Aprelin 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda professor Tofiq Məliklinin aybKitab layihəsi əsasında çap olunmuş “Dahinin tənhalığı: Fazil Hüsnü Dağlarca” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq kitab barədə danışıb: “Bir müddət əvvəl görkəmli alimimiz, türkoloq Tofiq Məliklinin rus dilində kitabının təqdimatı keçirildi. Bu gün isə Azərbaycan dilinə tərcümə olunmuş həmin kitabın imza gününə yığışmışıq”.
Yazıçı-dramaturq Aqşin Babayev müəllifin ədəbiyyatımız və elmimiz üçün dəyərli bir alim olduğunu vurğulayıb: “Mən onun ədəbi fəaliyyəti və çap olunmuş kitabları həmişə fəxr etmişəm. Tofiq Məlikli uzun illər Moskvada yaşayıb və orada Moskva Linqvistika Universitetinin professoru olub. Bu illər ərzində Türkiyə ilə də sıx əlaqələr yaradıb. Nazim Hikmətin “Romantika” əsərini dilimizə o tərcümə edib. Tofiq Məlikli çox yüksək bir ada – əməkdar elm xadimi adına layiq görülüb. O, həm tərcümələrinə, həm elmi fəaliyyətinə görə bu ada layiqdir”.
Tədbirdə professorlar Rüfət Rüstəmov, İmamverdi Həmidov, Vaqif Sultanlı, şair Oqtay Rza, İqtisad elmləri namizədi Namiq Murad, Yunus Əmrə İnstitunun müdiri İbrahim Yıldırım, tərcüməçi Arifə Əliyeva və başqaları çıxış edərək Tofiq Məliklinin yaradıcılığından və təqdimatı keçirilən kitabdan söz açıblar. Sonda müəllifin imzalı kitabları oxuculara təqdim edilib.
AYB.az
Müşfiq ŞÜKÜRLÜ