Oktyabr ayının 7-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanın Rus İcmasının təşkilatçılığı ilə görkəmli rus şairi Sergey Yeseninin 120 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirə Azərbaycanın Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin aparıcılıq edib. Millət vəkili tədbir iştirakçılarını salamladıqdan sonra tədbirin təşkil edilməsinə görə AYB rəhbərliyinə minnətdarlığını bildirib. Sonra söz Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxinə verilib. Cənab səfir çıxışında Yeseninin 120 illiyinin ölkəmizdə qeyd edilməsini yüksək qiymətləndirdiyini dilə gətirib : “Bütün Yesenin sevənlər, Yesenin poeziyasını sevənlər Azərbaycan xalqına minnətdardır. Yesenin Azərbaycanda yaşayıb, yazıb-yaratmış və bu məmləkət, bu şəhər ona doğma olmuşdur. Yeseninin Azərbaycanda, Bakıda yazdığı şeirlər onun poeziyasında ən qiymətli əsərlərdir. Rus ədəbiyyatına diqqət, qayğı, məhəbbət, rus yazıçı və şairlərinin Azərbaycanda yubileylərinin keçirilməsi ənənəsi mükəmməl bir haldır. Buna görə də Azərbaycan mədəniyyəti yüksək dəyərləndirilir”. Daha sonra söz Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara verilib. AYB sədri Sergey Yeseninin 120 illik yubiley mərasimlərinin ölkəmizdə qeyd olunmasından şad olduğunu bildirib: “Sergey Yesenin XX əsrin görkəmli rus şairidir. Yesenin Rus ədəbiyyatında da, Azərbaycan ədəbiyyatında da sevilir və qiymətləndirilir. Onun Azərbaycana – Bakıya vurğunluğu şeirlərində də öz əksini tapıb”. Xalq şairi Sergey Yeseninin “Əlvida Bakı” şeirini nümunə göstərib. Millət vəkili Elmira Axundova da Azərbaycan oxucularının Sergey Yeseninə böyük məhəbbətindən söz açıb: “Yeseninin şeirlərini sevməmək mümkün deyil. Var Rus şairi, var Azərbaycan şairi, bir də var hər kəsin şairi. Yesenin belə şair idi. O, ruslarla yanaşı həm də bizim şairimizdir”. Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev çıxışı zamanı Sergey Yeseninin faciəvi həyatına toxunub: “Şairlərin hər zaman acı və faciəvi taleləri olur. Mən Yesenini çox sevmişəm. Onun poeziyasının vurğunu olmuşam. Və Yeseninin acı həyat hekayəsi məni hər zaman düşündürüb”. Bakı slavyan universitetinin dosenti Qalina Şipulina böyük rus şairi Sergey Yesninin həyat və yaradıcığından danışıb. Çıxışı zamanı Qalina Şipulina Sergey Yeseninin Azərbaycanda yaşadığı illərdə qələmə aldığı dəyərli əsərləri haqqında geniş məlumat verib: “Mən rus xalqı adından Azərbaycan xalqına böyük minnətdarlığımı bildirirəm. Bu gün bu ölkədə demək olar ki, bir nəfər də olsun Yesenini tanımayan, sevməyən adama rast gəlmək olmaz. Mənə xoşdur ki, bu il artıq Sergey Yeseninin 120 illiyinə həsr edilmiş üçüncü tədbirdə iştirak edirəm”. “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, filologiya elmləri doktoru Tofik Məlikli tədbir iştirakçılarına Sergey Yeseninin yaradıcılığı haqqında fikirlərini bölüşüb. “Məni hər zaman Yeseninin şəxsi həyatı çox maraqlandırıb. Şəxsi həyat dedikdə məhz qadına qarşı olan sevgisini nəzərdə tutmuram, vətənə, millətə, ədəbiyyata olan sevgisini nəzərdə tuturam. Yesenin sübut etdi ki, milliliyini qorumaqla, bu milliliklə yanaşı dünyəvi olmaqla, dünyəviləşməklə necə böyük və görkəmli şair olmaq olar”.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov Rusiya ilə Azərbaycanın ədəbi əlaqələrindən söz açıb: “Mən bu yaxınlarda rus dilinə çevrilmiş müəlliflərin siyahısına nəzər yetirdim. İstər klassik, istər çağdaş ədəbiyyatımızda onlarla tanınmış müəlliflərin əsərləri rus dilinə tərcümə edilib. Görkəmli şair Sergey Yesenini tərcümə edən ədiblərimiz isə bu saydan geri qalmır. Bu isə Rusiya Azərbaycan ədəbi əlaqəqələrinə verilən önəmin göstəricisidir”.
Daha sonra Sergey Yeseninin ev Muzeyinin direktoru Nəzakət İbadova muzeyin yaranma tarixi və fəaliyyətilə bağlı geniş məlumat verim.
Sonda Oqtay Rza Sergey Yeseninə həsr etdiyi şeirini oxuyub.
AYB.az