AYB.az saytı xəbər verir ki, dekabr ayının 15-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair Oqtay Rzanın anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib.

 

    Oqtay Rza “Bir may” adlı ilk şeirini yeddiillik məktəbdə oxuyarkən  qələmə almış və “Sosializm yolu” rayon qəzetində dərc etdirmişdir. O, Torpağı dinləyirəm”, “Ürəyimi oxuyun”, “Hara gedirəmsə”, “Yasəmən çıçəkləyəndə”, “Daş çırağın işığında”, “Fəsil dəyişəndə”, “Günəşin adından”, “Vətən, yas saxlama”, “Adlı, ünvanlı misralar”, “Seçilmiş sətirlərim”, “Dördlüklər”, “Rübai karvanı – dördlük çələngi” və s. şeir kitablarının müəllifidir. Oqtay Rzanın yaradıcılığı çoxsahəli və müasirdir, eyni zamanda milli ənənələrə bağlıdır.    

     Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca qonaqları salamladıqdan sonra “səksən ilin sınağından keçib gələn” yubilyarı təbrik edərək, ona hədiyyə təqdim edib.

    Tədbirin aparıcısı f.e.d. Asif Rüstəmli yubilyarın yaradıcılığı, şəxsiyyəti haqqında ürək sözlərini iştirakçılar ilə bölüşüb: “Oqtay Rza Azərbaycan poeziyasının çox işıqlı simasıdır. O, nikbin, xoş əhval-ruhiyyəli, səmimi, dostluqda sədaqətli, təmannasız,  ikiüzlüyə, saxtakarlığa qarşı olan bir insandır. Oqtay Rza olduğu kimi görünən, görünən kimi olan,  poeziyamızın müdrik siması, səmimiyyətinin qalasıdır”.

    Şair Vaqif Bəhmənli çıxışında Oqtay Rzanı zəhmətsevər, tutduğu sənət yoluna xəyanət etməyən şair kimi dəyərləndirib: “Oqtay Rza nadir şairlərdən, yeganə şəxsiyyətlərdən biridir ki, onun haqqında hamı eyni fikirdədir. Onun xarakterində, simasında heç bir dəyişiklik yoxdur. O, hər zaman hamı üçün əziz, sevimli, böyük insandır”.

    Azərbaycan Yazıçılar Birliyi poeziya bölməsinin rəhbəri Çingiz Əlioğlu Oqtay Rzanı Azərbaycan poeziyasında son dərəcə gözəl poetik portretlər müəllifi kimi xarakterizə edib.

    Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Oqtay Rzanı yubileyi münasibətilə təbrik edib, onun məsuliyyətli, təəssübkeş yazar olduğunu qeyd edib, böyük həvəslə gənclərə dəstək olduğunu xüsusi vurğulayıb.

    “Bu qədər dost qazanmaq hər insana nəsib olmur. Onun şeirlərində Azərbaycan təbiətinin gözəllikləri vəsf olunur. O, həmçinin xeyli ithaflar qələmə alıb” – bu fikirləri tədbirdə f.e.d. Vaqif Yusifli səsləndirib.

    Tədbirdə çıxış edən Adil Cəmil Oqtay Rzanın yaradıcılığından və şəxsi keyfiyyətlərindən söz açıb, onu ən ünsiyyətcil insan kimi səciyyələndirib: “Bir insana hamının eyni prizmadan baxışı o insanın xoşbəxtliyidir. O, təpədən dırnağacan böyük ürəkdir. Onun yaradıcılığı ilə bağlı iki monaqrafiya yazılıbsa, şəxsiyyəti ilə bağlı iyirmi monaqrafiya yazmaq olar”.

    Yubiley mərasimində aktyor Mitəd Aydın və Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələri Oqtay Rzanın yaradıcılığından bəzi nümunələri səsləndiriblər.

    Çox isti ab-havada keçən tədbirdə xalq şairi Zəlimxan Yaqub, Ramiz Məmmədzadə, Yusif Nəğməkar, Fərqanə Mehdiyeva və başqaları çıxış edərək Oqtay Rzanın keçdiyi həyat və yaradıcılıq yolundan, pedaqoji fəaliyyətindən söhbət açıblar, şairi 80 illik yubileyi münasibətilə təbrik ediblər, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıblar.

    Sonda çıxış edən Oqtay Rza yubileyinin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib.

 

AYB.az

Məlahət Qənbərova

   

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə