Bomboş bir səssizlik,
bomboş...

 
Boşluqda nə sevgi, nə nifrət, nə səadət,
nə hiss, nə səs!
 
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
 
Qamçılamaq istəyirəm
bu boşluğu!
 
Bu portretlər ölülər yox, dirilər qalereyasıdır…
 
“Qardaşım oğlu bizə gəlmişdi. Divarlardakı portretlərə baxıb dedi ki, bibi, sənin evin ölülər qalereyasıdır? İtirdiyim əzizlərimin hamısının portretlərini vurmuşam evin divarlarına. Mənim üçün bu portretlər ölülər yox, dirilər qalereyasıdır…”
 
Bunu Nurəngiz xanım bir müsahibəsində demişdi. Doğrudan da, onun səsə, nəfəsə həsrət evinin kandarından içəri girəndə, nə yalan deyim, divardan asılmış fotoşəkillər onun bu fikirlərini yada salır. Hələ mebellərin üstünə düzülən, müxtəlif illərdə alınmış suvenirlərdən, tək-tük şüşə qablardan bu qadının nə qədər ağır tale yaşadığını, nə qədər xatirəni bir yük kimi ömrün bu başından o biri başına özü ilə dartıb apardığını görmək olur. Bəlkə də bütün bunların baş verməsində elə hamımız azca da olsa, günahkarıq.
 
Əslində, hər bizimizin, ətrafımızdakıların həyatında daşıdığı bir məsuliyyət var. Məsələn, mən Nurəngiz xanımın sağlığında evinə gəlmiş olsaydım, əmin olun ki, o şəkilləri divardan açıb əvəzinə gül-çiçək şəkli, o da olmasa, boş qalan mismar yerindən lap elə budanmış ağac budaqlarını asması üçün zəhləsini tökərdim. Axı, hər şey bir enerjidir. Axı, hər şeyin insanın həyatına bir təsiri var. Bu baxımdan, qızı Jalə xanımı da qınadım ürəyimdə. O fotoları çəməndən gül dərən kimi yığmaq lazım idi divarlardan...
 
Məsələ burasındadır ki, sən nə qədər fədakarlıqla yaşayırsansa yaşa, bir gün internetin axtarış proqramı, hər şeydən xəbərsiz halda, səni, sadəcə, bir neçə cümlə ilə təqdim edəcək:
 
“Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. 1 saylı Bakı Tibb Məktəbini, daha sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Nurəngiz Gün Azərbaycan televiziyasında diktor vəzifəsində çalışıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib. Prezident təqaüdçüsü olub”.
 
İndi onun yazılarını araşdırmaq istəyən çoxdur
 
– Nə qədər belə olacaq, bilmirəm. Hələ ki, bacarmıram. Doğrudanmı valideyn itkisi bu qədər ağır olur? Mənə elə gəlir ki, anadan çox belə bir şəxsiyyəti, böyük qələm, bənzərsiz bir düşüncə sahibini itirdiyimə görə üzülürəm.
 
Nə düşündüyümdən xəbərsiz olan Jalə xanımla söhbətimiz belə başladı. Qarşımızdakı balaca jurnal masasının üstündəki, şairə xanımın Novruzda “Qara Bayram”ına gətirilmiş şirniyyatla dolu xonçaya baxmamağa, onu görməzlikdən gəlməyə çalışırdım.

 
– Deyirdim, gül üstündə bülbüldən yaz, çiçəkdən yaz, qəbul olunacaqsan.
 
Sağlığında tədqiqat obyekti olmasa da, indi onun yazılarını araşdırmaq istəyən çoxdur.
 
Baxışlarımın yorğunluğunu
Qoydum o mırtı-xanəsinin
Kif qoxuyan divarlarında
Endim küçəyə
Bir qaranlıq gecəyə.
 
O, doğrudan da, qapısını dedi-qodu edənlərin əlindən bağlamışdı, evinə çəkilib özü ilə yaşayır və ola bilsin ki, xilası bunda görürdü.
 
Bütün bunlara baxmayaraq, ondan kimdənsə gileyləndiyini, kiminsə qeybətini etdiyini eşitməyib Jalə xanım. Yəqin ki, bunun səbəblərindən biri də qızının xiffət etməsini istəməməsi idi. Hərdən Nurəngiz xanım, sadəcə, uzun-uzadı susarmış, gözlərini bir nöqtəyə zilləyər, “nə isə” - deyib, gülümsəyərmiş.
 
“Toxunub qəlbimə kələ-kötür bir nadan, mən gülürəm”
 
O, bir qadın ömrü üçün çox böyük əzab çəkmişdi. Əzizlərini, doğmalarını itirmişdi. Amma onu heç bir fotosunda kədərli görə bilməzdiniz, həmişə gülümsəyirdi.
 
Əslən Ərdəbildən olan Nurəngiz xanımın ailəsi 37-ci ildə repressiyanın qurbanı olub. İndi şairəsiz toz basmış bu evin divarlarından asılan köhnə şəkillərə baxanda bir neçə ay öncə Jalə xanımla anası haqqında etdiyimiz söhbət yadıma düşür. Fotolardan baxanların hansının ailənin sürgün edilmiş üzvləri olduğunu aydınlaşdırmağa çalışıram.
 
Nurəngiz xanımın ana babası tanınmış loğman olub. Jalə xanım ürək ağrısı ilə danışırdı:
 

Hüseyn Cavidlə dostluğu və pantürkist olması onu repressiya dalğasından xilas edə bilməmişdi. Babası, nənəsi, üç dayısı, iki xalası İrana sürgün olunmuşdu. Bircə Nurəngiz xanımın anası, mənim nənəm burada qalıb. Çünki o vaxt mənim babama nişanlı imiş. Onları İrana sürgün edəndə deyiblər ki, müvəqqəti gedirsiniz, bir müddət sonra qayıdacaqsınız. Təəssüf ki, bununla da sərhəd birdəfəlik bağlanıb. Nənəm bir daha valideynlərinin, qardaş və bacılarının üzünü görməyib. Və nənəmin ömür boyu daşıdığı bu nisgil anama da keçmişdi. 
 
Ah, ayrılıq!
Biz ki çoxdan tanışıq!
Elə əvvəlkitək bənizimiz sopsoluq...
Xoş gəldin, son ayrılıq. Qolboyun olaq.
Artıq qorxum yox.
 
Nurəngiz xanımın dayısı İran şahının müşaviri olub
 
İrana sürgün ediləndən sonra Nurəngiz xanımın bir dayısı İran şahının müşaviri vəzifəsinə qədər yüksəlir, digər dayısı Ağakərim Hacızadə isə İranda məşhur rəssam olur. O, Nurəngiz xanımın ən çox istədiyi dayısı olub. Bu dayı ilə bacıqızının bir-birinə necə bağlı olduğu göndərilən məktublarda, şəkillərdə, hədiyyələrdə özünü göstərirmiş. Təəssüflər olsun ki, sərhədlər açılandan bir neçə gün öncə Ağakərim kişi dünyasını dəyişir, bu da Nurəngiz xanıma daha bir zərbə olur. Onun vəfatından sonra Təbrizdə üç gün, üç gecə şeypurlar çalınıb, yas saxlandığını eşidəndə, bu, ona bir az təsəlli olmuşdu.
 
Yol istədim, at istədim,
Bir bəyaz həyat istədim,
Yollarımı hördülər,
Məni mənə vermədilər.
 
Bu yolun necə çətin yol olduğunun fərqində idilər
 

Ailəsinin ilk övladı olan Nurəngiz xanım özündən sonra beş uşağın dünyaya gəlməsinə baxmayaraq, sevimli qalmağı bacarıb. Atası ona “şahzadəm” deyərdi. Və evdə onun adı, sadəcə, bacı idi. Onun bir sözü, böyük bacı kimi, iki olmazdı. Evdə ondan iznsiz heç bir addım atılmazdı. Valideynlərinin sağlığında hər şeyin ən yaxşısı necə onun üçün düşünülürdüsə, onların ölümündən sonra da ailənin bütün qayğısı, yükü o cür onun çiyinlərinə çökmüşdü. Orta məktəbi çox yaxşı bitirib. Deyirdi ki, anası onu məktəb kitabxanasından zorla çıxararmış. Şərq dillərini çox sevirdi. Şərqşünas olmaq istəyirdi. Amma o zamanlar hər şey tapşırıqla idi. Deyirdi ki, imtahandan yüksək səviyyədə keçməsinə baxmayaraq, onu kəsirlər və yerinə tapşırılmış bir qızı salırlar. Beləliklə, o, aktyorluğu seçəsi olur. Anam Rza Təhmasibin ən sevimli tələbələrindən biri idi. Müəllimi onun təyinatını dram teatrına verəndə evdə qəti şəkildə buna razı olmurlar. Baxmayaraq ki, valideynlər onun heç bir istəyinə qarşı çıxmamışdılar, onlar buna razı olmurlar, çünki bu yolun necə çətin yol olduğunun fərqində idilər və bunu anama izah etməyə nail olmuşdular. Anam yalnız atasını incitməmək üçün sənədlərini geri götürür. Bundan sonra o, Azərbaycan radiosuna stajor, daha sonra diktor kimi gedir. Onun hələ pioner kimi radioda çıxışları olmuşdu deyə, stajı var idi. Altmış doqquzuncu il, may ayının doqquzunda ilk dəfə olaraq Azərbaycan Televiziyasının tamaşaçılarını salamlayır.
 
Nurəngiz xanım 1979-cu ildə “Tanrı bəşər övladıdır” povestini yazdı. Əsərdə bir ailədə xidmətçilik etməsindən bəhs edirdi. O qızın valideynlərinin həyatda olarkən yaşadığı bəxtəvər günlərindən tutmuş qulluqçuluq elədiyi ailədə başına gələn zülümlərədək yaşanan bir hekayət, bəlkə də anamı ədəbiyyata gətirdi. Anam o qız üçün olduqca kədərlənirdi. Qızın adını əsərdə Tanrı qoymuşdu. Əsər səksən ikinci ildə ilk dəfə “Ulduz” jurnalında çap olunmuşdu. Bundan sonra evə gələn məktubların sayı-hesabı yox idi. Əsərdə müəllif həmin qıza analıq edirdi. Doğrudan da, belə olmuşdu. Sonradan o qız bizim evə gətirildi, bizdə böyüdü. Əsərdə qızın “ana” dediyi adam elə mənim anam idi. Qızın adı Qını idi. “Ədəbiyyat” qəzetində Mirzə İbrahimov “Qınıya yanan ürək” adlı məqalə yazmışdı. Bu, Nurəngiz xanımın yaradıcılığı haqqında ilk araşdırma yazısı idi.
 
Bu şeyləri eşidəndə çox üzülürdüm
 
– Ard-arda itkiləri olmuşdu. Adamlar bir-bir onu tərk edirdi. Mən anam kimi deyiləm. Anam çox ünsiyyətcil idi. Məclisin gözü idi. Getdiyi hər yerdə söz sahibi olurdu. Başqa cür olmasına özü də imkan verməzdi. Ərköyünlüyü son dövrlərdə olduqca artmışdı. Hər nə qədər istədiklərinə nail olmasa da, əzik deyildi. Hökmranlığı, iddiası vardı. Yenilmişliyini ört-basdır etmək üçün özünü güclü təqdim etməkdə israrlı idi. Onun olduğu məclisdə kimin nə ixtiyarı vardı ki, söz sahibi olsun? O çıxış edəndə, sağlıq deyəndə kimsə dinləməsəydi, fikri başqa yerdə olsaydı, aləmi qatardı. O, diqqət tələb edirdi. Biz istirahət etməyə gedəndə bir də görürdün ki, xadimə ilə söhbət edirdi. Nə qədər maaş alırsan? Neçə övladın var? Pulun kifayət edirmi uşaqlara? Evin varmı?.. Gəlib deyirdim ki, ay ana, bunları bilmək sənə lazımdı? Deyirdi, lazımdı! Bəs, kimlə danışım? Özündən razılarla? Bağban bağı sulayanda gedib soruşurdu ki, suladığın ağacın adı nədir? Vay o gündən bağban onun adını bilməyəydi. Canlı təmaslardan daha çox telefonla danışmağa meyilli idi. Yas mərasimlərində, onun vəfatından sonrakı tədbirlərdə görüşdüyüm adamların çoxu deyirdi ki, Nurəngiz xanım axşamlar mənimlə uzun-uzadı danışardı. Yeni şeirlərini oxuyarmış. Mən mat qalırdım. Bu şeyləri eşidəndə çox üzülürdüm. Çünki mənə hər dəfə zəng edib deyəndə ki, hansısa şeirinə qulaq asım, yalvarırdım ki, ay ana, bir azdan, nolar, indi filan tədbirə getməliyəm, filan məclisə tələsirəm. Bütün işlərimin axırına anamı və qızımı saxlayırdım. İndi o qədər peşmanam ki! Onunla sirdaş olmağa kifayət qədər zaman ayırmadığıma görə üzülürəm.
 
Dörd divar içindəyəm,
Qəfəs girincindəyəm,
Düşünürəm quşları,
Quşlar məndən xəbərsiz.
Düşünürəm, düşünürəm,
Durub var-gəl edirəm
Pəncərəyə söykənirəm.
Pəncərəm su içində.
Aman Allah, dünya məndən xəbərsiz. 

Feyziyyə

AYB.az
 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə