayə ustaları” seriyasından  Çingiz Aytmatovun “Hekayələr” kitabının nəşr olunmasını böyük sevinc hissi ilə qarşıladığını və səfirlik adına bu günkü təqdimat mərasimini təşkil etdiklərini bildirdi. O, kitabın tərcüməçiləri şair İbrahim İlyaslıya və Təranə Quliyevaya minnətdarlıq etdi.

Millət vəkili, professor  Nizami Cəfərov Çingiz Aytmatov yaradıcılığının özəlliklərindən danışdı və təqdimatı keçirilən kitabın yüksək səviyyədə tərcümə olunduğunu qeyd etdi,  bu ənənənin davanlı olmasını arzuladığını dilə gətirdi.

Millət vəkili Çingiz Qənizadə “Köçəri quşların göz yaşları”  hekayəsində keçən Manas parçasını oxudu və tərcümənin mükəmməl olduğunu vurğuladı.

Çıxış üçün söz alan TÜRKPA baş katibinin müavini Altınbek  Mamayusupov Çingiz Aytmatov yaradıcılığına olan sevgisindən danışdı və Türk cümhuriyyətlərində bu cür kitabların nəşr və təbliğ olunmasına xüsusi önəm verdiyini qeyd etdi.

Səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Yusif Təhməzov Çingiz Aytmatovun əsərlərinin Azərbaycan dilinə tərcümə olunması və təbliğ ilə bağlı görülən bütün addımları təqdir etdiyini bildirdi və bu cür layihələrin davamlı olacağına ümid etdiyini dedi.

“Altun Kitab” nəşriyyatının direktoru, f.f.d Rafiq İsmayılov bu kitabın nəşrinin rəhbərlik etdiyi nəşriyat üçün hadisə olduğunu qeyd etdi və kitabın tərcüməçilərinə təşəkkürünü bildirdi.

Sonda söz alan tərcüməçilər İbrahim  İlyaslı və Təranə Quliyeva kitaba daxil olan 9 hekayədən və hekayələrin tərcüməsi zamanı qarşılaşdıqları maraqlı detallardan söhbət açdılar. İbrahim İlyaslı kitabın təqdimatını yüksək səviyyədə keçirdiklərinə görə Qırğızıstan Respublikasının  Azərbaycandakı  Fövqəladə və səlahiyyətli səfiri  Aydjiqit  Buranova, səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Yusif Təhməzova dərin təşəkkürünü bildirdi.

Sonda kitabın tərcüməçiləri şair İbrahim İlyaslı və Təranə Quliyeva səfirliyin mükafatları ilə təltif edildilər.

AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə