Hər halda buna da şükür. İlk öncə səni İlayda adlı nəvən olması münasibətiylə təbrik edirəm. Unudulmaz dostum Qabilin sözləriylə desəm «Bəxti gözəl olsun».
Yazılarım haqqında, Yazıçılar Birliyində, Parlamentdə gördüyüm az-çox işlər haqqında xoş sözlərinə görə, sənə minnətdaram. Amma bununla belə yazdığın bəzi məqamlarla razılaşmıram, bəzi məsələlərə isə aydınlıq gətirmək istəyirəm. Atana istinad edərək yazırsan ki, guya Qabil deyib: «Rəsul müəllimin məndən acığı gəlsə də (şəxsi yox, sərbəst və heca vəznində yazanların davası baxımından) yüksək tribunadan mənim üç şeirimi poetik kəşf adlandırıb» və bu sözlərə əlavə edirsən: «Heyf ki, adları mənim yadımda deyil».
Adlarını mən deyim, sən də yadında saxla: «Küləkli havalarda, yağışlı havalarda», «Məhəbbət deyil», «Tramvay parka gedir». Doğrudan da bu şeirləri Rəsul Rza çox bəyənirdi və hər hansı Azərbaycan şeir antologiyasına düşməyə layiq bilirdi. Mən də bu şeirləri çox sevirəm, tərtib etdiyim «Min beş ilin oğuz şeiri» antologiyasına Qabilin başqa şeirləriylə bir sırada bu şeirləri də daxil etmişəm. Rəsul Rzanın şəxsiyyət kimi də, heca və əruz vəznlərində yazan şair kimi də Qabildən xoşu gəlməməsi düz deyil. İntəhası Qabil «Azərbaycan» jurnalında işləyərkən sərbəst vəzndə yazan gənc şairlərə müəyyən dərəcədə ogey münasibət bəsləməsindən razı deyildi və Fikrət Qocaya qarşı yazdığı məqaləsini ədəb və ədəbi etika çərçivəsində tənqiq etmişdi. Mənim Qabillə son dərəcə isti və mehriban münasibətlərimiz yəqin sənə məlumdur. Onun bir kitabına Ön söz və ümimiyyələ müxtəlif illərdə haqqında dörd məqalə yazmışam. Onlardan birinin adı hamsı üçün səciyyəvidir: «Qabili çox sevirəm».
Özünü «ədəbiyyatın partizanı» adlandırıb arada-sırada Yazıçılar Birliyi barədə «solaxay» fikirlər söyləsən belə sənə də Qabilin oğlu kimi hörmətim var. Amma məhz Qabilin oğlu olduğun üçün gərək, məsələn Mirzə İbrahimovun əsərləri haqqında «ürək bulandıran» ifadəsini özünə rəva bilməyəydin. Bu ifadəni dolayısıyla işlətsən də, 60-cılarla bağlasan da bu sözləri sənin və mənim bu gün yazdığımız dilin qorunub saxlanmasında böyük xidmətləri olan Mirzə İbrahimova aid etmək (müəyyən əsərlərini bəyənməsək belə) çox böyük ədalətsizlikdir... Eləcə də 60-cıları bəhanə edərək «Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, siz sovet şairlərisiniz. Kimə lazımdır axı sizin yazdıqlarınız?» cümləsini bir an təsəvvür elə ki eynən Qabilə şamil edəydilər, buna necə münasibət bəsləyərdin? Yazırsan ki, «atam həmişə Anarı mənə nümunə çəkirdi. Yazdığı «Sizsiz» əsərinə görə».
Çox məmnunam ki, atanın bu sözlərinə riayət edirsən, xatirəsini daima əzizi tutursan. Bu hər bir övladın vicdan borcudur, amma vicdanımız qarşısında daha bir borcumuz odur ki, ən xoş niyyətlə belə olmayanı yazmayaq... 1987-ci ildə, iyunun 18-də Yazıçılar Birliyinin Plenumunda mənim bu təşkilatın rəhbəri seçilməyim bardə yazırsan ki, namizədliyimi Qabul verib. Bu düz deyil. Mənim namizədliyimi ilk olaraq Əkrəm Əylisli təklif etdi, sonra İsi Məlikzadə, İsa İsmayılzadə, Tofiq Bayram dəstəklədi və sonda İsmayıl Şıxlı özü də bu çıxışçılarla həmrəyliyini bildirdi. Qabil o Plenumda çıxış etməyib. Plenumun stenoqrammı durur. Bu həqiqətdir. Amma o da həqiqətdir ki, işlədiyim bütün müddətdə Qabilin dost münasibətini də, mənəvi dəstəyini də duyurdum və mən də bu xoş davranışa qarşılıq olaraq ona layiqi olduğu hörməti göstərirdim. Mənim təklifimlə Qabil Ağsaqqallar şurasının və Sabir poezia günlərinin rəhbəri seçilmişdi, onu Xalq şairi adına təqdim etmişdik. Mənə həsr etdiyi şeri də minnətdarlıq hissiylə xatırlayram. Yazında razılaşmadığım bir məqamı da qeyd etmək istəyirəm: Bizim nəsil haqqında yazırsan ki, onlar özlərinə xüsusi ad – 60-cılar adı qoydular, Bu düz deyil. Bu ifadə yalnız Azərbaycan ədəbiyyatşünaslığında deyil, bütün ovaxtkı sovet məkanında, o cümlədən rus mətbuatında da bu nəslə aid termin kimi işlənirdi və indi də işlənir. Azərbaycanda bu nəslin guya «arxalı» olduğu haqqında fikrin də yanlışdır. Özəlliklə mənim haqqımda bunu dönə-dönə təkrar edirsən. Sən o vaxtı xatırlaya bilməzsən, amma o dövrün mətbuatına baxsan görərsən ki, ilk çap olunan «Keçən ilin son gecəsi» adlı hekayəm , «Ağ liman» adlı ilk povestimdən tutmuş, «Qobustan» toplusunun redaktoru kimi fəaliyyətimə qədər «Kommunist», «Azərbaycan gəncləri» qəzetlərində, «Azərbaycan kommunsti», hətta «Kirpi» jurnalında necə amansız tənqidlərə məruz qalmışam. Eləcə də «arxalı» Vaqif Səmədoğlunun şeirləri… O vaxt artıq Moskva mətbuatında ən çox çap olunan Azərbaycan yazıçılarından idim (güman edirəm ki, bunu «arxam» olduğu üçün zənn etmirsən), Bakıda, Moskvada, xarici ölkələrdə kitablarım çıxmışdı, pyeslərim oynanırdı, filmlərim çəkilirdi, amma nəinki SSRİ yazıçılar İttitfaqının, heç Azərbaycan Yaşıçılar İttifaqının da 40-dan çox üzvü olan İdarə heyətinə düşmürdüm. Atamın ölümünə qədər bir dəfə də olsun nə respublikanın, nə də SSRİ-nin yaşıçılar qurultaylarına nümayəndə seçilmişdim. Budur mənim «arxalı» olmağımın göstəriciləri. «Arxalılar» sırasında Müslüm Maqomayevin, Emin Sabitoğlunun, Yusif Səmədoğlunun da adlarını çəkirsən, nədir Müslümə babası Müslüm Maqomayev o gözəl səsi miras qoyub? Sabit Rəhmanın oğlu olmasaydı Eminin bəstəkarlıq istedadı, Səməd Vurğunun oğlu olmasaydı Yüsifin yazıçılıq istedadı parlamazdı? Sən də məşhur şairin oğlusan Mahir, sənin də hər hansı uğurunu atanın adıyla bağlasalar bu ədalətli iş olarmı?
Məndən hər hansı səbəbdənsə (ya əksər hallrada heç bir səbəbi olmadan) narazı qalanların daima çeynəyib tökdükləri iftiraların sənin yazında da yer almasını istəməzdim. Bilənlər bilir, bilmək istəməyənlər bilməsin, mən Bakıda da, Moskvada da deputat olduğum zaman xalqımızın ən ağrılı problemləriylə bağlı dəfələrlə çıxışlar etmişəm, Qorbaçovla şəxsi görüşdə onunla mübahisələrim olub, yalnız bir dəfə çıxışa yazılmadığım üçün Qorbaçovun mənə söz verməməsi indiyəcən bədxahlarımın ən sevimli mövzularındandır. Özü də mənim heç vaxt demədiyim, adımdan uydurduqları sözləri sən də təkrar edirsən. Guya mən «o tərbiyənin yiyəsi deyiləm axı, ailə tərbiyəsi görmüşəm» demişəm, Ailə tərbiyəsi gördüym doğrudur, amma başdan ayağa uydurma olan o sözləri mən heç vaxt dilimə gətirməmişəm. Onu demişəm ki, Qorbaçov o gün çıxışa yazılmadığımçün mənə söz vermədi, amma səhərisi gün Rəyasət heyətində onunla yanaşı oturan Püstə xanım Əzizbəyovanın vasitəsiylə: «Mən sizin yazıçını tanımamışam, söz vermədiyimçün üzr istəyirəm» sözlərini çatdırmışdı, Ölkə başçısının bu üzrxahlığı mətbuatda da əks olunub, amma bunu görməməzliyə vururlar, çünki məqsəd ayrıdır.Yeri gəlmişkən Vəzirovdan da mənim heç bir şəxsi xahişim olmayıb, ictimai-siyasi promlemlərlə, həbs olunanların azadlığa buraxılmasıyla bağlı müraciətərim olub, amma hər dəfə bunları aləmə car çəkməliydimmi ki, əleyhdarlarım hər şeyi öz arşınlarıyla ölçməsinlər… Bir dəfə Qabilin Şəhidlər Xiyabanında Ulu Öndərə yanaşmasıının necə tərs yozulması yəqin yadındadır.
Dönə-dönə «Anar yazıçı deyil» yazırsan. Yəqin bu da bir növ məzələnmədir, amma məncə bu sayaq məzələnmə nə sənin, nə mənim yaşıma yaraşır. Bu sözləri israrla təkrar edib gözlənilmədən belə nəticəyə gəlirsən: «Anar yazıçı deyil. Amma Anar KLASSİK yazıçıdır». Əgər bu sözlərin də zarafat deyil, səmimi etirafdırsa, çox sağ ol, amma mən özümü canlı klassik saymaqdan çox uzağam. Eyni zamanda yenə də sənin zənn etdiyin kimi nə yazıçıılığımı ictimai xadimliyə ya Yazıçılar Birliyi sədrliyinə qurban vermişəm, nə də sənin sözlərinlə «özümü yazıçı kimi öz əlimlə silmişəm». Düşüdünyün kimi Kəbirlinski də deyiləm, ömrüm boyu Kəbirlinskini dolamağa çalışan Məcidlərə (o da həmin povestin personajıdır) rast gəlsəm də.
İstərdim ki, vaxt tapıb mənim elə XX1 əsrdə yazdığım povestərlə, hekayələrlə, esselərlə, ssenarilərlə, Bakıda, Moskvada, Türkiyədə və son illər ona qədər başqa ölkədə nəşr olunmuş qalın-qalın kitablarımla tanış olasan, işdi buna macalın yoxdursa, heç olmasa ən son illərdə yazdığım əsərlər haqqında Bakı, Moskva, Türkiyə mətbuatnda çıxan məqalalərə, son dövr yaradıcılığıma həsr olunmuş ayrı-ayrı kitablara baxasan. O zaman mənim yazıçı kimi sönüb sıradan çıxmağım sarıdan nigarançılığın qalmaz.
Əsərlərim haqqında dediyin xoş sözlərçünsə, bir daha təşəkkür. Sənə ədəbi partizanlıq fəaliyətində ədalətli, insaflı, obyektiv olmanı arzulayıram. Onda doğrudan da daşıdığın ata adına layiq olarsan.
Hörmətlə
Anar
9 mart 2016