AYB.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Vaqif Bəhmənlinin 60 illik yubileyinə həsr edilmiş “beş damla” poeziya axşamı keçirilib.

Əsl şeir bayramını xatırladan gecənin aparıcısı yubilyarın özü olub. Yubilyar gecədə beş uşağın vəzifə və şöhrət, sevgi, ömür, məhəbbət, alın yazısı kimi həyati məqamlar haqqında verdiyi suallara özünün şeirləri ilə cavab verib. Xanəndələr – Sevinc Sarıyeva, Almaz Orucova, Mələkxanım Əyyubova, Nizami Abdullayev və Eldəniz Məmmədovun həzin, ürəyəyatan ifaları gecəyə ayrı bir gözəllik qatıb.

Sonda Vaqif Bəhmənli yubiley gecəsinin təşkilində dəstək göstərənlərə, xüsusilə da işlədiyi kollektivə, tədbirin ideya müəllifi, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, Vaqif Bəhmənlinin poeziyası sözlə davranmağın, sözün canından musiqini, ritmi, mənanı, enerjini çıxarıb şeirə çevirməyin bir örnəyidir. V. Bəhmənli Azərbaycan şeirinin həm qoşma-gəraylı-heca, həm də sərbəst şeir məkanına yaxşı bələddir. Qoşmalarında, heca şeirlərində klassik texnologiyanı nöqtəsinəcən hifz edir, amma unutmur ki, o, XX-XXI əsrlərin şairidir və oxucuya təzə söz deməlidir.

V.Bəhmənlinin şeir və məqalələrdən ibarət 35-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında iştirak edib. Bir sıra nüfuzlu qurumların üzvüdür. Əsərləri rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü dillərinə tərcümə olunub. Almaniya, Rusiya, Misir, Ukrayna, İran, Belarus, Latviya, İspaniya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrdə rəsmi və yaradıcılıq səfərlərində olub. “Azərbaycan” fotoalbomunun, “Azərbaycan Dövlət Kitabı”nın mətn müəlliflərindən biridir. Prezident İlham Əliyevin mədəniyyətin inkişafındakı fəaliyyətindən bəhs edən “Vətənin İlhamı – ömürdən reportaj”, ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən ünvanları canlandıran “Heydər Əliyev adına” əsərlərində Vaqif Bəhmənli bu ciddi, həm də çox araşdırılan mövzulara tamamilə yeni nəzər nöqtəsindən baxıb. Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə məqaləsi dərc edilib. Zəhməti hər zaman yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Vaqif Bəhmənlinin elə şeirləri var ki, yalnız poetik yox, poetik-fəlsəfi kəşf sayıla bilər. Məsələn, “Quyu”, “Qarantiya”, “Cümlə”, “Desəm”, “Bəd”, “Belə”, “Oğlum”, “Mesaj”, “Kişi”, “Qurban”, “Plan”, “Dil”, “Şeir”, “Yazı”, “Yer” və s. 70-ci illərdən başlayan zəngin yaradıcılığının son iki-üç ilində yazdığı yüzlərlə poetik məhsul içərisində ədəbi yaddaşda qalacaq onlarla nümunə mövcuddur. Bütün bunlar şairin büllur kimi təmiz, bulaq kimi qaynar istedadının nəticəsidir.

 

Fotolar  Rüstəm İsmayılovundur

 AYB.az







Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə