Yanvarın 28-də xalq şairi Vaqif Səmədoğlunun anım günü ilə bağlı I Fəxri Xiyabanda məzarı ziyarət olunub. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, tanınmış ziyalılar, qələm adamları, millət vəkilləri iştirak ediblər. Xalq yazıçısı Anar mərhum xalq şairi, dostu Vaqif Səmədoğlu haqda danışaraq, onun əvəzsiz şəxsiyyət olduğunu bildirib:

“Vaqifin xatirəsi həmişə qəlbimizdədir. Onun şeirləri daim yaddaşımızda, işığı həmişə hafizəmizdədir. Fevralın 2-də Səməd Vurğunun Ev Muzeyində Vaqifə həsr olunmuş xatirə gecəsi olacaq. Ayın 5-də isə Yazıçılar Birliyinin “Natəvan” klubunda “Kaspi” qəzetinin Vaqifə həsr olunmuş xüsusi nömrəsinin təqdimatı olacaq. Onun xatirəsini əbədiləşdirmək, yaddaşlara həkk eləmək biz söz adamlarının borcudur”.
 Millət vəkili, tənqidçi Nizami Cəfərov şairin şəxsi məziyyətlərindən  danışıb:
“Vaqifin ən üstün cəhətlərindən biri həyatı necə varsa o cür yaşamasıydı. Quru rəsmiyyət, bayağılıq onun xarakterinə yad idi. Səmimi və humanist insan idi. Təbii ki, Allah böyük istedad vermişdi, bu istedada da zəhməti, iradəsi ilə sahib çıxdı. Bu gün onun elə bir cümləsi, misrası yoxdur ki, mənası olmasın”.
Şair Ramiz Rövşən mərhumun sənətkarlığından söz açıb:
“Vaqif kimi şairlər üçün ölüm yoxdur. İstər bir il olsun, istər beş il, istər yüz il. Hər təzə oxucusu ilə Vaqif yenidən doğulacaq. O, bütün  zamanların şairidir”.
Xalq yazıçısı Çingiz Abdullayev Vaqif Səmədoğlunun ədəbiyyata bağlı bir insan olduğunu deyib: “Onun vəfatından bir il keçib. Vaqif sözün əsl mənasında gözəl insan idi. Vaqif Səmədoğlu da, qardaşı Yusif Səmədoğlu da xalq şairi Səməd Vurğunun layiqli davamçıları idilər. İki il bundan əvvəl ağır vəziyyətdə olanda ondan xahiş etdik ki, qurultaya gəlməsin. Buna baxmayaraq, gəldi, çıxış da elədi. Vaqif ədəbiyyata bu qədər bağlı insan idi”.

Ziyarətçilər şairin xatirəsini bir dəqiqəlik sükutla yad edib və məzarı üzərinə güllər qoyublar.

 

AYB.az

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə