“Xalq Əmanəti” layihəsinin on birinci nəşri XX əsrin görkəmli Azərbaycan şairi, alovlu istiqlal carçısı, tükənməz yaradıcı enerjisi ilə qəlbləri fəth etmiş Xəlil Rza Ulutürkün ədəbi irsinə həsr olunub. Dekabr ayının 26-da oxuculara təqdim edilən dördüncü ədəbi topluda Xalq şairinin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb. Xəlil Rza Ulutürk bədii-fəlsəfi fikir tariximizə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi daxil olub. 36 bədii, 15 tərcümə, 13 elmi, 7 memuar kitabının müəllifi olan Xəlil Rza Ulutürkün bədii-publisistik, elmi-fəlsəfi irsinə həsr olunmuş 9 kitab nəşr edilib. Onun zəngin obrazlı-poetik aləminə səyahət mənəvi dünyagörüşünü işıqlandırmaq, zənginləşdirmək, eyni zamanda saflaşdırmaq deməkdir. Məhz buna görə Xəlil Rza Ulutürkün irsinə olan oxucu marağı tükənmir.
Kitabın təqdimatına gələn qonaqları şair öz səsi ilə salamladı, salonda şairin 1990-cı ildə Lefortovo zindanında qələmə aldığı “Mən yenə dönəcəm Azərbaycana” şeiri Xəlil Rza Ulutürkün öz ifasında səsləndirildi. Tədbiri giriş sözü ilə açan millət vəkili, akademik Nizami Cəfərov “Xalq Əmanəti” layihəsi çərçivəsində Xəlil Rza Ulutürk yaradıcılığına müraciətin əsl vətəndaşlıq mövqeyi olduğunu vurğuladı. Akademikin sözlərinə görə müasir dövrdə mədəniyyətin təbliğinə bu qədər güc, enerji, maliyyənin sərf edilməsi olduqca təqdirəlayiqdir. Bu mənada Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində etdiklərini müqəddəs iş adlandırdı. “Xəlil Rza müasir Azərbaycan ədəbiyyatının günəşidir. Onun poeziyası müqayisəyə gəlmir. O, öz poeziyasına, öz ideyalarına son dərəcə sadiq şəxsiyyət idi. Onu yolundan çəkindirmək istəyirdilər - təqiblərə, məhrumiyyətlərə, zindana baxmayaraq Xəlil Rza sonadək mübarizə apardı”. Nizami Cəfərov Xəlil Rza Ulutürkü ən təmiz dili olan şair, Azərbaycan dilinin böyük hadisəsi adlandırdı.
AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Xəlil Rzanı istiqlal şairi adlandıraraq onun poeziyasının Azərbaycan mövcud olduqca yaşayacağını bildirdi.
Xalq şairi Zəlimxan Yaqub Xəlil Rzanın böyük türk şairi olduğunu vurğuladı və “o, Azərbaycan xalqını başının üzərinə qaldırmışdı. Bu gün Azərbaycan xalqı da çox haqlı olaraq Xəlil Rzanı bayraq kimi başının üzərinə qaldırır”- söylədi.
Şairin həyat yoldaşı Firəngiz xanım kitabın nəşrinə görə Xalq Banka minnətdarlığını bildirdi və bu kitabın 2015-ci ildə oxucular, Xəlil Rza Ulutürkün yaradıcılığının pərəstişkarları üçün ən böyük hədiyyə olacağını vurğuladı.
Kitabın tərtibçisi, tanınmış telejurnalist Yusif GünaydınXəlil Rzanı 20-ci əsr Azərbaycan ədəbiyyatının ən məhsuldar qələm sahiblərindən biri adlandırdı və topluya Xəlil Rzanın müxtəlif illərdə uşaqlar üçün qələmə aldığı şeirlərinin və bədii tərcümələrinin bir qisminin daxil edildiyini qeyd etdi. O, nəşr olunan kitabın şairin xalqa, vətənə təmənnasız xidmətə həsr etdiyi zəngin, məhsuldar və ibrətamiz ömrünün yüksək mərhələsinin daha bir təzahürü olacağına ümid etdiyini söylədi.
Çıxış edən qonaqlar Xəlil Rza Ulutürkün bədii tərcümələrini xüsusi qeyd edərək onu incə dil duyğusu olan böyük mütərcim adlandırdılar. Xəlil Rzanın müxtəlif xalqların şairlərinin poetik nümunələrini Azərbaycan dilinə böyük ustalıqla çevirdiyini və bu şeirlərin sanki öz dilimizdə yazıldığını vurğuladılar. Uşaqların, gənclərin vətəndaş kimi formalaşmasında Xəlil Rza Ulutürkün vətənpərvər poeziyasının rolu qeyd edildi və bu kitabı oxuculara bəxş etdiyi üçün Xalq Banka və “Xalq Əmanəti” layihəsinin yaradıcı heyətinə öz təşəkkürünü bildirdilər. Rəsmi hissədən sonra qonaqlar bankın bədii qalereyasında tanınmış musiqiçi Salman Qəmbərovun ifasının sədaları altında şairin müxtəlif illərə aid fotoşəkilləri və əlyazmaları ilə tanış oldular.
Əsası 2010-cu ildə qoyulan “Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq rəssamları – Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunmuş və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilmişdir. Gəncə şəhərində Xalidə Səfərova, Rza Məmmədov, Gennadiy Brijatyuk, Fazil Əliyev və heykəltəraş Qorxmaz Sücəddinovun yaradıcılığına həsr olunmuş «Gəncə rəssamları» albomu təqdim edilmişdir. Xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin və böyük nəğməkarımız Mikayıl Müşfiqin seçilmiş əsərləri, eləcə də görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı nəşr olunmuşdur.
Yanvar ayının 10-dan başlayaraq şairin pərəstişkarları kitabı Xalq Bankın Baş ofisində əldə edə bilərlər. Bu seriyadan olan kitablar hədiyyəlikdir və ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
AYB.az