AYB.az saytı xəbər verir ki, yanvar ayının 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gənc Ədiblər Məktəbi dinləyicilərinin şair Qəşəm Nəcəfzadə ilə görüşü keçirilib.

 

    “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyi uşaq ədəbiyyatı bölməsinin rəhbəri Qəşəm Nəcəfzadə “Yatmış dəniz şəkli”, “Gülümsəyən ağac”, “Qadının ölümü”, “Ölülər bizə gülür”, “Oğlum qapını aç, qapıda bir külək ölür”, “Şeirin içindəki adam” və s. kitabların müəllifidir.

    Görüşü giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid iştirakçıları salamladıqdan sonra Qəşəm Nəcəfzadənin  yaradıcılığı haqqında məlumat verib, onu ədəbi mühitdə fəal iştirak edən yazar kimi dəyərləndirib: “Bu yaxınlarda Qəşəm Nəcəfzadə “Uşaq ədəbiyyatının problemləri” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə müzakirə keçirməyi planlaşdırır”.

    Qəşəm Nəcəfzadə çıxışında özünün ədəbi baxışları, keçdiyi həyat yolu, yaradıcılıq fəaliyyəti, həmçinin vaxtilə rəhbərlik etdiyi “Pərvanə” ədəbi birliyi, onun ədəbi nəslin yetişməsindəki rolu haqqında gənclərə məlumat verib.

    Görüş iştirakçıları Qəşəm Nəcəfzadəyə yaradıcılığı, çağdaş poeziya ilə bağlı suallar ünvanlayıblar. Gənclərin suallarını çox həvəslə cavablandıran şair,  həmçinin gənc şairlərin şeirləri ilə tanış olub, onlara öz tövsiyyələrini bildirib.

    Görüşdə Qəşəm Nəcəfzadə, qonaq qismində iştirak edən şairə Cığatel şeirlərindən bəzi nümunələri səsləndiriblər.

 

AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə