“ATV Kitab” ın “Parlaq imzalar”la növbəti nəşri olan “Səsindən tanıdılar payızı” adlı klassik yapon şeiri antolgiyası  təqdim edildi.

 

AYB.az xəbər verir ki, fervalın 6-da  Azərbaycan Yazıçılar Birliyində baş tutan təqdimat mərasimində tanınmış şair və yazıçılar, tərcüməçilər, KİV nümayəndələri, eləcə də Yaponiyanın Bakıdakı səfirliyinin 1-ci katibi Qinqa Kobayaşi də iştrak ediblər.

Tədbiri giriş sözü ilə açan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “ATV Kitab” layihəsinin rəhbəri  Səlim Babullaoğlu qonaqları salamladıqdan sonra “ATV Kitab” layihəsi haqqında ətraflı məlumat verib, layihənin ATV kanalının ciddi, intellektual işimi kanalın portreti üçün vacib ştrix olduğunu söyləyib.  Sonra natiq yapon ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi və hazırkı nəşr haqqında məlumat verib. O deyib ki,  yapon ədəbiyyatı, bütövlükdə yapon mədəniyyəti azərbaycanlı üçün yeni və yad dünya deyil. O deyib ki, Akutaqava Rünoske Yasunari Kavabata , Yukio Mişima , Kobo Abe , Kenzaburo Oe  və Haruki Murakaminin əsərləri zaman-zaman Azərbaycan oxucusunun ürəyinə yol tapıb, əsərlər dilimizə tərcümə edilərək nəşr edilib.  Yaponiya haqqında “memuar və səfər qeydləri” janrında da görkəmli ədiblərimizin diqqətəlayiq əsərləri – Həsən Seyidbəylinin  "On beş gün Yaponiyada",  Novruz Nəcəfoğlunun “Eşitdiyim və gördüyüm Yaponiya  kitabları çap edilib. Yapon poeziyası da vaxtaşırı Azərbaycan oxucularının ixtiyarına buraxılıb,  1979-cu ildə  Xalq yazıçısı Elçinin tərcümə və tərtib etdiyi “Nərgizin bircə ləçəyi” toplusu,  2003-cü ildə isə Pərviz Məmmədovun tərcüməsi ilə ərsəyə gələn və nəfis şəkildə nəşr edilən “Yapon ədəbiyyatı: haykular” toplusu işıq üzü görüb. Səlim Babullaoğlu tərtibçisi və redaktoru olduğu hazırkı antologiyanın əvvəlki nəşrlərdən fərqi haqqında da məlumat verib : “ Əvvəla, istedadlı tərcüməçi və publisist Cəmşid Bəxtiyarın tərcüməsiylə təqdim olunan bu topluda yalnız haykular deyil, həmçinin böyük yapon şairi Saygyonun qələmindən çıxan tankalar da var ki, bu məziyyəti ilə toplu bir ilkdir, yenilikdir. Sizə təklif etdiyimiz toplunun digər bir məziyyəti əsərləri təqdim edilən böyük yapon şairlərinin – Saygyo, Başo, Buson və İssa haqqında, habelə tanka və hayku barədə ümumyapon poeziyası kontekstində müfəssəl məqalələrin də olmasındadır...”

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək layihəni və “Səsindən tanıdılar payızı” antologiyasını yüksək qiymətləndirdi. Xalq yazıçısı yapon kinematoqrafı və nəsrinin dünyadakı özünəməxsusluğundan, yapon hayku və tankalarının isə dünya xalqları poeziyası kontekstində təkrarsızlığından danışaraq Azərbaycan xalq şeiri ilə yapon klassik poeziyası arasında paralellər apardı.

Yaponiyanın Bakıdakı səfirliyinin 1-ci katibi Qinqa Kobayaşi təqdimata gələnləri Azərbaycan dilində salamlayaraq zalın dolu olmasını yapon şeirinə olan sevginin təzahürü kimi qiymətləndirdiyini söyləyəndən sonra nəşrdə zəhməti keçən bütün insanlara təşəkkür etdı. Kitabın  Yaponiya-Azərbaycan mədəni əlaqələrinə dəyərli olduğunu söylədi.

Daha sonra antologiyanın tərcüməçisi Cəmşid Bəxtiyar, “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq, tanınmış ədəbiyyatşünaslar, alimlər, şair və tərcüməçilər- Məsiağa Məhəmmədi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, Cavanşir Yusifli, Kamran Nəzirli, Fərid Hüseyn və Qismət Rüstəmov maraqlı çıxışlar elədilər, yapon şeirinin məziyyətləri haqqında danışdılar. Qeyd olundu ki, kitab üzərində iş zamanı yaradıcı qrup Yaponiyanın Azərbaycandakı səfirliyi ilə də əməkdaşlıq ediblər. Kitabın məsləhətçisi Aydın Tağıyevdir, bədii və texniki tərtibat isə İsmayıl Süleymanlıya məxsusdur.

"ATV Kitab" layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli,  İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri),  Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı, Əliş Mirzalı və Bəxtiyar Əlirzayev də daxildir.  Bədii Tərcümə Mərkəzi və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə hazırlanan kitaba və seriyaya informasiya dəstəyi www.news.atv.az tərəfindən verilir. Çıxışlar arasında antologiyaya daxil edilmiş şeirlər də oxundu.

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə