Samux rayonunda Samux Heydər Əliyev Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşəbbüsü ilə aybKitab stendinin açılışı və xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirildi.
İlk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu. Daha sonra rəsmi qonaqlar Samux Rayon Tarix Diyarşunaslıq Muzeyi və Samux Rayon Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış oldular.
Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Samux Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə və digər rayon rəsmilərinin iştirak etdiyi aybKitab stendinin açılışında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev və Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza çıxış edərək aybKitab stendi haqqında ətraflı məlumat verdilər. Stend açılışı münasibətilə qırmızı lent və tort kəsildi.
Tədbiri Rayonun baçısı Alı Qocayev açaraq qonaqları salamladı. Sonra Samux Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Samux Abdal Ədəbi Ocağının rəhbəri Nuranə Həsənova çıxış etdilər.Tədbirin gedişində söz alan Yazıçılar Birliyinin Mətbuat Katibi Xəyal Rza öz çıxışında regionlarda belə görüşlərin təşkil edilməsinin vacibliyini vurğuladı və şeirlərini səsləndirdi.
Tədbir Çingiz Abdullayevin çıxışı və öz oxucuları ilə müzakirələri ilə davam etdirildi. Oxucuları maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda Çingiz Abdullayevin kitablarının imza mərasimi təşkil olundu.