Sentyabrın 22-də Azərbaycan Yazıçılar Birliyininn Natəvan klubunda xalq şairi Fikrət Qocaya “Şərəf” ordeninin təqdim olunması ilə əlaqədar mərasim keçirilib.
Tədbirdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub, mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev, nazirliyin şöbə müdiri Vaqif Bəhmənli, AYB katibləri Rəşad Məcid, İlqar Fəhmi və başqa tanınmış insanlar iştirak edibər.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açıb. AYB sədri qonaqları salamladıqdan sonra sözü baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyevə verib. Xalq yazıçısı Elçin Fikrət Qocanın yaradıcılığından söz açıb, F.Qocanı Azərbaycan ədəbiyyatının istedadlı şairi, novator qələm adamı kimi dəyərləndirib. Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib: “Cənab prezident İlham Əliyev bu məsuliyyətli işi mənə havalə etdi. Mən də istəyriəm ki, görkəmli xalq şairimiz Fikrət Qocaya “Şərəf” ordenini və cənab prezidentin xalq şairimizin 80 illik yubileyi ilə bağlı rəsmi təbrik məktubunu təqdim edim”.
Xalq şairi Zəlimxan Yaqub Fikrət Qocanı təbrik edib və cənab prezident İlahm Əliyevin bu sərəncamını ümümilikdə ədəbiyyata, poeziyaya göstərilən diqqət və qayğı olaraq qiymətləndirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Fikrət Qocanın dillər əzbəri olan “Risk” şeirini söyləyib və xalq şairini təbrik edib.
Daha sonra söz Fikrət Qocaya verilib. Xalq şairi göstərilən diqqət və qayğıya görə cənab prezident İlham Əliyevə öz minnətdarlığını bildirib: “Mən təkcə bu mükafat üçün deyil, həm də bu gün bu tədbirdə iştirak etdiyim üçün cənab prezidentə minnətdaram”. Fikrət Qoca təbrikdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Tədbirin sonunda AYB sədri, xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin adından prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib və xalq şairi Fikrət Qocanı təbdik edib.
AYB Mətbuat Xidməti