Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Azərbaycan uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemləri” mövzusunda birgə yaradıcılıq müşavirəsi keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq “Müstəqillik illərində Azərbaycan uşaq ədəbiyyatı və vəzifələrimiz” mövzusunda çıxış edib. Akademik İsa Həbibbəyli bildirib ki,Azərbaycan uşaq ədəbiyyatına həsr edilmiş yaradıcılıq müşavirəsi, hər şeydən əvvəl, ölkəmizin müstəqillik dövrünün zəruri ehtiyacından yaranıb. Bunun dövlət müstəqilliyi qazanmış Azərbaycanın vətənpərvər, milli düşüncəyə malik dünyəvi dəyərlərində əhəmiyyətini dərk edən, yeni nəslinin formalaşdırılması zamanı irəli sürdüyü çağırışlar olduğunu qeyd edən akademik İsa Həbibbəyli yeni nəsil Azərbaycan uşaqlarının tərbiyəsi və təlimində Azərbaycan klassik uşaq ədəbiyyatının mühüm yer tutduğunu vurğulayıb. Abbas Səhhət, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Süleyman Sani Axundov,Məhəmməd Tağı Sidqi, Rəşid bəy Əfəndiyev, Səməd Vurğun, Rəsul Rza, Mirvarid Dilbazi, Zeynal Xəlil, Hikmət Ziya, Mikayıl Rzaquluzadə və onlardan sonrakı ədəbi nəslin nümayəndələri, xüsusən də İlyas Tapdıq, Xanımana Əlibəyli, Məstan Günər, Zahid Xəlil və başqalarının uşaq ədəbiyyatı irsini ölkəmizdə bir neçə nəslin formalaşmasında əvəzsiz mənəvi sərvət kimi səciyyələndirən institut rəhbəri müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatının yaradılması və inkişaf etdirilməsinin də ədəbi-elmi mühitimizin əsas qayğılarından, məsul vəzifələrindən biri olduğunu vurğulayıb: “Çünki uşaqlar üçün klassik uşaq ədəbiyyatı nümunələri ilə yanaşı, dəyişən dünyanı qavramağa kömək edən, ölkəmizin yeni dövrünün reallıqlarını təsəvvür etməyə təsir göstərən yeni tipli ədəbiyyata da ciddi ehtiyac vardır. Ümumiyyətlə, bütövlükdə ədəbiyyat, o cümlədən də uşaq ədəbiyyatı daim yeniləşməli və zənginləşdirilməlidir. Diqqətlə nəzər salsaq, görərik ki, Azərbaycanda hər dövrün özünəməxsus uşaq ədəbiyyatı nümunələri yaradılmışdır. Bütün epoxaların əks-sədası kimi yaranan Azərbaycan uşaq folkloru nümunələri uşaqlar üçün böyük məktəbdir. Qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatındakı «Oğluma nəsihət» silsiləsi, ibrətamiz mənzum hekayətlər poetik serialları həm də Azərbaycan uşaq ədəbiyyatının böyük dayaqlarını təşkil edir.
XIX əsrin sonlarına doğru məktəblərin zəruri ehtiyacı kimi meydana çıxmış dərsliklər milli uşaq ədəbiyyatının inkişafında geniş üfüqlər açmışdır. Məktəb və dərslik konkret olaraq uşaqlar üçün ədəbiyyatın yeni epoxasını meydana çıxarmışdır. Azərbaycan milli uşaq ədəbiyyatının qızıl fondu milli məktəblərin və dərsliklərin zəminində yaranıb inkişaf etmişdir. Uşaq ədəbiyatının böyük yaradıcıları sırasında müəllim-yazıçı və şairlər xüsusi yer tuturlar. Azərbaycan oxucusu da milli uşaq ədəbiyyatını ilk dəfə məktəblərdə öyrənmiş, dərsliklərdən oxumuşdur. Ən yaxşı uşaq ədəbiyyatı nümunələri də məktəbə, elmə, müəllimə həsr olunmuşdur. XX əsr boyu Azərbaycan yazıçıları məktəbə və elmə milli oyanış məfkurəsinin əsas hərətverici qüvvəsi kimi baxmışlar.”
Akademik isa Həbibbəyli qeyd edib ki, müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatında da maarifçilik ruhu yaşadılmaqdadır. Heç şübhəsiz, yeni dövrün maarifçi tezisləri daha fərqli olmalı, milli dəyərləri inkişaf etdirməklə yanaşı bəşəri dəyərlərin də balansını qoruyub saxlamağa xidmət etməlidir. Müasir uşaq sovet ədəbiyyatı eyni zamanda, XXI əsrin suallarına cavab verməli, əslində vətənpərvərliyin carçısına çevrilməsidir. Cəlbedici internet resursları ilə rəqabətdə çağdaş uşaq ədəbiyyatı daha canlı, sadə dildə yazılmalı, nəinki uşaqların ürəyinə yol tapmalı, onların iliklərinə işləyən ümumilli ideyalarla zəngin olmalıdır. Müstəqil Azərbaycanın yetirməsi olan yeni ədəbi qəhrəman obrazı formalaşdırılmasının uşaq ədəbiyyatının borcu və vəzifəsi olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli Əjdər Ol, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Qəşəm Nəcəfzadə, Rafiq Yusifoğlu, Reyhan Yusifqızı, İbrahim Yusifoğlu və başqaları kimi yeni nəsil uşaq yazıçılarının ardıcıl olaraq əsərlərinin çap olunduğunu, hətta Qəşəm İsabəylinin Beynəlxalq Ardersen mükafatına, Reyhan Yusifqızının Türk dünyası üzrə uşaq ədəbiyyatı mükafatına layiq görüldüklərini xüsusi vurğulayıb.
Yeni nəsil tədqiqatçıların gözündə yeni dövr uşaq ədəbiyyatının problemlərini təqdim etməklə məsələyə yeni təfəkkür işığında nəzər salmağa üstünlük verilən yaradıcılıq müşavirəsindəki müzakirələrdə ağsaqqal nəslin və orta nəslin fikirləri və mülahizələri ilə məruzələrdə səslənən məsələlərin bir-birinin tamamlayacağını qeyd edən institut rəhbəri bildirib ki, bununla biz həm yeni dövrün uşaq ədəbiyyatının, həm də müstəqil epoxasının uşaqlarının azərbaycançılıq ruhunda inkişaf etməsinə kömək etmiş olacağıq. Bu isə elmi ziyalıların və yaradıcı qüvvələrin müstəqil dövlətimiz və xalqımız qarşısında böyük borcudur.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Akademiya ilə Yazıçılar Birliyinin keçirdiyi yaradıcılıq müşavirəsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Xalq yazıçısı Ədəbiyyat İnstitutu ilə birgə keçirilən ilk tədbirin uşaq ədəbiyyatının problemlərinə həsr edilməsinin təqdirəlayiq olduğunu qeyd edərək millətin gələcəyi üçün təhsilin və mənəvi tərbiyənin vacibliyini diqqətə çatdırıb. Bundan qabaq isə məktəbəqədər təhsilin önəm daşıdığını nəzərə çarpdıran yazıçı bir sıra xarici ölkələrdən nümunələr göstərib və uşaqların bilikdən başqa müstəqil düşüncələrinin də önəmli olduğunu qeyd edib. AYB sədri alim və yazıçıların bilikdə çalışmalarının böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, göstərilən mövzu üzrə bir sıra mükafatların təsis edilməsini məqsədəuyğun hesab edib.
Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova “Uşaq ədəbiyyatı nəşrləri: tarixi təcrübəsi və müasir vəziyyəti” mövzusunda məruzə edib. O, uşaq nəşrləri və saytlar, fantastik ədəbiyyat, xarici dillərdən və eləcə də xarici dillərə tərcümə vəs. məsələlərdən ətraflı söhbət açaraq milli ideyaya və sağlam düşüncəyə malik uşaq ədəbiyyatının inkişaf perspektivləri barədə fikir və mülahizələrini bildirib. AYB Uşaq ədəbiyyatı bölməsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə “Azərbaycan Yazıçılar Birliyi və uşaq ədəbiyyatı məsələləri” mövzusunda məruzəsində televiziya proqramlarında uşaq verilişlərinin azlığı, ibtidai sinif dərsliklərinin mətnləri, qeyri-hökumət təşkilatları və bələdiyyələr tərəfindən müəyyən nəşrlərə yardım edilməsi, həmçinin bir sıra yaradıcılıq problemlərindən danışıb. Filologiya üzrə fəlsəfə doktoru Aynurə Xəlilova “Uşaq folkloru və müasirlik” mövzusundakı məruzəsində aqressivlik aşılayan cizgi filmləri, eləcə də uşaq folkloru antologiyasının yaradılması, Ədəbi tənqid şöbəsinin elmi işçisi Nərgiz Cabbarlı “Müasir uşaq poeziyasının yaradıcılıq axtarışları” adlı məruzəsində naşir-müəllif problemləri, elmi dəyərləndirmələrin davamlı olmasının vacibliyi və s. bu kimi məsələlər barədə fikir və mülahizələrini bildirərək uşaq əsərləri barədəədəbiyyatşünaslıq nöqteyi-nəzərindən dəyərləndirilən münasibətlərini diqqətə çatdırıblar. Filologiya üzrə fəlsəfə doktoru Günay Qarayevanın “Çağdaş uşaq nəsri”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Son illərin uşaq dramaturgiyası” mövzularındakı məruzələrində vətənpərvərlik və qəhrəmanlıq, elm və təhsilə maraq, estetik tərbiyə və s. kimi mənəvi keyfiyyətlər aşılayan əsərlərin yazılmasına üstünlük verilməsini qeyd ediblər.
AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid çıxış edərək uşaq ədəbiyyatının mövcud problemlərindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. Yaradıcılıq müşavirəsində filologiya elmləri doktoru, professor, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, filologiya elmləri doktoru Şirindil Alışanlı, uşaq mövzusunda yazan şairlərdən Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli,Oktay Rza və “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılovun çıxışları da maraqla qarşılanıb.Çıxış edənlər uşaq ədəbiyyatının müasir problemləri və inkişaf perspektivləri barədə fikir və mülahizələrini bildiriblər.
Sonda akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək müstəqillik dövrü uşaq ədəbiyyatının inkişaf istiqamətlərinin müəyyən edilməsi, yeni dövrün yeni vətəndaşının yetişdirilməsi məsələləri üzrə keçirilən yaradıcılıq müşavirəsinin böyük əhəmiyyət kəsb etdiyini vurgulayaraq “Uşaq ədəbiyyatı” seriyasından çoxcildliyin hazırlanması və uşaq ədəbiyyatı günlərinin keçirilməsi barədə təkliflərini səsləndirib.
Yaradıcılıq müşavirəsində alimlərlə yanaşı şair və yazıçılar, naşirlər və media nümayəndələri iştirak ediblər.
Tədbir boyu mövzu üzrə slaydlar nümayiş etdirilib.
AYB.az