May ayının 27-də Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı Seyran Səxavətin ikicildilk "Seçilməmiş əsərlər"inin təqdimatı keçirilib.
Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq Seyran Səxavətin yaradıcılığı, insani keyfiyyətləri ilə bağlı fikirlərini bölüşüb.
Bakı Dövlət Universitetinin professoru İfrat Əliyeva bildirib ki, Seyran Səxavət haqqında danışmaq o qədər də asan deyil:
"Seyran müəllimi oxumaq, dərk eləmək üçün yaradıcılığına dərindən bələd olmaq lazımdır. İnsanın daxili aləmində gedən təbəddülatları, insanı insan edən keyfiyyətləri, cəmiyyətdəki mövqeləşməni, yaxşını pisdən ayırmağı onun əsərlərində görə bilərik.
Seyran Səxavəti bizə sevdirən onun əsərlərindəki həyat, insan və sevgisidir. Seyran Səxavət Azərbaycan nəsrinin ən gözəl yaradıcılarından biridir. Ədəbiyyata 1962-ci ildə gəlib. Onun tərcüməyi-halı ilə tanış olanda şeirlərinin də nəsri qədər gözəl olduğunu görürük.
Seyran Səxavət çox duyumlu adamdır, insanı ilk baxışdan tanıma qabiliyyətinə malikdir. O təkcə duymur, həm də hər şeyi görür və hiss edir. Mən bunu onun "Yəhudi əlifbası", "Qızıl teşt", "Qaçhaqaç" əsərlərinə əsaslanıb deyirəm.
Mən özümü Seyran Səxavətin əsərlərində tapıram. O xoşbəxt adamdır, ədəbiyyata şeirlə gəldi, gördü ki, misralara sığışa bilmir, sonra nəsrdə özünə geniş meydan tapdı. Onun nəsri axıcı, təkrarolunmazdır".
Professor Cəlil Nağıyev deyib ki, yaxından tanıdığı, sevdiyi, bütün ömrü boyu bağlı olduğu Seyran Səxavət haqqında danışmaq böyük məsuliyyətdir:
"Mən Seyranla 1963-cü ildən tanış olmuşam. Artıq 52-ci ildir ki, Seyranla bir yerdəyik. Bu taleyin işidir ki, həyatımızdan çox dostlar gəldi getdi, yaxınlar, uzaqlar oldu, amma Allahın lütfüdür ki, bu qədər müddət ərzində Seyranla bir dəfə də sözümüz çəp gəlmədi, münasibətimiz pozulmadı. 50 il bundan əvvəl bir-birimizə necə səmimi idiksə, o səmimiyyət bu gün də qalır.
Seyranı mənə və hamıya sevdirən xüsusiyyəti həm insan, həm də yazıçı kimi səmimiyyətidir. Seyran heç vaxt nə yazısında, nə davranışında saxtalıq etməyib.
Mənə elə gəlir ki, bu onun ən böyük məziyyətidir. 50 il ərzində nələr, kimlər dəyişdi, amma Seyran dəyişmədi".
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli təqdim olunan kitabların hər ikisi ilə tanış olduğunu vurğulayıb:
"Kitablara çox orijinal ad qoyulub: "Seçilməmiş əsərlər". Burda həqiqət də var. Həqiqət odur ki, Seyran müəllim intensiv yazan və hər il də çap olunan qələm sahiblərindəndir. Bura Seyran müəllimin evdə saxladığı,- xüsusilə birinci cilddə- qüdrətli şeirlər daxil edilib.
Seyran Səxavətin həm poeziya, həm də nəsri eyni gündə təqdim eləməyi mənə elə gəlir ki, rəmzi məna daşıyır. İnsan yüngül yükləri rahatca bir kənara qoya bilər, amma ağır yükün altına girəndə dizlərini yerə qoyur.
Mənə elə gəlir ki, Seyranın bu gün təqdim edilən poeziya və nəsr kitabları yerə atdığı dizləridir. Bu, sözün bütün mənalarında belədir. Çünki Seyran Səxavətin ondan sonra yaranan bütün povestləri, romanları, bütün dram əsərləri bu iki dizin üstündə dayanır. Seyran Səxavət çox böyük istedada malik bir insandır.
Seyran müəllimin sənətdə çox zil səsi var. Yəni, o yazıda istədiyi nöqtəyə qalxa bilər. Onun bu kitablarının hər ikisində dönə-dönə zilə qalxdığının şahidi oluram. Seyran Səxavətin insana təsir eləyə bilməyən bircə cümləsi də yoxdur. Həm də insanı güldürə-güldürə, insanın içini işıqla doldura- doldura düşündürməsi möcüzədir.
Seyran Səxavət bizim ədəbiyyatımızın sirri-sehri olan qələm sahiblərindən biridir. Onun əsərləri Nizaminin, Füzulinin, Mirzə Cəlilin və bütün böyük dahi sənətkarlarımızın əsərləri kimi bizim xalqımızın milli, mənəvi və ədəbi sərvətinə çevrilib ".
Professor Fəridə Səfiyeva Seyran Səxavət nəsrinin özəllikləri ilə bağlı düşüncələrini dilə gətirib:
"Çox qəribə hal idi ki, Seyran müəllim kimi yazıçının yaradıcılığı haqda tədqiqat işi yox idi. Azərbaycan Dillər Universitetinin ədəbiyyat kafedrası olaraq biz ilk dəfə bu mövzunu doktorantımız Xəyalə Əfəndiyevaya verdik. Xəyalə də bu işə ürəklə yanaşdı.
Hesab edirəm ki, Seyran müəllimin əvvəllər çap olunmamış əsərlərinin kitablara daxil edilməsi həm də bizim kafedranın uğurudur və mən buna görə çox sevinirəm".
Professor Nizaməddin Şəmsizadə Seyran Səxavətin hər zaman özünə, öz sözünə, üslubuna sadiq qaldığını dilə gətirib:
"Seyran Səxavət heç vaxt konyukturaya getməyib. Zamanın, zəmanənin necə dəyişməsindən, nəyin aktuallaşmasından asılı olmayaraq hər zaman öz inandığı, bildiyi həqiqəti yazıb".
Tənqidçi, professor Vaqif Yusifli, Seyran Səxavət yaradıcılığının tədqiqatçısı Xəyalə Əfəndiyeva və digərləri çıxış edib yazıçı haqda fikirlərini bölüşüblər. Daha sonra müəllif şeirlərini oxuyub, tələbələrin suallarını cavablandırıb.
Bakı Dövlət Universitetinin çinli tələbəsi də Seyran Səxavət haqda azərbaycanca danışıb və ona Çindən gətirdiyi hədiyyəsini təqdim edib. Tədbirin yaddaqalan məqamlarından biri isə tələbələrdən birinin Seyran Səxavətin muğamlarımıza sevgisi haqda sualına yazıçının cavabı olub.
Rəşad Məcidin təklifi və məclis iştirakçılarının xahişi ilə yazıçı oxucuları üçün kiçik bir muğam da ifa edib.
Sonda yazıçı qonaqlar üçün kitablarını imzalamazdan öncə iştirak və çıxış edən hər kəsə təşəkkürünü bildirib.
AYB.az