Şair,esseist, tərcüməçi Səlim Babullaoğlunun adlı yeni kitabı çapdan çıxdı.
Səlim Babullaoğlunun verdiyi eksklüziv açıqlamada deyilir ki, Kitabı “Vektor” Beynəlxalq Elm Mərkəzi çap edib, naşiri professor Elçin İsgəndərzadədir.
“ Ənənəyə görə Mərkəzin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyta Mükafatını almış şəxslərin kitabları “Vektor” BEM tərəfindən nəşr edilir. 2014-cü ildə həmin mükafat mənə də verilmişdi və bu ilin yanvar ayında təqdim edilmişdi, indi isə kitab nəşr olunub.”
Kitabda müəllifin ayrı-ayrı vaxtlarda gördüyü, bir neçə il əvvəl “kulis.az” saytının sifarişi ilə yazaraq tək-tək çap etdirdiyi ədəbi yuxulardan ibarətdir. "Ədəbi yuxular”da "Brodski niyə əsəbi idi?”, "Xaqani ilə Nizami yenə bir yerdəydilər...”, "Nazim Hikmət şeirindən vaz keçdimi?”, "Şimborska ilə şəkil çəkdirə bilmədik...”, "Pamuk mənə hansı kitabları və niyə verdi?”, "Borxes sual gözləmədən danışır, Brodski isə susurdu...” adlı altı ədəbi yuxu toplanıb.
Kitabın redaktoru və ön sözün müəllifi Seyfəddin Hüseynlidir. Üz qabığında Əlirza Dərvişin əsərindən istifadə edilib.
Seyfəddin Hüseynlinin “ön söz yerinə” yazdığı “ “Ədəbi yuxular”ın aydınlığı” məqaləsi oxucularımız üçün maraqlı olacaq deyə təqdim edirik.
“Yuxunu danış, ya da yaz (göstərilməsi hələlik mümkün sayılmadığından!), kim olduğunu bilim”... O məşhur düstur əvvəldən bu şəkildə verilsəydi, daşıdığı həqiqət payı, təsir gücü heç də azalmaz, yəqin, qat-qat artmış olardı. Nədən ki, insan (ruhlu-qəlbli!) kimdirsə, necədirsə, şüurunda (altlı-üstlü!) nə varsa, dünyasında (zahirli-batinli!) nələr yaşanırsa, yaxud yaşanacaqsa, yuxuları da bununla səsləşən məzmun alır, buna uyğun rəng çalarlarına (rəngli yuxular da var!) boyanır. Hətta, sonradan danışılanda, yazılanda içərisinə – ya qeyri-ixtiyari, unutqanlıq üzündən, ya da bilərəkdən, çeşidli niyyətlərlə - yalan, riya qarışdırılsa belə (məhz həmin yalanın, riyanın mahiyyəti, məqsədi nəzərə alınmaqla!), yuxu onu görənin ruh halının, könül aləminin çox səhih xəbərçisidir. Yuxuda kimləri, nələri, harda, necə görməsi, əslində, insanın nə cür, hansı fikirlərlə yaşadığına, fizikidən də çox, ruhi anlamda nələrlə, kimlərlə həmməkan, həmmövqe olduğuna gah dolayı, gah da birbaşa işarədir...
Bu bir qədər tələskən psixoloji ümumiləşdirmələr burada ona görə vurğulanır ki, yuxuların fenomenal müstəsnalığı yaradıcılığın təbiəti, yaradıcı insanın (xüsusən, sözlə həşir-nəşir olan kimsənin!) psixologiyası baxımından ikiqat keçərlidir. Aydın məsələdir: gördüyü yuxuları dilə gətirən hər kimsə, bununla özünün həmin ana qədər təqdim etdiyi kimliyini, cızdığı portretini, bəlli mənalarda, riskə atmış olur. Nədən ki, lap ən qərəzsiz, ən güzəştli yozum da xeyli gözlənilməz, arzuolunmaz “nəticələr” verə bilər. Yaradıcı şəxs isə (bizim kontekstdə söhbət yazı adamından gedir, amma bu, rəssam, heykəltəraş, yaxud bir başqası da ola bilər!) yuxularını yazıya almaqla, çap etdirib yaymaqla, yəni inkarolunmaz fakta, ədəbi-tarixi sənədə çevirməklə həmin riski birəbeş artırır. Belə böyük riskə qol qoymaq ən azı özü boyda cəsarət, səmimiyyət istəyir. Bu iki kəlmənin önünə bir “ədəbi” təyini də qoymaq olardı bəlkə. Amma belə keyfiyyətlər üçün əlahiddə təyinat axtarmaq, istənilən halda, uğursuz cəhddir. Çünki adamda - hər bir ali insani keyfiyyət kimi - cəsarət də, səmimiyyət də ya olur, ya olmur: yarımçıqlıq, adda-buddalıq, “istisnaçılıq” burda işə keçmir.
Usta ədibimiz – şair, esseist və tərcüməçi Səlim Babullaoğlunun ayrı-ayrı vaxtlarda gördüyü (!), bir neçə il əvvəl yazıya alıb tək-tək çap etdirdiyi, indi isə toplu - kitab halında təqdim olunan “Ədəbi yuxular”ı ən yeni dövr ədəbiyyatımızda məhz belə istisnasız cəsarətin, tamam-kamal səmimiyyətin aydın təzahürüdür. “Aydın” epiteti buraya heç də xətir üçün, ya da gəlişigözəllikdən düşməyib...
...Borxes “idarəolunan”, yaxud “dərkedilən” yuxu kimi səciyyələndirir ədəbiyyatı, ədəbi yaradıcılığı. Bu yanaşma isə, öz növbəsində, “Lusid yuxu” istilahına bağlanır: “şüurlu”,”gerçəyəbənzər”, “ayıq - oyaq”, “canlı”, ən nəhayət, “aydın (!)” yuxu anlamına gəlir. Səlim Babullaoğlunun “Ədəbi yuxular”ı, sözün həm lüğəvi, həm istilahi, həm də məcazi mənasında, aydın yuxulardır. Yuxularını oxuduqca, ədəbiyyata – bədii söz sənətinə, bu sənətdəki (istər zaman, istərsə də məkanca yaxınlı-uzaqlı, sələfli-xələfli: Xaqani, Nizami, Borxes, Hikmət, Şimborska, Brodski, Pamuk, Qismət...) parlaq imzalara yuxularındakı o dürüst, həssas münasibətini, onlarla əlaqəli duyğu-düşüncələrini gördükcə (!), göz önündə Səlim Babullaoğlunun öz işıqlı, istedadlı şair siması, imanlı, təqvalı insan obrazı daha da canlanıb aydınlanır. Nə gizlini var (fitrətən məncil, xudbin, eqoistik!), o məqamda içdən-içdən bir həsəd də bürüyür adamı: “Görəndə də belə yuxular görəsən!..”
AYB.az