Heydər Əliyev Sarayında Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin 90 illik yubileyi təntənə ilə qeyd olunub.
Qonaqlar tədbirdən əvvəl əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın dahi şair və şəxsiyyətləri sırasında Bəxtiyar Vahabzadənin adı, xüsusi çəkisi tamamən fərqli, bənzərsiz və olduqca əhəmiyyətlidir: “Güclü bir istedadla ədəbiyyata gələn Bəxtiyar Vahabzadə ötən əsrin 40-50-ci illərindən başlayaraq son nəfəsinə qədər vətənin, əqidənin və bədii sözün əsgəri olub. Bəxtiyar Vahabzadə ilk növbədə qüdrətli şair idi. Onun qələmindən çıxan şeirlər, poemalar emosionallığı, fəlsəfi dərinliyi, bədii qüdrəti ilə Azərbaycan və dünya oxucusunun qəlbini həyəcana gətirir, dillərdə dolaşır. Xalqın azadlığı, müstəqil dövlətçilik, vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam şairin yaradıcılığının əsasını təşkil edir.
Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil olunub. Bəxtiyar Vahabzadənin yubileyi yanvar ayından başlayaraq Azərbaycanda və türk dünyasında qeyd edilir. Yubiley münasibətilə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Bəxtiyar Vahabzadə” biblioqrafiyası və elektron məlumat bazası yaradılıb. TÜRKSOY-un dəstəyi ilə “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabı çap olunub. Bu təntənəli ədəbi-bədii gecə də ölkəmizin başçısının müvafiq Sərəncamına uyğun olaraq keçirilir”.
Nazir deyib ki, Bəxtiyar Vahabzadə həm də böyük elm adamı, gözəl pedaqoq və dramaturq idi: “Uzun illər milli professional səhnədə uğurla nümayiş etdirilən “Yağışdan sonra”, “İkinci səs”, “Özümüzü kəsən qılınc” kimi dram əsərlərini yaradıb. Son 30-40 ildə Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir. Görkəmli sənətkarın ədəbi-elmi və ictimai fəaliyyəti həmişə yüksək qiymətləndirilib. Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb”.
Tədbirdə çıxış edən Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında və Şəkidə şairin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqındakı sərəncamlarında yubilyarın çoxcəhətli fəaliyyəti ilə bir sırada onun milli istiqlal uğrunda mübarizəsi və milli istiqlal düşüncəsi istiqamətində ədəbiyyatda göstərdiyi xidmətlər diqqət mərkəzinə çəkilib: “Dövlət səviyyəsində də, xalq yanında da Bəxtiyar Vahabzadə milli istiqlal ədəbiyyatının, milli istiqlal düşüncəsi və hərəkatının öndə gedən bayraqdarlarından biri kimi qəbul olunub.
XX əsrin ikinci yarısında - Sovet ideologiyasının ən sərt dönəmlərində Bəxtiyar Vahabzadənin ana dili uğrunda apardığı mübarizə əslində təkcə dil amilini əhatə etməyib, geniş mənada milli istiqlal, azad vətən, müstəqil dövlət uğrunda mübarizənin tərkib hissəsi kimi meydana çıxıb. Bəxtiyar Vahabzadənin XX əsrin 70-80-90-cı illərində yazdığı böyük ədəbiyyat demək olar ki, Azərbaycan ədəbiyyatının açıq istiqlal kitabıdır. O, həm də yazdıqlarının, ifadə etdiyi idealların konkret daşıyıcısı kimi də xalqımızın önündə gedib, müstəqillik uğrunda mübarizədə ziyalı mövqeyini, borcunu və məsuliyyətini şərəflə yerinə yetirib.
Bəxtiyar Vahabzadənin dramaturgiyası da poeziyası, lirikası kimi milli istiqlal və müasirlik məsələlərinə həsr olunub. Qılıncdan da kəsərli olan fəlsəfi dramatik pyesi “Özümüzü kəsən qılınc” əsəri bu gün də ədəbiyyatımızın zirvəsində dayanan əsərlərdəndir.
Bəxtiyar Vahabzadə bədii yaradıcılıqda olduğu kimi elmi yaradıcılıqda da həmişə millilik, elmilik, tarixilik, xalqın elmi irsinin millətə çatdırılması kimi məsələlərin mübarizəsini aparıb.
Həmçinin siyasi fəaliyyəti də bədii yaradıcılığındakı, ictimai fəaliyyətindəki bütün miqyasları, çoxaspektli cəhətlərin hamısını özündə birləşdirir”.
Akademik vurğulayıb ki, Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır: “Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. 70-dən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib”.
Gecədə qiraət ustaları şairin şeirlərindən və poemalarından parçalar söyləyiblər. Yubiley tədbirində şairin sözlərinə bəstələnmiş mahnılar tanınmış və gənc ifaçılar tərəfindən səsləndirilib.
AYB.az