TÜRKİYƏNİN MƏDƏNİYYƏT VƏ TANITMA MÜŞAVİRİ İLƏ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ KEÇİRİLƏN VİDA TƏDBİRİNDƏ “ÇANAQQALA. MİLLİ RUH” KİTABININ TƏQDİMATI KEÇİRİLİB



Ötən gün Yazıçılar Birliyində «Çanaqqala. Milli ruh» kitabının təqdimatı və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslanla vida tədbiri keçirilib.

Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq bildirib ki, «Çanaqqala. Milli ruh» kitabında şanlı Çanaqqala zəfərinin 100 illiyi münasibətilə Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirdiyi ədəbi müsabiqəyə təqdim olunan mətnlər yer alıb: «Şeir, hekayə və məqalə nominasiyaları üzrə keçirilən müsabiqəyə 45 şeir, 11 hekayə və 26 məqalə təqdim olunub. Müsabiqənin qalibləri, eləcə də yazıçılar və media nümayəndələrindən ibarət iki qrup Çanaqqalaya səfər etdi. Bütün bu işlərin təşəbbüskarı və təşkilatçısı Seyid Əhməd Arslandır. Buna görə biz Türkiyənin Azərbaycandakı səfirliyinə, eləcə də Seyid Əhməd bəyə təşəkkürümüzü bidiririk. Bugünlərdə Seyid Əhməd bəy Azərbaycandakı bir neçə illik fəaliyyətini yekunlaşdırıb Türkiyəyə qayıdır. Bu illər ərzində onun öz vəzifəsini layiqincə yerinə yetirdiyi barədə bir çox tədbirlərdə fikrimizi bildirmişik. Seyid Əhməd bəy bu illər ərzində bizə çox doğmalaşıb. Ümid edirik, bundan sonra da onu tez-tez Bakıda görəcəyik. 

AYB-nin sədri, Xalq yazıçısı Anar «Çanaqqala. Milli ruh» kitabının nəşrini sevindirici fakt kimi səciyyələndirib və Türkiyə səfirliyinə minnətdarlığını bildirib: «Türkiyə səfirliyinin təşəbbüsü ilə bu yaxınlarda biz də Çanaqqalada səfərdə olduq. Mən, demək olar ki, Türkiyəni hər yerində olmuşdum, amma indiyədək Çanaqqalaya yolum düşməmişdi. Bu səfərdən sonra başa düşdüm ki, çox vacib bir yerdə həyatın çox vacib bir səhifəsini indiyə qədər açmamışam.
 
Çanaqqala doğrudan da həm türk zəfərinin, həm də türk mənəviyyatının simgəsidir. Zəfər aydın məsələdir, mənəvi zəfəri isə ondan ibarətdir ki, böyük Atatürkün sözləri orada öz əksini tapıb. Orada deyilir ki, Çanaqqalada döyüşən əcnəbi orduların şəhidləri də bizim övladlarımızdır. Mən dünya tarixində belə bir fakta rast gəlməmişəm ki, bir sərkərdə, bir başçı düşmən haqqında belə hörmətlə danışsın, düşmən əsgərlərin məzarlarına belə sayğıyla yanaşsın. Bu da türk xalqının böyüklüyünün daha bir göstəricisidir. Bu kitabın çapında Seyid Əhməd Arslanın böyük rolu var. Ümumiyyətlə, indiyədək Seyid Əhməd bəy bu istiqamətdə xeyli işlər həyata keçirib və indi ölkəmizdən ayrılır. Düşünürəm ki, bu müvəqqəti ayrılıqdır, o nə zamansa, hansısa şəkildə yenidən Azərbaycana gələcək.

Azərbaycan ədəbiyyatı və mədəniyyəti naminə gördüyü işlərə görə mən istəyirəm ki, Yazıçılar Birliyinin katibliyinin qərarı ilə ona Bəxtiyar Vahabzadə mükafatını təqdim edim. Bu mükafat Seyid Əhməd Arslana Azərbaycan ədəbiyyatının və mədəniyyətinin ölkədən kənarda təbliğinə görə verilir».

Çıxışını kövrək notlara kökləyən Seyid Əhməd Arslan qeyd edib ki, bugünlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü zamanı nazir onu çox qürurlandıran bir söz söyləyib:
 
«Əbülfəs bəy dedi ki, Azərbaycandan Türkiyəyə bu dəfə Azərbaycanın mədəniyyət və tanıtma müşaviri olaraq gedirsiniz. Bu həqiqətən də belədir. Bu vəzifənin həyatımda ayrıca bir yeri oldu. Azərbaycanı həmişə digər bir vətənim bildim. Azərbaycan Yazıçılar Birliyi isə hər dəfə bizə qucaq açdı, bizə hər dəfə sevgi, şəfqət göstərdi. Bunun üçün, başda Anar müəllim olmaqla, Yazıçılar Birliyinin bütün rəhbərliyinə təşəkkür edirəm. Bu gün Bəxtiyar Vahabzadə kimi, vurğunu olduğum bir şəxsiyyətin adını daşıyan mükafata layiq görülməyim isə mənim üçün gözlənilməz və çox xoş oldu. Azərbaycan və Türkiyənin tarixin dərinliklərindən gələn o qədər çox tale birlikləri var ki, hətta Çanaqqalada da bu birlik özünü göstərdi.

“Əcəba, Azərbaycanda Çanaqqalada bizim bilmədiyimiz, görmədiyim, eşitmədiyimiz nələr var” deyə bununla əlaqəli bir ədəbi müsabiqə keçirdik. Müsabiqəyə xeyli material təqdim olundu, bu mətnlərdən ibarət 400 səhifəlik bir kitab ərsəyə gəldi. Bu mətnlər içərisində göz yaşları ilə oxuduqlarım da oldu. Kitabın həcmi bir daha sübut elədi ki, Çanaqqala mövzusuna azərbaycanlı yazarlar da həssasdır. Bu kitabın nəşri ilə Türkiyə ilə Azərbaycanın tarixin dərinliklərindən gələn birliyinə bir töhfəmizin olmasını istədik.

Türkiyəyə döndüyüm bu ərəfədə bu kitabın çap olunmasının iftixarımızı artırmanın xoşbəxtliyini də yaşayırıq. Azərbaycanda keçirdiyim günlər ömrümün ən gözəl dönəmlərindən idi və mən bunu həmişə xatırlayacağam. Haqqınızı halal edin!» 

Müsabiqənin münsiflərindən olan millət vəkili Məlahət İbrahimqızı kitabdakı mətnlərin onda böyük maraq doğurduğunu diqqətə çatdırıb: «Məni münsif olmağa dəvət edəndə düşündüm ki, yaradıcı adam deyiləm, siyasətçiyəm, ona görə də tərəddü elədim. Ancaq biləndə ki, müsabiqə Çanaqqala zəfərinin 100 illiyinə həsr olunub, onda təklifi həvəslə qəbul elədim. Çanaqqala zəfərini dərk eləmək, o hadisələri xatırlamaq, yaşatmaq bizim hər birimizin borcudur. Çanaqqala kimlikdir, şərəfdir, ləyaqətdir, qürurdur, türk millətinin özünüdərkidir. Bu bizim tariximizdir. Seyid Əhməd bəyə təşəkkür edirəm ki, Azərbaycan yazarlarının bu istiqamətdə yazdıqlarını kitab şəklində tarixə bəxş edib».

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz, ədəbi müsabiqənin qaliblərindən Elçin Əhmədov, Firuzə Nadir, Akif Əhmədgil, Firidun Qurbansoy kitabın nəşrinə çox sevindiklərini bildirib, Çanaqqala səfəri ilə bağlı təəssüratlarını bölüşüblər.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə