Türkiyənin Mədəniyyət və Turizm nazirliyi və Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Azərbaycanda, Heydər Əliyev Mərkəzində Türkiyə Kültür  Günlərinin açılış mərasimi keçirilib. Mərasim  əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənərək başlayıb.  Açılış mərasimin münasibəti ilə Azərbaycana gələn, Türkiyənin Mədəniyyət və Turizm naziri Ömer Çelik çıxış eərək mədəniyyət günlərinin təşkilinin,  Türkiyə üçün böyük əhəmiyyət daşıdığını bildirib. Ö. Çelik bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi müdrik kəlamı ölkələrimiz arasında münasibətlərin bütün sahələrində özünü təsdiqləyir: “Türkiyə Kültür  Günlərinin Bakıda təşkili Azərbaycan və Türkiyə arasında təkcə siyasətdə və iqtisadiyyatda deyil, mədəniyyət və incəsənətdə də əbədi olaraq bir yerdə olduğumuzu bir daha sübut edir”. Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakıda Türkiyə Kültür Günlərinin keçirilməsinin Azərbaycan  üçün əlamətdar hadisə olduğunu deyib: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, ölkəmizdə Türkiyənin Kültür Günləri keçirilir. Bu tədbir həm də xalqlarımızın tarixi köklərinin yaxınlığı və gələcək münasibətlərimiz baxımından əhəmiyyət daşıyır. Belə bir möhtəşəm məkanda - Heydər Əliyev Mərkəzində isə ilk dəfədir ki, bir ölkənin mədəniyyət günlərinin açılış mərasimi keçirilir”. Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycan və Türkiyə rəhbərləri arasında dostluq münasibətləri, ölkələrimizin birgə platformalarda iştirakı türk dünyasının güclü olduğunu sübut edir.  O, Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günlərinin xalqımız tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Təbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan və səfirliyinin digər diplomatları, Azərbaycan  Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, Bakıda  fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak ediblər. Qeyd edilib ki, mədəniyyət günləri çərçivəsində əl işləri və fotosərgilər, folklor konserti, film və teatr nümayişi nəzərdə tutulub. Mərasimdə Türkiyə mədəniyyətinin tanıtım videosu nümayiş etdirilib. Daha sonra İstanbul Tarixi Türk Musiqisi Topluluğu mehter kollektivinin, Əməkdar Artist Azərinin, Türkiyədən Nilgün Kızılcının, Zafer Albayrakın, Dövlət Xalq Rəqsləri Ansamblının çıxışları olub. Türkiyə Mədəniyyəti Günləri noyabrın 27-dək davam edəcək.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə