Dekabrın 21-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış hərbi jurnalist, yazıçı-publisist Vahid Məhərrəmlinin "Kəsilməyən atəş səsləri” kitabının təqdimatı keçirilib. Tanınmış qələm adamlarının, tədqiqatçıların qatıldığı tədbiri giriş sözü ilə AYB-nin katibi, yazıçı İlqar Fəhmi açıb. Vahid Məhərrəmlinin yaradıcılığı, onun ədəbi və publisist fəaliyyəti haqqında ətraflı məlumat verən İlqar Fəhmi qeyd edib ki, Vahid Məhərrəmli əsasən Qarabağ mövzusu ilə oxucuların görüşünə gəlir. “O, Qarabağ ağrı-acısına canlı şahid olaraq, onu yaşayaraq bu dərdi sətirlərə töküb.Hərbdən, müharibədən yazan yazıçının masası səngər olmalıdır. Evdə, rahat şəraitdə oturub, pürrəng çay içə-içə müharibədən yazılmaz. Çünki oxucunu aldatmaq olmur. O, müharibə qoxusunu hər sətirdən anlayır, belə ağrılı məqamlarda müəllifin sarsıntılarını hiss edir”.

Daha sonra ədəbi tənqidçi Vaqif Yusifli çıxış edərək diqqətə çatdırıb ki, Vahid Məhərrəmlinin "Kəsilməyən atəş səsləri” kitabına yazılmış ön sözün müəllifidir: “Vaqif Məhərrəmlinin əsərləri müharibə təəssüratları ilə doludur. Oxucu onun hər anını yaşayır, açılan silah səslərini eşidir, vurulan yaralarınnın ağrısını duyur. O, müharibədə iştirak edən insan psixologiyasını məharətlə yarada bilir”.

Peşəkar jurnalist, teleaparıcı Qulu Məhərrəmli çıxışında vurğulayıb ki, yazıçı üçün ən əsas onun publisistikasıdır. Çünki bədiilik altında gizlənmək çox asandır. Publisistika isə dəqiqlik tələb edir.

Tədbirdə tanınmış publisist və qələm adamlarından olan Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Zemfira Məhərrəmli, Südabə Ağabalayeva və başqaları Vahid Məhərrəmlini bir yazıçı olmaqla yanaşı, bir dost, şəxsiyyət kimi də dəyərləndiriblər, onun fərdi keyfiyyətlərindən söz açıblar. Qeyd ediblər ki, Vahid Məhərrəmli çətin şəraitdə böyüsə də, öz həyat eşqini heç vaxt itirməyib, onun dəsti-xətti o qədər səlis və rəvandır ki, oxucu sanki kitab oxuduğunu deyil, müəlliflə söhbətləşdiyini hiss edir.

Qeyd edək ki, "Kəsilməyən atəş səsləri” kitabına müəllifin müxtəlif illərdə yazdığı hekayələr, publisistik məqalələr və "Cəza" povesti daxildir. Müharibədən bəhs edən hekayələrin mövzusu həyatdan götürülüb, reallığı əks etdirir.


AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə