AYB.az xəbər verir ki, dekabr ayının 22-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda  xalq yazıçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi Qılman İlkinin 100 illik yubiley mərasimi keçirilib.

 

    Qılman İlkin “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Madam Qədri”, “Bakı və bakılılar” və s. kitabların müəllifidir. O, həmçinin “Kölgələr sürünür”, “Yenilməz batalyon”, “General” və bir neçə televiziya filminin ssenari müəllifidir.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov qonaqları salamladıqdan sonra Qılman İlkinin yaradıcılığı haqqında məlumat verib, onun Bakı haqqında ensiklopediya hazırlamaq istədiyini xatırlayıb: “Qılman İlkin ensiklopedik biliyə malik, Bakını, onun etnoqrafiyasını, bakılıları sevən çox işgüzar  insan idi. Onunla birlikdə Bakı və onun kəndləri haqqında, Bakı alimləri, ruhaniləri, lotuları, qoçuları ilə bağlı material hazırlamışdıq”.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında Qılman İlkinlə ilk tanışlığından,  yaradıcılığından söz açıb, onun Azərbaycan ədəbiyyatı tarixində layiqli yer tutan sənətkar, təvazökar insan kimi xatırlayıb. 

    Şair Yusif Həsənbəy çıxışında Qılman İlkinin xeyirxahlıqlarından danışıb, onu səmimiyyətli, gülərüzlü, təmkinli insan kimi yada salıb.

    Filologiya elmləri doktoru Vaqif Yusifli çıxışında  Qılman İlkinin həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib: ”Qılman İlkin qələmə aldığı tarixi romanlarda o dövrün ictimai-siyasi mənzərəsini obyektivliklə işıqlandırıb”.

    Tədbirdə filologiya elmləri doktoru Buludxan Xəlilov  Qılman İlkinin kitabxanasının, arxivinin Dövlət Arxivinə verilməsi təkilifi ilə çıxış edib.

    “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə Qılman İlkinin “Azərbaycan” jurnalındakı fəaliyyətindən söz açıb, onu böyük şəxsiyyət, vicdanlı insan, sözü ilə əməli üst-üstə düşən, riyakarlıqdan uzaq, müasirlik duyğusunu itirməyən bir yazıçı kimi xatirələrdə hər zaman yaşayacağını vurğulayıb.

    Yubiley mərasimində çıxış edənlər – Tofiq Bakıxanov, Maarif Teymur, Teyyub Qurban, Azər Turan və başqaları Azərbaycan nəsrinin tanınmış nümayəndəsi, Azərbaycan ədəbiyyat tarixində özünəməxsus yeri olan yazıçı Qılman İlikinin keçdiyi həyat və yaradıcılıq yolundan bəhs ediblər.

    Sonda Qılman İlkinin oğlu Ayaz Musayev atasının xatirəsini əziz tutduqlarına, yubileyini keçirtdiklərinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib.

AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə