Xəbər verildiyi kimi uzun sürən xəstəlikdən sonra yanvar ayının 28-də dünyasını dəyişən xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilib. İzdihamlı vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutub. Daha sonra xalq şairi I Fəxri Xiyabanda – atası, görkəmli xalq şairi Səməd Vurğunun yanında dəfn edilib.
Qeyd edək ki, Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.
Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994).
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).
Şair, dramaturq, publisist,1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999) fəxri adlara layiq görülüb.
Allah rəhmət eləsin
AYB.az