Sentyabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri, tarix elmləri doktoru Həsən Həsənovun "Qız qalası" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açaraq tədbir iştirakçılarını salamladıqdan sonra "Qız qalası" kitabı haqqında fikirlərini bölüşüb. Kitabı qədim tariximizin öyrənilməsi üçün qiymətli mənbə adlandıran AYB sədri belə elmi araşdırmaların aparılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Sonra çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədqiqat əsərinin İçərişəhərin və ümumilikdə Bakının tarixinin öyrənilməsində yeni mərhələ olduğunu diqqətə çatdırıb. Ədalət Vəliyev Kitabın İçərişəhərdə yerləşən abidələrin, eləcə də Qız qalasının tarixinin dəqiqləşdirilməsində, əsaslandırılmış məlumatların formalaşdırılmasında əvəzsiz rola malik olduğunu bildirib.
Daha sonra kitabın müəllifi, tarix elmləri doktoru Həsən Həsənov gərgin araşdırmalara əsaslanan nəşrin əhatə etdiyi tədqiqatlar və əldə olunan nəticələr haqqında ətraflı təqdimatla çıxış edib. Həsən Həsənov qeyd edib ki, kitabda Qız qalasının tarixi tamamilə yeni prizmadan araşdırılıb: "İndiyədək bəzi tarixi mənbələrdə Qız qalasının əksər hallarda eramızın XII əsrinə aid edildiyini, eləcə də Azərbaycan xalqına aidiyyəti olmadığını göstərməyə çalışırlar. Kitabın əsas məqsədi Qız qalasının hansı xalq tərəfindən tikildiyini aşkara çıxarmaq, həmin xalqın hansı dilə və dinə mənsub olduğunu araşdırıb ortaya qoymaqdır".
Müəllif əvvəlki mənbələrdə göstərilən fikirlərin yanlış olduğunu qeyd edərək abidənin eramızdan əvvəl VIII əsrdə tikildiyini, bu qənaətə gəlməyə arxeoloji cəhətdən əsasların olduğunu bildirib. Eyni zamanda müəllif yeni tədqiqat əsərində belə bir fikir irəli sürür ki, Qız qalası türk əsilli, bütpərəst kimmer və skif tayfaları tərəfindən inşa edilib, ulu od tanrısı Tabitiyə həsr olunub və bu tayfaların müqəddəs yeri sayılıb.
Qeyd edək ki, kitabda Qız qalasının sirlərinin açılmasında yardımçı olacaq əsaslandırılmış faktlar əksini tapıb və bir sıra toponimlərin mənaları qeyd olunub. Üç hissədən ibarət olan kitabın titul vərəqində Xalq rəssamı Tahir Salahovun əl işi verilib. Nəşrdə həmçinin Qız qalasının tarixi və onun haqqında araşdırmalarla bağlı fotoşəkillər də yer alıb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr olunmuş kitaba AMEA-nın Memarlıq və İncəsənət, Tarix və Dilçilik institutlarının nümayəndələrinin də daxil olduqları yerli və xarici alimlər heyəti rəy verib. Kitabın elmi redaktoru mərhum akademik Rasim Əfəndiyevdir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca, M.F. Axundov adına Milli Kitabxanaın direktoru Kərəm Tahirli, AYB-nin katibi Rəşad Məcid, Əsəd Cahangir və başqa qələm adamları çıxış edərək “Qız qalası” kitabı haqqında müsbət fikirlərini çatdırıblar. Çıxış edənlər rus dilində olan “Qız qalası” kitabının doğma dilimizə, eləcə də müxtəlif dillərə tərcümə edilməsinin vacibliyini vurğulayıblar.
AYB.az