Fikrət Qoca AZƏRTAC-a müsahibəsində artıq 6 cildin hazır olduğunu bildirib. Qeyd edib ki, kitablarda roman və povestləri də yer alacaq, “Taleyin ağır taleyi” romanı isə bu günlərdə çapdan çıxacaq. Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən, 1990-cı il hadisələrinin, zorla sürükləndiyimiz müharibə ağrılarının əks olunduğu “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” əsərləri də səkkizcildliyə daxil ediləcək.
Müasir ədəbiyyatımızda sözlərinə ən çox mahnı bəstələnən şair, bəlkə də 150-dən çox mahnı mətninin müəllifi olan Fikrət Qoca öz müdrikliyi və həyatsevərliyi ilə həmişə oxucuların sevimlisi olub. “Anacan, dostum evlənir” , “Bakı”, “Günay”, “Gəl, ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və digər nəğmələri dillər əzbərinə çevrilib.
Bu günədək şair “Qağayı”, “Hamıya borcluyam”, “Dənizdə ay çiməndə”, “Od gəlini”, “Yatmadığım gecələrdə”, “Günlərin bir günü”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Seçilmiş əsərləri”, “Eldən-elə, dildən-dilə”, “Sükutun səsi” və digər kitablarını oxucuların ixtiyarına verib.
Fikrət Qoca poeziyasında Azərbaycan şeirinin gözəlliyi, axıcılığı ilə yanaşı, müəllifin mənəvi aləmi və şəxsiyyəti də öz əksini tapıb. O, özündən sonra gələn ədəbi nəsillərə şeir yazmaqdan əlavə, səmimi, səxavətli, cəsarətli, sədaqətli olmağı, yaxşıların qədrini bilməyi, bir sözlə, insanlığı öyrədib. Ona görə də Fikrət Qoca poeziyası öz yolu, məsləki, halallığı olan poeziya kimi həmişə sevilir və hər zaman şair oxucuların həyatına, düşüncəsinə öz ziyasını saçaraq, onları işıqlı gələcəyə səsləyir...
Zərəngiz Mansurova