Moskvada Azərbaycan İcması Evində “Kitabi-Dədə Qorqud” dastanının ilk nəşrinin və alman dilinə tərcüməsinin 200 illiyinə həsr edilən dəyirmi masa keçirilib.

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) təşkil etdiyi tədbirdə Heydər Əliyev Fondunun, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin nümayəndələri iştirak ediblər.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev tədbiri açaraq vurğulayıb ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının tarixini və mədəniyyətini öyrənmək üçün əvəzolunmaz mənbədir. O deyib: “Dədə Qorqud haqqında dastan oğuz türklərinin vətənpərvərliyinin, qəhrəmanlığının, müdrikliyinin, uzaqgörənliyinin, mənəvi dəyərlərinin əks olunduğu xalq sənəti abidəsidir. Bu il aprelin 15-də UNESCO-nun mənzil-qərargahında dastanın alman dilinə tərcümə edilməsinin yubileyinə həsr olunan beynəlxalq forum keçirilib. “Kitabi-Dədə Qorqud” eposunun dünyada tanıdılması Azərbaycan mədəniyyətinin beynəlxalq arenada təqdim edilməsinin formalarından biridir”.

Moskva Dövlət Linqvistika Universiteti (MDLU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru, BSU-nun professoru Bella Musayeva bildirib ki, ötən əsrin 50-ci illərində bu epos qadağan edilib. O deyib: “Bu ədəbiyyat abidəsinin geniş təbliği və dərindən öyrənilməsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycanın mədəni irsinin qorunub saxlanması və tanıdılması siyasətini bu gün Prezident İlham Əliyev davam etdirir. Bakının mərkəzində eposa həsr edilən park kompleksi buna bariz nümunədir”.

ÜAK-ın prezidentinin müşaviri Manaf Ağayev çıxışında vurğulayıb ki, “Kitabi-Dədə Qorqud” oğuz türklərinin kitab eposunun yeganə qorunub saxlanılan abidəsidir. Onun sözlərinə görə, Dədə Qorqud haqqında dastan həm oğuzların kosmoloji görüşlərini, həm də qədim dövrlərdə baş verən tarixi hadisələri əks etdirir. Bu səbəbdən də epos türkoloq alimlər üçün həmişə xüsusi maraq kəsb edib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Abuzər Bağırov və ÜAK-ın bazar günü məktəbində Azərbaycan dili müəllimi Zərifə Kərimova çıxışlarında Dədə Qorqud haqqında dastanın Azərbaycan ədəbiyyatında əhəmiyyətini xüsusilə qeyd ediblər.

MDLU-nun tələbələri Marta Litvinova və Darya Çervinskaya “Kitabi-Dədə Qorqud” eposundan səhnəcik göstəriblər, Dmitri Jukov isə dastanın tarixi haqqında Azərbaycan dilində məruzə edib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə