Martın 3-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçiliği ilə Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmiş “Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə keçirilib.

 

Nazirlikdən 525.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə, Xalq şairi Zəlimxan Yaqubun kitablarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şairin yaradıcılığından söhbət açıb.

Bildirib ki, Zəlimxan Yaqub öz yaradıcılığı ilə Azərbaycan dilinin və bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb.

Şair xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olub. O, ilk qələm təcrübəsindən ömrünün sonunadək nə yazıbsa xalq tərəfindən bəyənilib. Onun poeziyası insanlara yaşamaq eşqi, dünyaya, həyata sevgi bəxş edib. Hər zaman xalqının yanında olmağı bacaran şairə olan millət sevgisi də tükənməz olub. Məhz bu sevginin göstəricisidir ki, ədib müstəqil Azərbaycanın bir çox fəxri adlarına layiq görülüb, iki çağırış Milli Məclisin deputatı seçilib.

Vurğulanıb ki, güclü hafizəyə, qaynar təbə malik Zəlimxan Yaqub ədəbiyyata gəlişi ilə sənətsevərlərin diqqətini cəlb etmiş, ötən əsrin 70-80-ci illərindən başlayaraq son nəfəsinə qədər Vətənin, el ədəbiyyatının və aşıq sənətinin təbliğatçısına çevrilib. Zəlimxan Yaqub ilk növbədə sevilən şair olub. Onun qələmindən çıxan şeirlər, poemalar bədii qüdrəti ilə Azərbaycan və dünya oxucusunun qəlbini həyəcana gətirərək dillərdə dolaşır. Xalqın ruhu, folkloru, dövlətçilik ənənəsi, Vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam hissi şairin yaradıcılığının əsas mövzusunu təşkil edir.

Nazir qeyd edib ki, Zəlimxan Yaqub, eyni zamanda türk dünyasının böyük şairidir və türk dünyasının hər yerində sevilir. O, bir çox xarici ölkələrdə keçirilən ədəbi məclislərdə Azərbaycan ədəbiyyatını ləyaqətlə təbliğ edirdi. Z.Yaqubun Azərbaycan Aşıqlar Birliyinin sədri kimi aşıq sənətinin inkişafında da çox böyük töhfələri olub.

Diqqətə çatdırılıb ki, o, Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemasında mərhum prezidentin böyük xidmətlərini özünün yaradıcılıq məharəti, ürəyinin istisi ilə vəsf etmişdi.

Bildirilib ki, “Gəlmişəm, qoynunda sığınacaq ver”, - deyən Xalq Şairinin “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram”, “Ziyarətin qəbul olsun”, “Od aldığım ocaqlar”, “Mən sənin qəlbinə necə yol tapım”, “Mən bir dağ çayıyam”, “Əbədiyyət dastanı”, “Peyğəmbər” kimi əllidən çox şeir kitabı ona elə böyük oxucu sevgisi qazandirib ki, hələ uzun illər xatirələrdən silinməyəcək, sözü, sənəti ilə daim yaşayacaq.

Gecədə ədibin sağlığında çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib, qiraət ustaları şairin şeirlərindən və poemalarından parçalar söyləyiblər. Aşıqların, incəsənət ustalarının ifasında şairin sözləri və sözlərinə yazılmış mahnılar səsləndirilib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə