Bu günlərdə Rəşad Məcidin “O” adlı şeirlər kitabı İtaliyada, Milan şəhərində, italyanca çapdan çıxıb.
Şeirləri İtaliyan dilinə Azərbaycanın dostu, italiyan şair, bəstəkar, Milan Konservatoriyasının professoru, Vladimir Delman adına xorun bədii rəhbəri, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvü Davide Qualtieri, İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında çevirib.
Kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb. Kitab Davide Qualtierinin Rəşad Məcidə həsr etdiyi “Körpü salırıq” şeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat və Qualtierinin şeirlər haqda essesi verilib.
Qeyd edək ki, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası 11 - 12 iyul 2015-ci il tarixlərində Milan şəhərində sözü gedən kitabın təqdimatını təşkil edəcək.
Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin də dəstəklədiyi bu tədbirlər 11 iyulda Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasında, 12 iyulda isə Milanın Palazzo Marino konfrans zalında keçiriləcək.
Tədbirlərə Azərbaycanın İtaliyadakı səfirliyi ilə bərabər həm də Milan Konservatoriyasının tələbələri, İtaliyada yaşayan həmyerlilərimiz, ali məktəblərin professor heyəti, sənət adamları o cümlədən yazıçı və şairlər Mədəniyyət üzrə Milan Bələdiyyəsindən rəhbər heyəti də dəvət edilib.
Eyni zamanda Azərbaycandan da nümayəndə heyəti - Xalq yazıçısı Anar, Akademik İsa Həbibbəyli, kitabın müəllifi Rəşad Məcid, Mədəniyyət və Turizm nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, gənc yazıçılar Günel Anarqızı, Pərvin, xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu tədbirə qatılacaqlar.
Xatırladaq ki, ötən il fevral ayında xalq şairi Fikrət Qocanın italyancaya tərcümə olunmuş şeirlərindən ibarət kitab da Milan şəhərində italyan oxucularına təqdim edilmişdi.
AYB.az