Fevralın 5-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəvəti ilə “Azərbaycan-Ukrayna Ədəbi Görüşləri” çərçivəsində ölkəmizdə səfərdə olan Ukrayna yazıçıları ilə görüşdü.
Qonaqları salamlayan nazir ölkələrimiz arasında ədəbi və mədəni əlaqələrin inkişafından söz açdı. Bildirdi ki, hər zaman inkişafda olan ədəbi, mədəni əlaqələr dövlətlər arasında əməkdaşlığa xidmət edir.
Son dövrdə Azərbaycanda mədəniyyət və ədəbiyyat sahəsində baş verən mühüm hadisələr, inşa edilən mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verən nazir onları bütün bu yeniliklərlə, paytaxtımızın tarixi-mədəni abidələri ilə tanış olmağa dəvət etdi.
Əbülfəs Qarayev ölkələrimiz arasında mədəni əlaqələrin müasir şəraitə uyğun yeni tendensiyalarla qurulmasının tərəfdarı olduğunu nəzərə çatdırdı. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, poeziya, elm və sənət adamlarının təcrübə mübadilələrinin vacibliyini vurğuladı.
Nümayəndə heyəti adından çıxış edən Ukrayna Ali Radasının deputatı Sergey Taruta səmimi qəbula görə nazirə təşəkkürünü bildirdi. O, qarşılıqlı əlaqələrin intensiv inkişafı üçün daha səmərəli metodlardan istifadənin əhəmiyyətindən bəhs etdi. Ukraynanın slavyan xalqlarının həyatında, mədəniyyətində, ədəbiyyatında rolundan danışan qonaq Azərbaycan-Ukrayna mədəni, ədəbi əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini qeyd etdi.
Görüşdə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko, Ukrayna Ali Radasının deputatı Mariya Matios, “Vsesvit” jurnalının baş redaktoru Dmitro Drozdovski, Ukrayna Yazıçılar Birliyinin katibi Lesya Mudrak, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, yazıçı Məqsəd Nur, tanınmış diktor Rafiq Həşimov iştirak edirdi.
AYB.az
Foto Orxan Əzimindir