Gecədə əvvəlcə Nurəngiz Günün həyat və fəaliyyətini, özünün ifasında səslənən şeirləri, keçirdiyi görüşləri və çıxışları əks etdirən videoçarx nümayiş etdirildi. Tədbirdə incəsənət ustaları şairə haqqında yazılan şeirləri və yaradıcılığı barədə deyilmiş fikirləri səsləndirdilər. Gənc aktrisa Rada Nəsibova şairin qızı, millət vəkili Jalə Əliyevanın daxili dünyasını canlandırırdı.
Nurəngiz Gün haqqında fikirlərini bölüşən akademik Teymur Kərimli xatırlatdı ki, şairə oxucularla ilk görüşə ilk dəfə "Ulduz” jurnalında dərc olunan "Tanrı” povesti ilə gəlib. Özünəməxsus dəsti-xətti olan, şeirlərində ideya aydınlığı ilə seçilən Nurəngiz Gün XX əsrin 70-ci illər ədəbi nəslinə mənsubdur. Onun yaradıcılığından ədəbiyyatımıza "Tanrı bəşər övladıdır”, "Ağ qanadlar”, "Günəşə dua”, "Yol gedirəm”, "Xocalı simfoniyası” və digər şeir kitabları yadigar qalıb.
Tədbirdə çıxış edən xalq şairi Nəriman Həsənzadə Nurəngiz Günü istedadlı şairə, publisist və gözəl insan kimi xarakterizə etdi. O, Nurəngiz Günün yaradıcılığını nurlu və günəşli poeziya adlandıraraq onun Azərbaycan qadın poeziyasında özünəməxsus yeri olduğunu vurğuladı.
Nurəngiz Günün Azərbaycan ədəbi fikir tarixindəki mövqeyindən, ədəbiyyatımıza verdiyi töhfələrdən danışan ədəbi tənqidçi Vaqif Yusifli isə vurğuladı ki, o, cənubla bağlı yazdığı şeirlərində kədərini ifadə etmək üçün orijinal təşbeh və metaforalar işlədib. O, bir qadın ədib kimi sevgidən yazanda fikirlərini çox həssas və emosional şəkildə ifadə edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Nurəngiz Günü səmimiliyi ilə fərqlənən qələm sahibi kimi dəyərləndirdi. Qeyd etdi ki, daxilən azad bir şairə olan Nurəngiz Gün bütün əsərlərində, hətta ən kiçik şeirlərində belə sərbəstliyini, səmimiliyini qoruyub.
Daha sonra AYB-nin mətbuat katibi Xəyal Rza diqqətə çatdırdı ki, bu ilin iyununda keçirilmiş V Şairlər Gününün yekunu olaraq Nurəngiz Günün xatirəsinə həsr edilmiş "Bir bənd şeir” müsabiqəsinə start verilmişdi. Millət vəkili Jalə Əliyevanın seçimi ilə həmin şeirlər arasından qalib müəyyən olunub. Müsabiqənin qalibi, şairə-publisist Şəfiqə Şəfaya AYB adından diplom təqdim olundu.
Sonda Nurəngiz Günün qızı, Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycanda yaradıcı insanlara göstərilən diqqət və qayğıdan söz açdı. O, Nurəngiz Günü təkcə yaxşı ana kimi deyil, həm də ustadı, idealı kimi xarakterizə etdi. Tədbirin təşkilatçılarına, Nurəngiz Günü anan, onun yaxınlarının acılarını paylaşan bütün dostlara təşəkkürünü bildirdi.
AYB.az