(düşüncələrimin şairi haqqında düşündüklərim)

 

 

1960-cı illərin sonu, 70-ci illərin əvvəllərində Rəsul Rza şeirinin versifikasiya səviyyəsi, etalon-örnək mövqeyi elə bir həddə çatmışdı ki, poeziyaya ilk qədəmlərini qoyanlar istər-istəməz Rəsul Rza üslubuna üz tuturdular:

 

Aydındır şeirin dili,

istəyirsən sevincdən,

istəyirsən qəmdən yaz.

Elə aydındır bu dil,

nadan yüz yol oxusun,

yenə bir şey anlamaz.

 

O cümlədən o qədər sevgim-istəyim vardı ki, yazıya yolumu mən də şeirdən başladım. Və günlərin bir günü ayıldım ki, bütöv bir dəftər dolu Rəsul Rza şeirinə canatımlarımı ifadə edən cızma-qaralarım var. Hətta qismət belə gətirdi ki, sonralar böyük ustadın qəbulunda olub, dəftəri ona da göstərə bildim və o görüşdən mənə həmin dəftərdəki qeydlərin də şahidlik etdiyi, unudulmaz xatirələr qaldı. Hərçənd həmyaşıdlarımın da təsdiqlədiyi kimi, o illərdə ədəbi gəncliyin bəlkə də yeganə pənahı olan böyük Rəsul Rza barəsində xatirələr bir çox yazarların qismətinə düşmüş (Bu haqda ayrıca yazmağım daha doğru olar). Doğrudur, mən şair olmadım. Görünür, ustad qeydlərinin də təsiri olmuşdu. Amma içimdəki yazmaq həvəsi məni nəsrə gətirib çıxardı və bir yazımda da vurğuladığım kimi, bu dəfə Rəsul Rza yolunun, Rəsul Rza üslubunun layiqli davamçısı Anar yaradıcılığından öyrənəsi oldum.

Ədəbi ənənələrin varlığı bəlkə də elə onunçün vacibdir ki, ədəbiyyata gələn hər bir sonrakı nəslin nümayəndələrinin doğru yol, düzgün istiqamət götürməsinə təkan versin. Haqqında bəhs açdığım dövrdə isə Rəsul Rza şeiri nəinki ədəbi ənənə, meyar, örnək idi, habelə zamanı ən gözəl ifadə edən canlı müasirliyin özü idi. Bir çox ədəbi tənqidçilərin də təsdiqlədiyi kimi, bu illərdə ustadla yanaşı, şeirdə sırf  Rəsul Rza yolunun davamçıları olan Fikrət Qoca, Fikrət Sadıq, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Çingiz Əlioğlu və b. neçə-neçə şairin qələm çaldığını görürük. Üstəlik, poeziyada yerini, dəst-xəttini məhz dövrün aparıcı üslubu, Rəsul Rza şeiri ilə bəhsləşmədə, yarışmada tapanları da bura əlavə etsək, ədəbiyyatımızda Rəsul Rza hadisəsinin miqyası bizə daha aydın olar.

Əlbəttə, niyyətim heç də dəfələrlə təsdiqlənmiş faktları sadəcə yada salmaqdan ibarət deyildir. Düşüncələrimin istiqamətini bugün də  ədəbi dövriyyədən çıxmayan, təkrar-təkrar maraq və mübahisələr doğuran, həmin faktlardan daha yüksəkdə duran Rəsul Rza hadisəsinin özü və mənim bu barədə mülahizələrim təşkil edir. Nədədir Rəsul Rza üslubunun özəlliyi, həmin şeiri bugün də yaşadan, köhnəlməyə qoymayan şah damar hansıdır?

Adətən ədəbiyyatımızda 1960-cı illərin poetik ab-havasından söz açanlar süni şəkildə Səməd Vurğun – Rəsul Rza qarşılaşması yaratmağa çalışır, mənzərəni müxtəlif poetik üslubların, məktəblərin toqquşması şəklində təqdim edirlər. Əlbəttə, sünilik amilini kənara qoysaq, düşünürəm ki, bu qarşılaşdırma məqamında qorxulu heç nə yoxdur. Əvvəla, ona görə ki, Rəsul Rza şeiri həmişə polemik ruhda olmuşdur, irəlidə bu cəhəti  əsaslandırmağa çalışacağam. İkincisi, zaman faktoru öz sözünü deyirdi. Şeirdə Rəsul Rza üslubunun önə çıxması, heç də Səməd Vurğun şeirinin klassik ölçü və missiyasını ləğv etmirdi. Əksinə, bu şeiri yenidən dəyərləndirməyə də təkan verirdi.

Böyük bir dövr ərzində - 1930-50-ci illərdə Səməd Vurğun şeiri Azərbaycan poeziyasının aparıcı istiqaməti kimi milli varlığımızı ən bariz şəkildə ifadə etmişdir. Bu heç də həmin dövrün digər şairlərinin yaradıcılığına kölgə salmadığı kimi, 1960-cı illərdən Rəsul Rza şeirinin qabaqcıl mövqeyi də 1960-1980-ci illər şeirinin poetik üslub əlvanlığını inkar etmir. Məsələ burasındadır ki, S.Vurğun artıq həyatda yox idi və sovet dönəmində onun yaratdığı möhtəşəm Azərbaycançılıq üslubu da dünəndə qalmışdı. Yeni epoxada yeni liderə ehtiyac vardı. Elə bir liderə ki, Azərbaycançılığı yeni şəkildə, dövrün tələblərinə və ritminə uyğun şəkildə poeziyada yarada və davam etdirə bilsin. Bu işi Rəsul Rza şeiri həyata keçirdi və S.Vurğun məktəbi ilə yanaşı, artıq vurğuladığımız kimi, məktəb səviyyəsinə yüksəldi. O da təsadüfi deyil ki, S.Vurğun ocağının yetirməsi, şairin oğlu Vaqif Səmədoğlu da ilk kitablarında məhz şeirdə Rəsul Rza məktəbinin nümayəndəsi kimi çıxış edir, Rəsul Rza üslubundan təkanlanaraq öz fərdi poetik üslubunu yaradır.

Rəsul Rza üslubunun üstünlüyünü sərbəst şeir – heca şeiri qarşıdurmasında arayanların da son halda yanıldığını görmüşük. Əvvəla, əsas dəlil bu olmuşdur ki, Rəsul Rza yaradıcılığı boyu sərbəstlə yanaşı, eyni uğurla heca vəzninə də müraciət etmişdir. Bu dəlil xüsusən möhtəşəm üslubun hakim olduğu 1930-1950-ci illərdə təsdiqini tapır. Rəsul Rzanın bu dövrdə yazdığı ən gözəl lirik şeirlər heca vəznindədir, bir çoxuna hətta nəğmələr də bəstələnmişdir.

Digər tərəfdən, faktlar üzə çıxdıqca bəlli olur ki, sərbəst şeirə Azərbaycan poeziyasında Rəsul Rzaya qədər də müraciət olunmuşdur (Əli Nazim, Mikayıl Rəfili). Və hətta bu dəlilə əsaslanaraq, Rəsul Rza şeirinin novatorluğunu danmaq həvəsində bulunanlar da peyda olur. Halbuki Azərbaycan sərbəstinin yaranmasında Rəsul Rza şeirinin qəti rolu heç də xronoloji birinciliklə ölçülmür, əksinə keyfiyyət və ardıcıllığı ilə şərtlənir. Anar yazır: “Otuzuncu illərdən altmışıncı illərə qədər tək bir Rəsul Rzanın adıyla bağlı olan, bu gün yeni ədəbi nəsillərin gur axınıyla (doğrudur, bu axın bəzən gərəksiz çör-çöpü də gətirir) yenilməzliyi bir daha təsdiqlənmiş, Azərbaycan milli şeirinin əruz və hecayla bərabər üçüncü doğma vəzni kimi qəbul edilmiş, təcrid çəpərlərini yıxıb çıxmış sərbəst şeir tariximizin ilk mərhələsində onun beşiyi başında dayananlardan, onu tənələrdən, hədələrdən, rişxəndlərdən qoruyanlardan biri də Mikayıl Rəfili idi. Rəsul Rzanın “Bəlkə də” şeiri Mikayıl Rəfiliyə ithaf olunub…” (Anar, Təsəllisiz yaşamağı bacarmaq və ya “bədbəxt adam”ın xoşbəxtliyi” – “Azərbaycan” jurnalı, 2014, № 9, s. 15) XX əsr şeirinin vəzni olan sərbəstin Azərbaycan dilinin ahəng və qanunlarına uyarılmasında, milli şeirə otuzdurulmasında Rəsul Rzanın həlledici rolu danılmazdır. 1920-1930-cu illərdə elə bir şair olmamışdır ki, sərbəst vəznə müraciət etməsin, amma axıracan bu missiyanın öhdəsindən gələn məhz Rəsul Rza olmuşdur. Belə ki, rus şeirində V.Mayakovskinin, türk şeirində Nazim Hikmətin həyata keçirdiyi missiyanı Azərbaycan şeirində Rəsul Rza reallaşdırmışdır.

Bununla belə, düşünürəm ki, Rəsul Rza üslubunun özəlliyi sadəcə ahəng və forma-struktur xüsusiyyətləri ilə ölçülə bilməz. Bu şeirin üstünlüyü, təkrarsızlığı ilk növbədə düşüncə sərbəstliyində, sərbəst düşüncədə özünü tapır və məhz bu sırada sərbəst şeirin imkanlarından dolğun şəkildə yararlanır. Rəsul Rza şeiri ruh etibarilə polemik, barışmaz, mücadiləçi şeirdir. Anar Rəsul Rza haqqında kitabını heç də təsadüf olaraq “Bolşevik yazı” şeirindən aldığı “Mübarizə bu gün də var…” vurğusu ilə adlandırmamışdır. İlk şeirlərindən olan “Bolşevik yazı”dakı mübarizə əzmi şairi heç zaman tərk etməmiş, əksinə: “Mənim şeirim bu günün, / bu gündür mənim şeirim…” – deyə yaradıcılığı boyu yüksələn xətlə, daim poetik kredosunu ifadə etmişdir.

Maraqlıdır ki, Rəsul Rza yeni dövrə keçidi səciyyələndirən “İllər və sətirlər” kitabını da “Bolşevik yazı” manifesti ilə açır. Seçilmiş şeirlərindən ibarət həmin kitabının bir bölməsini şair “Yeni şeirlər” adlandırmış, amma önəmlisi budur ki, bura yalnız təzə yazdığı şeirlərini deyil, həm də 1930-cu, 1940-cı və 1950-ci illərin birinci yarısında yazdığı şeirlərini də daxil etmişdir. Bu, məhz bütün dövrlər üçün yeniliyini saxlayan, polemik ruhlu, mücadiləçi şeirlərdir. Bu şeirlərdə mübarizə – sadəcə sosial anlayış deyil, həyatın dialektikasını ifadə edən fəlsəfi kateqoriyadır. Belə ki, şairin hecada qələmə aldığı:  “Belə məğrur dayanmağa haqlıyam/ Mən kökümlə bu torpağa bağlıyam…” deyə səsləndiyi məşhur “Çinar” şeiri ilə yanaşı, həmin 30-cu illərdə və məhz sərbəstdə yazdığı “Torpaq olmuş sümüklər” şeiri: “Bəsdir, yetər!../ Nədən, neçin, verməliyəm/ torpaq olmuş/ sümüklərin/ hesabını!..” – deyə etiraz ruhu ilə bitirdi.

Yaxud 1953-cü ildə qələmə aldığı və sanki qəsdən “Uzaq yol, dəvələr və müdrik bir qoca haqqında epik-lirik mənzum roman” adlandırdığı yığcam şeirindəki polemik ruh da çox barizdir:

 

Qoca dedi:

-Vaxt var ikən gedək!

Mənzil uzaq, ömür gödək.

Demə, – dözümlüdür dəvələr. –

Bəlkə belə düşünmədi nəvələr.

 

Rəsul Rza “şeirin dili”ni anlamayıb, forma-məzmun dəllallığı edən mövqelərə qarşı həmişə barışmaz olmuşdur. 1950-ci illərdə şeir estetikasının dəyişməsi zərurətini ilk hiss edən şair Rəsul Rza idi. Mündəricə etibarilə təzə, insana, insanın gündəlik yaşamlarına köklənmiş “İnsan”, “Mən insanam”, “Çeşid-çeşid insanlar” və s. kimi şeirlərlə yanaşı, şair “şeir dəllalları”na estetika dərsi keçməkdən də çəkinmirdi. “Şeir vəzni və məhəbbət haqqında dastan” adlandırdığı şeirini bugünkü təbirlə əsl epataj adlandırmaq olar.

 

Hansı vəznə salım ki, mən məhəbbətin acı-şirin sözünü,

Yeknəsəqlik yelləriylə soldurmayım alovunu-közünü…  

 

– deyə, 19 hecalıq misralardan başlayıb, şair 16 hecalıq şeirdən bir hecalıq şeirə qədər beyt-beyt gəzişərək, həm də milli şeirin imkanları barəsində xrestomatik bir müqəddimə verir. Bu, şairdən forma-vəzn istəyənlərə cavab idi. Daha sonra:

 

Soruşarsınız, sərbəst hanı?

Gəlib versin

vəzn və qafiyə meydanında

kamal imtahanı!

 

–deyə, ikinci hissədə sevib-sevilən gənclər haqqında şeirini məhz sərbəstdə ifadə edir. Həm də bu dəfə yalançı “məzmun patriotluğu”na, “riya xətəliyi”nə tutulanlara qarşı “nə Fərhad/ nə Məcnun,/ nə də Kərəm” sevgisi yox, adi insan sevgisinin reallığını qoyur:

 

Sevdi və bildi ki,

canlı – insan bir qadını sevir.

İnsan ünsiyyətinin,

insan mehrinin

insanı məst edən

dadını sevir.  

Bəli, bir insanı, bir qadını sevir…”

 

Beləliklə, Rəsul Rza şeiri 1960-cı illərdə poetik bir məktəbə çevrilənəcən böyük mübarizələr və estetik mücadilə yolu keçir. Şairin dünyanı poetik dərki və özünü-təsdiqi fərdi yaradıcılıq əzablarından doğulur və heç də sonralar çoxlarına göründüyü qədər asan olmur. Bu yolda Rəsul Rza şeiri hər zaman ümumbəşəri nihilizmdən və milli məhdudluqdan uzaq olmuşdur.

 

Mayın19-da, mən anadan olmuşam;

qırx və neçə il qabaq.  

Elə bu vaxt bir nəfər

yapışdı biləyimdən.

–Aha, düşdün əlimə!

Sən bir təşəxxüsə bax!

Eqosentrizmə bax!

Mən! Mən!

Bəs xalq!

Bəs vətən?

Bəs doğma ellər hanı?

Bağla burda dastanı!

Sən burda bir izmə bax!

Sən bir nihilizmə bax!

Diqqət edin sözünə.

Nə dekabr, nə yanvar,

Mayı seçib özünə… (Anket əhvalatı, 1957)

Belə ki, şairdən konkret detallar, sosializm həyatının gerçəklərini istərkən, sanki polemik olaraq o, insan hissləri, duyğuları, sevinc və ağrılarını “Rənglər”ə çevirirdi:

 

Gördüyümüzdən artıq görmək istəməsək

hər rəng adicə boyadır.

Rənglərin də musiqi kimi ahəngi var.

Ağrınn, sevincin, ümidin də rəngi var.

Düşündükcə açılır

əlvan səhifələri rənglərin.

Canlanır gözümüzdə rəngi

ömrün, mübarizənin,

qəlbin, nifrətin,

gecənin, səhərin

və insan taleyinin (Üvertüra)

 

Mücərrəd insanlıq dəyərləri söhbət predmeti olanda isə əksinə, mövzuya əyani konkretlik gətirməyə çalışırdı:

 

Bu gecə qonağım Üçlərdi.

Ağlın bəlasını çəkmiş,

əsrin cəfasını çəkmiş,

ölülər aləminin yasını çəkmiş 

Üçlər… (İsgəndər, Çatski və Çaylı Harold, 1967)

 

Məcaz bolluğu Rəsul Rza şeirinə yad deyil. Amma eyni zamanda bu şeir metafora yalanına dözmür, qarşısına həyatın publisist  nəfəsini, detal və təfərrüat sırasını çıxarmaqdan çəkinmir. Şairin küçələrə həsr olunmuş bütöv silsilə “Dinləyək küçələri” adlı şeirləri bəzəksiz-boyasız insan mənzərələrinə üz tutur:

 

Mən baş küçəyəm.

Qayğısız görünürəm üzdən.

Gecələrim seçilmir gündüzdən.

Təpədən dırnağa daş küçəyəm.

Sevincim də var,

kədərim də.

Çox adam görmüşəm,

çox şey eşitmişəm

yan səkilərimdə… (Baş küçə, 1970)

 

Rəsul Rza şeiri meditativ şeirdir. Düşüncələr axını uzaq və yaxın assosiasiyalar doğurur:

 

Od nə çəkdi,

            küldən soruş!

Baş nə çəkdi

            dildən soruş!

İşə susuz barmaqların

             kədərini insan bilir.

Nəğmələrin həsrətini

             bir qırılmış teldən soruş! (Soruş, 1964)

 

Amma eyni zamanda metonimik həyat lövhələri, yaşamlarında təsdiqlənir:

     

Biri dedi:

həyat qumardır.

Biri dedi: bahardır;

gah tufanlı,

gah mülayim olur

havalar.

Biri dedi: biyardır.

İstəsən də, istəməsən də

çək yükünü. 

Biri dedi: xumardır,

ayılanda

biz-biz edir tükünü.

Biri dedi: qabardır:

əllərdə, kürəklərdə.

Biri dedi:

etibardır ürəklərdə…

 

–rəngarəng çalarlı paralelizmlərdə davam edən şeir əsl polemik ruh yaradır. Fikir ənginliyi, həyat zənginliyi ilə tamamlanır, poetik üslub belə yaranır:

 

–Həyat bütün bunların

Qarışığıdır.

İnsanın əbədi

səadət axtarışıdır.

Əzabı da var,

sevinci də,

zəhməti də,

dinci də.

Həyat özü

nə ağdır, nə qaradır.

Həyatın ahəngini,

həyatın hər rəngini

insanlar yaradır (Həyat haqqında, 1969)

 

Rəsul Rza şeiri Azərbaycan insanının duyğusu, düşüncəsi, xarakterini verir:

 

...Qulaq asın Cəlilin sözünə!

Nə ədavət saxlayın,

nə dava-dalaş salın!

İnsanda insan oyadın!

Kamança çalın!

Kim sındırsa kamançanı,

halaldır qanı! (Kamança, 1967)

 

Amma eyni zamanda bu şeirdə dünya insanının intellekti, problemləri, konfliktləri təcəssümlənir:

 

Mən istəyirəm,

buludlar ağlasın

uşaqlar ağlamasın;

analı ya anasız.

Mən istəyirəm:

güllər açılsın,

güllələr açılmasın;

amanlı ya amansız… (Məndə ixtiyar olsa, 1964)

 

Və beləliklə, demək olar ki, XX əsrin ortaları və ikinci yarısında Azərbaycan milli varlığını dünyaya car çəkən və tanıdan məhz Rəsul Rza şeiri olur. Nazim Hikmət, Pablo Neruda, Nikolas Qilyen kimi o da xalqının dünyada haqq bağıran səsi kimi çıxış edir.

 

Pəncərəmi açdım sabaha:

Gördüm insanlar keçib gedir

illər üstündən,

aylar üstündən.

Sərhəd dirəklərindən körpülər salınıb;

dənizlər üstündən

çaylar üstündən.

Zindan daşlarından yollar çəkilib,

kəndlər arasında,

şəhərlər arasında.

Bu yollardan keçib gedir insanlar;

ağı da,

sarısı da,

qarası da.

Mən də onların içindəydim,

Siz də,

bu gün inamlı,

sabah ümidli qəlbimiz də.

Çağırdım, ey qardaşlar!

-Qardaş! – deyə, səsləndi min bir ağız… (Gələcəyə səyahət, 1961)

 

Rəsul Rzadan sonra, onun məktəbini təmsil edənlər ustadın irsindən hərəsi bir budaq alaraq, onu intişar etdirdilər, müasir Azərbaycan şeirini poetik rəngarəngliklə zənginləşdirdilər. Rəsul Rza şeiri poeziyamıza müasir fikir hüdudları bəxş etdi, ritm dərsi verdi, qafiyə sərbəstliyi və qafiyəsizlik məharətini öyrətdi. Şairlər ondan dünyaya yaxınlıq, dünyayla həmahənglik və barışmazlığı öyrəndilər.

 

Mən yolçuyam.

Mən yoldayam.

Od nə çəkdi,

küldən soruş!

Hansı şeirim,

hansı sözüm

yaşayacaq məndən sonra,

mən bilmirəm,

eldən soruş! (Soruş, 1964)

 

Rəsul Rza şeiri Azərbaycan oxucusuna geniş düşünmək bacarığı aşıladı, polemik ruh və fikir hərəkəti gətirdi. Oxucusu və pərəstişkarı olaraq, ustad Rəsul Rzanın həyat və  poetik üslubunu mən bütün bu cəhətlərin vəhdətində görürəm.  Sərbəst düşüncə insana xasdır, şeirlə düşünmək istedadı – şairə. Məhz bunların vəhdətinə nail olduğu üçündür ki, Rəsul Rza şeiri hər zaman müasirdir, ölməzdir.


Səyyad ARAN
May, 2015

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə