İyunun 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə Azərbaycanda V Şairlər Gününə həsr edilmiş tədbir keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar tədbirin böyük şair Mikayıl Müşfiqin və xalq şairi Vaqif Səmədoğlunun doğum günündə keçirilməsini, bu dəfəki V Şairlər Gününün Nurəngiz Günün xatirəsinə həsr edilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Tədbirdə Nurəngiz Günə həsr edilmiş film nümayiş etdirilib.

AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza bu tədbirin ölkəmizdə artıq 5 ildir ki, keçirildiyini və builki mərasimin məhz şairə Nurəngiz Günün anılması ilə başlandığını heç də təsadüfi olmadığını söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibəyli çıxışında şairlər günündən və bu tədbirin Azərbaycan ədəbiyyatı üçün vacibliyindən söz açıb.

Çıxış edənlər arasında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, şair Səlim Babullaoğlu Şairlər Günündən danışıb və şeir səsləndirib. 

Bildirilib ki, Azərbaycan Şairlər Günündə həmişə olduğu kimi, bu dəfə də ölkəmizin, habelə dünyanın 10-dan çox ölkəsindən incəsənət, mədəniyyət xadimləri, tanınmış şairlər və ziyalılar iştirak edirlər.

Tədbirdə ölkəmizin və qardaş xalqlar ədəbiyyatının təmsilçiləri olan şairlər həyata, dünyaya və insana məhəbbət hissindən yaranmış şeirlərini səsləndiriblər.

Mərasimdə xarici ölkələri təmsil edən şairlərə “Mikayıl Müşfiq” diplomu və Nurəngiz Günün “Qalanlara” kitabı hədiyyə edilib. Hədiyyə alanlar içərisində Ukraynanın tanınmış radioaparıcısı Konstantin Doroşenko, Gürcüstan yazıçısı Givi Alxazişvili, Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, Moskvada yaşayan şairəmiz Nilufər Şıxlı və başqaları da vardı.

Bir neçə azərbaycanlı qələm sahibinə də “Mikayıl Müşfiq” mükafatı təqdim olunub.

Sonda incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə