Bugünlərdə “Azərbaycan” jurnalının 8-ci sayı işıq üzü görüb. Jurnal Xalq şairi Fikrət Qocanın 80 illik yubileyi münasibətilə özünün şeirləri, eləcə də İntiqam Qasımzadənin tərcüməsində Aleksandr Qriçin “Qocalmayan Fikrət Qoca” və Yaşar Qasımbəylinin “Rəsul Rza və Fikrət Qoca” yazıları ilə açılır.

“Poeziya” rubrikasında Əbülfət Mədətoğlu, Kəmaləddin Qədim, İslam Sadıq, Zeynal Vəfa, Ayişə Nəbi, Vəfa Mürsəlqızı və Sənəm Səbayelin şeirləri yer alıb.

“Nəsr” bölməsində Gülşən Lətifxanın “Kabus” povest-pritçası, Əli Şirin Şükürlünün “Su pərisi” povesti, Qərib Mehdinin “Evin kişisi”, İntiqam Mehdizadənin “Qaçqın qarları” hekayələri yer alıb. “Tərcümə” rubrikasında verilən Norveç yazarı Sulvey Kristovun iki pərdəli “Qurtuluş” pyesini şair-tərcüməçi Səlim Babullaoğlu dilimizə çevirib.

“Dünya, səndən kimlər keçdi...” bölümündə Əlövsət Bəşirlinin yazıçı Əlibala Hacızadənin 80 illik yubileyinə həsr olunmuş “...Əsərlərimlə yaşayacağam” yazısı öz əksini tapıb.

“Bizim türk dünyamız”da Almaz Həsənqızı “Vətəni tədqiqatlarında yaşadan folklorşünas” məqaləsilə folklorşünas Əhməd Cəfəroğlunun ömür yolundan, ədəbiyyata xidmətlərindən söz açır. “Xatirələr, duyğular” bölməsində şair Qəşəm Nəcəfzadə “Şəkillər. Yaşamaq lazımdır sabaha qədər” yazısında mərhum ziyalı Aydın Məmmədovun yaradıcılığını araşdırıb.

Sona Xəyalın 120 illiyi ilə bağlı qələmə aldığı “İncə yumor, sağlam gülüş”də şair Əhməd Anatolludan söz açıb.

“Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında Pərvanə Məmmədlinin “Cənubi Azərbaycanda ədəbi proses”, Aynur Xəlilovanın “Uşaq folkloru: problemlər, mülahizələr”, Aysel Qəriblinin “Növhə və ya bir janrın göz yaşları”, Lətifə Mirzəyevanın “Qiymətli ədəbi inci” yazıları oxuculara təqdim olunub.
AYB.az

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə